Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-920/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment barədə iddia ərizəsi ilə məhləməyə müraciət edərək, Cavabdeh, iddiaçının xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 adlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, eyni zamanda 51 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2005-ci ilin iyun ayında Şəmkir rayonunun Qaracaəmirli kənd İƏD-də rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Münasibətləri əvvəllər normal olmuşdur. Lakin, sonradan cavabdehlə münasibətləri pozulmuşdur. Bu səbəbdən hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Birgə faktiki nikahlarından doğulmuş uşaqları iddiaçının himayəsində yaşayır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Cavabdeh fərdi əməklə məşğul olur, qazancı qeyri-müəyyəndir. Buna görə iddiaçı istəmişdir ki, hər ay bir uşağın saxlanması üçün 235 manat sabit pul formasında aliment cavabdeh tərəfindən ödənilsin. İddiaçı cavabdehə mediasiya təklifi göndərmiş, uşağa maddi yardım göstərməsini xahiş etmişdir. Lakin, cavabdeh könüllü olaraq uşağa maddi yardım göstərməkdən imtina etmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında çıxış edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, keçmiş hərbiçi olmuşdur, 12 il məhkumluq həyatı yaşamışdır, uşağına onsuz da pul verir. O baxımdan da iddianı qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah 16 iyun 2005-ci il tarixdə Şəmkir rayonu Qaracaəmirli kənd İƏD üzrə nümayəndəliyində 19 nömrə ilə qeyd edilməklə rəsmiləşmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçı olması qeyd edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağn saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 190 manat müəyyən edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2280 manat (190 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 42.80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 42.80 (qırx iki manat sksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-920/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-920/2024
19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver