Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-833/2025 24.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli (**********68) çıxarışın ləğv edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə DTXK Şəmkir rayon şöbəsi tərəfindən JN 1875A nömrəli, 50413005 kodlu 0.10 ha həyətyanı torpaq sahəsi TMVD şəhadətnamə əsasında ona verilmişdir. Cavabdeh böyük oğlu X1 arvadıdır. xx.xx.2016-ci il tarixdən Cavid keçmiş arvadı Cavabdeh ilə qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşamağa başladılar. 2021-ci ilin avqust ayında Nigar Cavid ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadığı dövrdə Nigar ona itmiş olan şəxsiyyət vəsiqəsinin əvəzinə yeni vəsiqə alıb, Rusiya Federasiyasında yaşayan atası X3 yanına gedib, işləməyini təklif etdi. O, Nigarın təklifi ilə razılaşdıqdan sonra Nigar ilə birlikdə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Gəncə şəhərində yerləşən Gəncə Asan xidmət mərkəzinə getmişdir. O, Gəncə Asan xidmət mərkəzinə yeni şəxsiyyət vəsiqəsi aldıqdan bir neçə gün sonra Nigar onu yenidən xx.xx.2006-cı il tarixdə DTXK Şəmkir rayon şöbəsi tərəfindən TMVD şəhadətnamə əsasında ona verilmiş JN 1875A nömrəli, 50413005 kodlu 0.10 ha həyətyanı torpaq sahəsinə aid sənədləridə birgə yaşadıqları evdən onun xəbəri olmadan götürüb, anası X8 ilə birlikdə Gəncə Asan xidmət mərkəzinə apardı. xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində yerləşən Gəncə Asan xidmət mərkəzində notariusda olan zaman Nigar onun savadsız olmağından istifadə edib, onu aldadaraq alqı-satqı müqaviləsi əsasında xx.xx.2006-cı il tarixdə DTXK Şəmkir rayon şöbəsi tərəfindən TMVD şəhadətnamə əsasında ona verilmiş JN 1875A nömrəli, 50413005 kodlu 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş yarım tikilini öz adına keçirmişdir. O həmin vaxtdan sonra Nigarın Rusiya Federasiyasında yaşayan atası X3 yanına gedib, orada işləməyə başladı. Nigarın Rusiya Federasiyasında yaşayan atası X3 yanında işləyən zaman Zakir ona əmək haqqı vermədi. Təxminən 1 il bundan əvvəl Nigar Caviddən ayrılıb, azyaşlı övladları ilə birlikdə atası evinə getdi. 2024-cü ilin noyabr ayında arvadı X4 xx.xx.2006-cı il tarixdə DTXK Şəmkir rayon şöbəsi tərəfindən TMVD şəhadətnamə əsasında ona verilmiş JN 1875A nömrəli, 50413005 kodlu 0.10 ha həyətyanı torpaq sahəsində əkmiş olduqları xurma ağaclarından meyvə yığmaq istəyən zaman Nigar Rəqibəyə həmin torpaq sahəsini ondan almasını deyib, Rəqibədən həmin torpaq sahəsindən çıxmasını istəmişdir. O həmin vaxtdan sonra Nigarın onu aldadaraq alqı-satqı müqaviləsinə qol çəkdirməsini bildiyi üçün Şəmkir RPŞ-nə bu barədə müraciət etmişdir. Şəmkir rayon polis şöbəsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək mülki mühakimə ictaatı qaydasında məhkəməyə müraciət etməli olduğunu bildirdi. Həmçinin qeyd etmək istəyir ki, xx.xx.2021-ci il tarixdə keçmiş gəlini Cavabdeh ilə arasında formal şəkildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Nigar ona nə alqısatqı zamanı, nə dəki başqa vaxt hər hansı bir məbləğdə pul verməmişdir. Cavabdeh onu aldadıbdır və ona görə o məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində yerləşən notariat ofisinin notariusu alqı-satqı müqaviləsini təsdiq etməmişdən əvvəl əqdin məzmunun tərəflərin həqiqi niyyətlərinə uyğun olub-olmamasını araşdırmalı və bundan sonra həmin əqdi təsdiqlənməlidir. Buna baxmayaraq həmin notarius araşdırma aparmamış, bu isə Azərbaycan Respublikasının Notariat Haqqında Qanununa zidd hərkətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərdi ki, cavabdeh iddiaçının keçmiş gəlini olmuşdur. İddiaçın oğlu ilə cavabdeh arasında olan nikahdan 1 nəfər uşaqları doğulmuşdur. İddiaçı və yoldaşı mübahisəli fərdi yaşayış evinə getmişlər və orada olan xurma ağaclarından xurma yığan zaman cavabdeh onlara irad bildirmişdir ki, ev onundur və onlar hansı əsasla ona məxsus olan evdən xurma yıqdıqlarını soruşmuşdur. Sonra cavabdeh onlara fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə alqı-satqısına dair sənədi göstərmişdir. Həmin günədək iddiaçı bu haqda heç bir şey bilməmişdir. Bu hadisə bu il olmuşdur. Qeyd olunan müqavilə qərəzli şəkildə 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində bağlanılmışdır. Belə ki, iddiaçı qeyd olunan müqavilənin bağlanılmasını istəsə idi həmin müqavilə Şəmkir Rayon 1 saylı Notariat Kontorunda bağlanılmışdır. İddiaçının savadı olmadığından nə müqaviləsi olduğunu bilməmişdir. İddiaçıya şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənədlərin imzalanmasını bildirmişlərdir. İddiaçıda inanaraq sənədlərə imza çəkmişdir, lakin alqı-satqı müqaviləsi bağladığını bilməmişdir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi isə cavabdehin iddiaçını atasının yanına işləmək üçün göndərməsi olmuşdur. İddiaçı orada 8 ay işləmiş, lakin ona heç bir əmək haqqı verilməmişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə etmişdir. İddiaçı bu məsələ ilə bağlı cavabdehin barəsində polisə müraciət etmiş, lakin araşdırma aparılmış cinayət işinin başlanılması rədd edilmişdir. Alqı satqı edilərkən depozitə həmin pul qoyulmamış, cavabdeh özü də polis şöbəsində araşdırma aparılarkən bildirmişdir ki, pulu depozitə qoymamışdır. Halbuki alqı -satqı həyata keçirələrkın mütləqdir ki, pul depozitə qoyulsun. Həmçinin İddiaçı gəlini Nigar tərəfindən aldadılıb, həqiqi niyyəti müqavilə bağlamaq torpağını satmaq olmamışdır, Nigar və onun anası notariusda Alimi aldadaraq sənədlərə qol çəkdirmişlər. Odur ki, müqavilə qanunvericiliyin müddəalarına uyğun olaraq bağlanmadığına görə,etibarsız hesab edilməli, müqavilə əsasında verilmiş ləğv edilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, torpaq sahəsinin alqı-satqısından qabağ Nigarın əri zəncirvari avtoqəza keçirmiş və bir neçə nəfərə zərər vurmuşdur. Bununla bağlıda onlar iki torpaq sahəsi satmışlardır. Digər torpaq sahə 21 sot olmuşdur. Həmçinin onlar sələmə pul götürmüşlərdir. Maddi imkanları olmadığı üçün iddiaçı tərəf borclarını ödəyəməmiş və mübahisə olunan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu zaman cavabdehin anası həmin torpaq sahəsini 5000 manat qarşılığında Nigara satılmasını təklif etmişdir. Həmin pulu iddiaçıya Nigarın anası nağd şəkildə vermişdir. Torpaq sahəsi ünvan 2ində yerləşir. Sonra tərəflər notariusa getmişlər. Tərəflər arasında olan müqavilə 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində bağlanılma səbəbi oranın daha yüsksək xidmət səviyyəsinin olması və məsafə baxımdan tərəflərə daha yaxın olmasıdır. Cavabdeh Şəmkir rayonun Gəncə şəhərinə yaxın olan hissəsində yaşayır, Tovuz Asan xidmət isə onlara çox uzaq düşür. İddiaçıya qeyd olunan məbləği cavabdeh nağd şəkildə verilmişdir. Aldıqdan sonra cavabdeh valideyinlərinin köməyi ilə həmin evdə tikinti işləri aparmışdır. Həmin torpaq sahəsində xurma ağacları vardır. 2023-cü ildə iddiaçının oğlu ilə cavabdeh arasında mübahisə olmuş və onlar ayrılmışdılar. Cavabdeh cehizlərini onlara məxsus evdən çıxarmışdır. Sonra isə 2024-cü ildə iddiaçı cavabdehə qarşı qeyd olunan tələbi irəli sürmüşdür. İddiaçı özü cavabdeh ilə birgə Asan Xidmətdə fəaliyyət göstərən notariat orqanına yaxınlaşmış, İddiaçı savadsız olduğunu bildirsə də müqavilədə heç bir hərf səhfi olmadan özü qeyd yazmış və imzalamışdır. Belə ki, alqı-satqı müqaviləsi bağlandığı zaman tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, nəticələri barədə xəbərdarlıq edilmiş və sonra onlar müqaviləni imzalayaraq öz xəttləri ilə “tanış oldum” qeydi yazmışlardır. Bundan əlavə Asan Xidmət Mərkəzlərində hər hansı vətəndaşın bu formada aldadılması, müqavilənin mahiyyəti izah edilmədən imzalanması qeyri-mümkündür. Həmin vaxt notariusda tərəflərdən alqı satqıya dair ödənişin depozitə qoyulması tələbi edilməmiş, odur ki, onlar ödənişi əlbəəl etmişlər və bu barədə qeyd mqavilənin özündə vardır.Həmçinin qeyd edir ki, iddiaçının oğlu ilə cavabdeh arasında rəsmi nikah olmamış, lakin atalığı etiraf etmişdir. Həmçinin uşağın saxlanılması üçün aliment təyin edilmişdir. Mübahisəli evdə tikinti işləri aparıldığından cavabdeh valideyinlərinin yanında qalır.Əvvəllər tərəflərin münasibətləri yaxşı olmuş, sonradan İddiaçı oğlu Cavabdeh boşanmasına görə münasibətlərin pisləşməsi səbəbindən İddiaçı bu əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Alqı satqı müqaviləsi bağlanılarkən qanunun heç bir tələbi pozulmadığına görə, müqavilə etibarlıdır. Odur ki, iddia əsasız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh onun qızıdır. O, 2023-cü ildə iddiaçıya məxsus evdən qızının cehizlərini çıxaran zaman Alim və arvadı ona demişlərdir ki, belə olan halda onlarda onların əlindən satdıqları torpaq sahəsini alacaqlar və onun verdiyi pul batacaqdır. Sonra noyabr ayında xurma baha qiymətə satıldığından qızı həmin torpaq sahəsinə xurmanı yıqmaqa getmişdir. Qızı oraya gədən zaman Alimin, arvadının və qızının orada xurma yıqdıqlarını görmüşdür. Onlar isə Nigarı, uşaqları və ustaları ordan qovaraq xurmanı özlərinin yıqacaqlarını və həmin pulu vəkilə verərək torpaq sahəsinin onun əlindən alacaqlarını bildirmişlərdir. Sonra onlara çağırışla bağlı məktub gəlmişdir. O polisə getmiş və orada izahat verən zaman pulu iddiaçının arvadına özü verdiyini demişdir. Polis ona inandığını bildirmiş və rəisinin qəbuluna getmişdir. Rəisin otağından çıxandan sonra polis onun izahatı cırmış və qanunsuz iş gördükləri üçün onlara iş düşdüyünü demişdir. Belə ki, alqı-satqı ilə bağlı pulu banka qoymalı olduqları halda bunu etmədikləri üçün cinayət törətdikləri bildirilmişdir. Lakin o pulu Alimin evində arvadının razılığı ilə özünə verdiyini demişdir. Ona pulu banka qoymadığı üçün məsuliyyət daşıdığını, əyər göstərilən sənədləri imzalamasa məsuliyyətə cəlb olunacağını bildirmişdir. Odur ki, o araşdırma zamanı məcbur olub 5000 manat pulu depozitə qoyduğunu lakin, sonradan depozitdən çıxarıb Alimə vermədiyini bildirmişdir. Lakin o Alimə torpağın əvəzi olaraq 5000 manat pulu əlbəəl vermişdir, bu barədə Alim notarisuda ərizədə yazmışdır. Sonradan iddiaçı söz vermişdir ki, həmin torpaq sahəsində Nigargilə ev tikəcəkdir, lakin iddiaçının oğlu, yəni Nigarın əri zəncirvari avtoqəza keçirmiş və iddiaçı pulu zərərçəkmişlərin zərərini ödəmək üçün vermişdir. O isə iddiaçıya irad bildirmişdir ki, niyə söz verdiyi kimi tikinti işlərini başlatmamışdır. İddiaçı ona sələm götürdüyünü və borcu olduğuna görə mübahisəli torpaq sahəsini Nigara satdığını bildirmişdir.Həmin illərdə Nigarın əri başqa qadınla yaşamaqa başlamış, iddiaçı tərəf isə qızını yola verməmiş, qızı məcbur olub Alimgilin evini tərk etmişdir, bundan sonrada Alim özü qızına qarşı qərəzli olaraq bu iddianı qaldırılmışdır. Xahiş edir ki, iddia əsassız olduğundan rədd edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o ünvan 1ində yaşayır. O, Alimin arvadıdır. Torpaq sahisinin satılması ilə bağlı onun da icazəsi tələb olunduğu halda ona heç nə deməmişlər. Həmçinin alqı-satqı ilə bağlı onlara 5000 manat verməmişlərdir. Onlar həmin evin həyətində xurma yıqdıqları zaman cavabdeh gəlmiş və onlarla mübahisə edərək hansı haqla evə girdiklərini demişdir. Hadisə 2024-cü ilin payız vaxtında olmuşdur. O həmin vaxtı bilmişdir ki, alqı-satqı müqaviləsi bağlanılmışdır. O, əvvəlki illərdə də xurma yığmış, lakin keçən il cavabdeh onu qovmuşdur evdən. Cavabdeh 3-5 il olar ayrılıb getmişdir. Onun əri onkoloji xəstədir. Savadı yoxdur. Cavabdeh ona evinin onun olduğunu demiş, lakin heç bir sənəd göstərməmişdir. Gəlini Nigar və anası Alimi şəxsiyyət vəsiqəsinin və ya pasportunun dəyişdirilməsi adı ilə aparmış, lakin alqı-satqı müqaviləsini imzalatmışdır. Notariusa Alim ilə birlikdə cavabdeh və anası getmişdir. Cavabdeh və anası Alimi Asan Xidmətə xarici passport düzəltdirib atasının yanına işləməyə göndərmək üçün aparmışdır. Digər 21 sot torpaq sahəsini 10000 manata satmışlardır. Mübahisəli torpaq sahəsində ağac əkmişlər, su çəkmişlər və yarım tikili tikmişlərdir. Həmin evi oğluna tikmişlərdir. Oğlu hazırda Rusiya Federasiyasındadır. Ərinə xarici pasport 10 gündən sonra verilmişdir. Xarici pasport verildikdən sonra əri Rusiya Federasiyasına getmiş və cavabdehin atasının yanında 8 ay işləmiş, lakin ona heç bir əmək haqqı verilməmişdir. Oğlu qəza törətdiyi zaman isə zərəri sığorta ödəmişdir.Alim ona torpaq sahəsini Nigara satması barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ünvan 2ində yaşayır. Alim onun əmisidir. O kömək üçün Alimgillə qeyd olunan evə xurma yıqmaqa getmişdir. Alim onkoloji xəstədir. Onlar cavabdeh ora gəlib dedikdən sonra məsələni bilmişlərdir. Torpaq sahəsi əmisi Alimin adına olmuşdur. Əmisi savadsız olduğundan imzaladığı sənədin nə olduğunu bilməmişdir. Əmisigil həmin torpaq sahəsində əkin əkmişdir. Orada xurma və nar ağaclarıda var. Onlar o yeri əkib-becərirlər və məhsulunu satırlar. Həmin torpaq sahəsində ev Cavid üçün tikilirdi. Üçüncü şəxslər 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində yerləşən Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı xx.xx.2006-cı il tarixdə DTXK Şəmkir rayon şöbəsi tərəfindən JN 1875A nömrəli, 50413005 kodlu TMVD şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini 5000 (beş min) manat qarşılığında alıcı Cavabdeh satılmışdır. Tərəflər arasında hesablaşma qaydası nəğd şəkildə aparılmışdır. Alqı-satqı müqaviləsi bağlandığı zaman tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, nəticələri barədə xəbərdarlıq edilmiş və sonra onlar müqaviləni imzalayaraq “tanış oldum” qeydi yazmışlardır. Gəncə Asan Xidməti Mərkəzinin Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən təsdiq edilmiş və notariat işində saxlanılan 27 avqust 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı notariat ofisinin notariusuna ərizə verərək bildirmişdir ki, özünə məxsus olan ünvan 1i ünvanında yerləşən mülkiyyətdə olan 0,10 ha torpaq sahəsini 5000 ( beş min) manata Cavabdeh satır, alqı satqı məbləği həqiqi niyyətinə uyğundur, əgər gələcəkdə göstərdiyi alqı-satqı məbləği ilə bağlı həqiqi niyyətinin gizlədilməsi aşkar olunarsa və bu hal məhkəmə mübahisələrinə səbəb olarsa məsuliyyəti bütünlüklə öz üzərinə götürür və qanun qarşısında cavab verəcəyini qeyd etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı keçmiş gəlini Cavabdeh ilə aralarında olan mülki mübahisə ilə əlaqədar olaraq mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, Cavabdeh bildirmişdir ki, müqavilə bağlandığı zaman 5000 (beş min) manatı depozitə qoymuşdur. Daha sonra isə depozitə qoyduğu pulu geri götürmüşdür. Pul nə o, nədə ki anası tərəfindən İddiaçı və arvadı X2 verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı adına Şəmkir Rayonı Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixdə JN-1875A saylı ’’Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ünvan 2i ünvanında 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə İddiaçı adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli (Forma1) arayış verilmişdir. Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli 4Ə-2191 №-li alqı-satqı müqaviləsi əsasında İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsini Cavabdeh adına özgəninkiləşdirərək xx.xx.2021-ci tarixli **********68 reyestr nömrəli çıxarış verilmişdir. EMİS vasitəsindən çıxarılmış portal çıxarışından görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsini xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Asan Xidmət Mərkəzindən Azərbaycan Respublikası vətəndaşının pasportunu xx.xx.2022-ci il tarixdə almışdır. EMİS vasitəsindən çıxarılmış portal çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Minsk şəhərinə getmiş, xx.xx.2022-ci il tarixdə Moskva şəhərindən qayıtmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini düşmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1–ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140–cı maddəsinə əsasən reyestrin məzmununun qeyri–dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri–dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 354.2–ci maddəsinə əsasən bu Məcəllənin 347.1–ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74–cü maddəsinə əsasən pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsi daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160–1–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı öz xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi 0.10 ha olan torpaq sahəsini xx.xx.2021–ci il tarixdə 5000 (beş min) manata Cavabdeh satmış, bununla bağlı 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində xx.xx.2021–ci il tarixdə 4Ə-2191 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsi bağlanmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli 4Ə-2191 №-li alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına xx.xx.2021-ci tarixli **********68 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış torpaq sahəsinə dair alqı–satqı müqaviləsinin aldadılaraq, yəni şəxsiyyət vəsiqəsinin alınması məqsədi ilə sənədləri imzalaması və ona pul verilməməsi, həmçinin ödənilmiş 5000 manat pulun depozit hesaba qoyulmaması səbəbindən etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı, ilk növbədə qeyd olunmalıdır ki, mübahisə edilən əqd onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqddir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə–bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni ,müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019–cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə, iddiaçının dəlilləri üzrə araşdırma aparmış və həmin dəlillərin əsassız olduğunu müəyyən etmişdir. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır və onu imzalamış, öz xətti ilə qeydlər əlavə etmişdir. Həmçinin iddiaçının nümayəndəsinin məhkəm iclasında iddiaçının bu alqı-satqı müqaviləsi nəticəsində torpağın əvəzi olaraq hər hansı bir məbləğdə pul almamasına dair bildirdiyi xüsusatlarda məhkəmə iclasında öz təsdiqini tapmamışdır.Belə ki, notarial qaydada bağlanmış müqavilənin məzmunundan görünür ki, tərəflər arasında nağd şəkildə hesablaşma həyata keçirilmişdir.Həmçinin notariat işinə əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, orada qeyd etmişdir ki, ünvan 1i ünvanında yerləşən mülkiyyətdə olan 0,10 ha torpaq sahəsini 5000 ( beş min) manata Cavabdeh satır, alqı satqı məbləği həqiqi niyyətinə uyğundur. Məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi israrla müqaviləni şəxsiyyət vəsiqəsi almaq adı ilə ona imza etdirilməsinə və torpaq sahəsini satmaq niyyətinin olmamasına dair tələblə çıxış etsə də, həmin halı təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı alqı– satqı müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Belə ki, iddiaçı cavabdehin onu Rusiya Federasiyasına atasının yanına işləmək üçün göndərdiyi üçün o cavabdehin onu şəxsiyyət vəsiqəsi alması üçün 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzinə aparması qeyd etsə işdə olan EMİS vasitəsindən çıxarılmış portal çıxarışından görünür ki, o şəxsiyyət vəsiqəsini xx.xx.2021-ci il tarixdə almışdır. Həmçinin İddiaçı Azərbaycan Respublikası vətəndaşının pasportunu xx.xx.2022-ci il tarixdə almışdır, daha sonra xx.xx.2022-ci il tarixdə Minsk şəhərinə getmiş, xx.xx.2022-ci il tarixdə isə Moskva şəhərindən qayıtmışdır. Belə olan halda iddiaçı artıq şəxsiyyət vəsiqəsini 25 avqust 2021-ci il tarixdə aldığı təqdirdə, yenidən 27 avqust 2020-ci il tarixdə gəlini Cavabdeh onu aldadaraq Asan Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsi almaq üçün gətirməsinə dair göstərmiş olduqları dəlilləri məhkəmə inandırıcı dəlil kimi qəbul etmir. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəmə iclasında etibarsızlığın digər əsası kimi də, alqı satqı müqaviləsinin bağlanması zamanı 5000 ( beş min) manat pulun depozitə yerləşdirilməməsi xüsusatını göstərmişdir. Məhkəmə, iddiaçının iddia tələbinin əsası kimi göstərilən – “5000 (beş min) manatı almamışdır, 5000 (beş min) manat Banka qoyulmamışdır” barədə bildirir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160–1–ci bəndinə əsasən, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Odur ki, iddia tələbinin qanuni əsası kimi göstərilən hal əsassızdır. Məhkəmə hesab edir ki, müqavilədə göstərilən 5000 (beş min) manat yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən 5500 (beş min beş yüz) manatdan az olduğundan depozitə yerləşdirilməmişdir. Tərəflər arasında bağlanılmış müqavilədə həmin hal, yəni pulun depozit vasitəsilə deyil, nağd şəkildə ödənilməsi öz əksini tapmışdır. Odur ki, tərəflər arasında torpağın əvəzi kimi ödənilmiş pulun nağd formada ödənməsində və depozitə yerləşdirilməməsində heç bir qanunayğunsuzluq müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, notariat orqanında müqavilə bağlanılarkən təqdim edilən ərizələrdə iddiaçı imzaların heç birini mübahisələndirməmiş, iddiaçıya məhkəmədə öz dəlillərini əsaslandırmaq, bununla bağlı sübutlar təqdim etmək üçün şərait yaradılmasına baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmiş və izahat verməmişdir. Bu halı məhkəmə iddiaçının iddiaya formal münasibəti kimi qiymətləndirir. Bundan əlavə iddiaçı müqavilə bağlandığı vaxtdan təxmini 4 il sonra müqaviləni mübahisələndirmişdir. Həmin müddətin buraxılmasının üzrlü halı kimi müqavilənin mövcudluğundan məlumatın 2024-cü ilin payız aylarında ona məlum olmasını, iddiaçının bununla bağlı məhkəməyə təqdim etdiyi şahid ifadələrini məhkəmə qərəzli hesab edir və onları mötəbər sübüt kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında şahidlik etmiş şəxslər iddiaçının arvadı, digəri isə yaxın qohumudur. Eyni zamanda uzun müddət mülkiyyətində olan əmlakın alqı-satqısı ilə bağlı məlumatın olmaması barədə iddiaçının dəlillərini məhkəmə məntiqli və əsaslı hesab etmir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində tərtib edilmiş xx.xx.2021–ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı təqdim olunmuş alqı–satqı müqaviləsindən həmçinin, müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmiləşdirilmiş alqı–satqı müqaviləsi mahiyyətcə alqı–satqı müqaviləsi olmuşdur. İddiaçı torpaq sahəsini Cavabdeh satmışdır. Alqı–satqı müqaviləsində göstərilən məbləğ İddiaçı ödənilmişdir. İddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsi 5000 (beş min) manata Cavabdeh satılmışdır. Həmçinin alqı-satqı müqaviləsinin aldatma, etibardan sui-istifadə yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmır, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilmir, müqavilə bağlandıqdan təxminən 4 il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü halı kimi müqavilənin mövcudluğundan məlumatın 2024-cü ilin payız aylarında ona məlum olmasını, iddiaçının bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübutun təqdim edilməməsini, eyni zamanda uzun müddət mülkiyyətində olan əmlakın alqı-satqısı ilə bağlı məlumatın olmaması barədə iddiaçının dəlillərinin məntiqli və əsaslı hesab edilə bilməməsini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi müddətinin keçməsi ilə əlaqədar da təmin edilməməlidir. Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya öz dəlillərini əsaslandırmaq, bununla bağlı sübutlar təqdim etmək üçün şərait yaradılmasına baxmayaraq, o, məhkəmə iclaslarında iştrak etməmiş, izahat verməmiş, iddiasını əsaslandırmamışdır. Qeyd edilən halları məhkəmə iddiaçının özünün iddiaya formal münasibəti kimi qiymətləndirir. Lakin məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan, 1 illik kəsici müddətin keçib-keçməməsinin əhəmiyyəti yoxdur.Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2021-ci il tarixli **********68 reyestr nömrəli HDQH DƏDR–dən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, çıxarış mübahisəli alqı–satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı–satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin müqavilə qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-833/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-833/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver