Məhkəmə qərarları › İş №2(077)-103/2024

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-103/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-103/2024 09.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 106 saylı “mənzilin aiqı-satqı müqaviləsi”nin şərtlərinə əsasən ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin B blokunun, 17-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan, 3 otaqlı, 99 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulması, dəymiş maddi zərərə görə 10000 manatın və mənəvi zərərə görə 3500 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh MTK-nın fəaliyyətinin araşdırması məqsədi ilə xüsusi qərardad qəbil edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-204/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair” iddia ərizəsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmamışdır. Belə ki, əsas iddia tələbi daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğundan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən iddia ərizəsini daşınmaz əşyanın olduğu yerə görə məhkəməyə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 106 saylı “mənzilin aiqı-satqı müqaviləsi”ndən görünür ki, müqavilənin əsas predmetini ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin B blokunun, 17-ci mərtəbəsində, ümumi sahəsi 140 kv.m olan, 3 otaqlı, 99 saylı mənzil təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.... Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, sadalanan qanunvericilik normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisə ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair” iddia ərizəsi üzrə müki iş məhkəmələr arasında ərazi aidiyyyətinə dair fikir ayrılığı olduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair tələbinə dair” iddia ərizəsi üzrə müki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar