Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-965/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 16 noyabr 2004-cü il təvəllüdlü X1, 10 oktyabr 2012-ci il təvəllüdlü X3 və 10 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün onun xeyrinə cavabdehdən uşaqların hər biri üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü ilin yanvar ayında faktiki olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə 3 nəfər uşaqları doğulmuşdur 16 noyabr 2004-cü il təvəllüdlü X4, 10 oktyabr 2012-ci il təvəllüdlü X7 və 10 oktyabr 2012ci il təvəllüdlü X5. Faktiki olaraq 2022-ci ilin avqust ayında cavabdehlə ayrılmışlar. Həmin vaxtdan uşaqlarıla birgə atası evində yaşayır, yəni uşaqları onun himayəsindədirlər. Aliment ödənilməsi barədə saziş yoxdur. Cavabdeh könüllü olaraq aliment ödəmək istəmir. Ona görə də ondan aliment tutulmasına dair müvafiq məhkəmə qətnaməsi çıxarılmalıdır. Cavabdehin daimi gəliri olmadığına görə ondan Ailə Məcəlləsinin 78-ci mad. əsasən sabit pul məbləğində aliment tutulmalıdır. O heç bir yerdə işləmir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək gəlir əldə edir. Yəni onun yüksək məbləqdə aliment ödəməyə imkanı vardır. Ona görə də ondan bir bir uşağın saxlanması üçün ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, 16 noyabr 2004-cü il təvəllüdlü Nurlan aadlı uşağı yetkinlik yaşına çatmışdır, cavabdehin gəlirləri barədə sübutu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 və X5 xx.xx.2012-ci il tarixdə doğulmuşlardır. Ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT0032/2023-0006 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “nikahın pozulması, aliment və kredit borcu” mübahisə üzrə xx.xx.2023-cü il tarixində, saat 15:00-da mediator X6 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda İddiaçı iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərcini tam ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, tərəflər 2004-cü ilin yanvar ayında faktiki olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə 3 nəfər uşaqları doğulmuşdur 16 noyabr 2004-cü il təvəllüdlü X4, 10 oktyabr 2012-ci il təvəllüdlü X7 və 10 oktyabr 2012-ci il təvəllüdlü X5. İddiaçı faktiki olaraq 2022-ci ilin avqust ayında cavabdehlə ayrılmışlar. 16 noyabr 2004-cü il təvəllüdlü X4, yetkinlik yaşına çatmış, digər iki uşaq isə azyaşlıdır. Cavabdeh olan ata uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan sonra iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, 16 noyabr 2004-cü il təvəllüdlü X4, 10 oktyabr 2012-ci il təvəllüdlü X7 və 10 oktyabr 2012-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atasından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh olan atası tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini, 16 noyabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatmasını, tələb edilən aliment məbləğini nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, 10 oktyabr 2012-ci il təvəllüdlü X7 və 10 oktyabr 2012-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği 3840 manat olması və həmin məbləğə uyğun 58.40 manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilmə və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 10 oktyabr 2012-ci il təvəllüdlü X7 və 10 oktyabr 2012-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 58.40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-965/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-965/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver