Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-911/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və maddi vəsaitin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-2131/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar təyin edilmiş 40 manat məbləğində maddi vəsaitin artırılaraq ayda 100 manat vəsaitin və mediasiya prosesi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh V.N. Əhmədovla rəsmi olaraq ayrılmışlar, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-2131/2013 saylı qətnaməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 65 manat alimentin miqdarı artırılaraq hər ay 93 manat sabit pul məbləğində alimentin və həmin uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün ayda 40 manat vəsaitin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. O tək ana olaraq uşağa qulluq etmək və qayğıları ilə məşğul olmaqla işləmədən uşağın hər gün artan maddi təminatlarını təmin etməyi mümkünsüzdür. Cavabdeh isə Çinarlı 1 saylı qəsəbə məktəbində hərbi müəllim işləməklə normal əmək haqqı almasına və şəxsi təsərrüfatındakı məhsulların satışı ilə yüksək məbləğdə qazanc əldə etməsinə baxmayaraq könüllü olaraq uşaqları üçün əlavə maddi yardım etməkdən imtina etmişdir. Bu səbəbdən təyin edilmiş alimentin və uşaqların müalicəsi ilə əlaqədar maddi yardımın məbləğinin artırılmasına dair məlum iddianı qaldırmalı olmuşdur. Qeyd olunanları nəzərə alaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-2131/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar təyin edilmiş 40 manat məbləğində maddi vəsaitin artırılaraq ayda 100 manat vəsaitin və mediasiya prosesi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Vahid adlı uşaqdan başqa yeni nikahından 2 uşağı, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Vahid adlı uşağın heç bir xəstəliyi yoxdur. Qeyd edilənlərə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(076)-213/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ayda 93 manat alimentin artırılaraq 120 manat müyyən edilməsinə etirazı olmadığını, iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli 2(076)-2131/2013 saylı qətnaməsindən görünür ki, 26 iyun 2009-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 65 (altmış beş) manat alimentin miqdarının artırılaraq hər ay 93 manat məbləğində müəyyən edilmiş, 03 oktyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün 40 manat sabit pul məbləğində vəsait tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 813 nömrəli xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, X3 xx.xx.2015-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, ata qrafasında “Cavabdeh” ana qrafasında “ X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-01436 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (93 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 10 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə, maddi vəziyyətində dəyişiklik baş vermiş, eyni zamanda həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, cavabdeh yenidən ailə qurmuş, nikahından 2 uşağı doğulmuşdur. Bundan başqa Azərbaycan Respublikasında 2013-cü il üçün uşaqlar üçün yaşayış minimumu 93 manat müəyyən edildiyi halda, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə uyğun olaraq, hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 93.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərclərə görə tutulan məbləğin artırılması hissəsində məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müayinə olunması və müalicə alması, müayinə olunması və müalicə alması ilə bağlı xərclərin artması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. İddiaçı uşağın xəstəliyi və müalicəsi ilə bağlı çəkdiyi və çəkməli olduğu əlavə xərclərin konkret miqdarı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2131/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-911/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-911/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver