Məhkəmə qərarları › İş №2(077)-109/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-109/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-109/2021 11.03.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı «təyin olunmuş аlimentin miqdarının azadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş əlavə 50 manat sabit pul məbləğində alimentin azaldılaraq hər ay əmək haqqının ¼ hissəsinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixdə nikaha daxil olmuşdur.Birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə oğlu Hüseyn doğulmuşdur.Cavabdehlə münasibətləri pozulduğundan aralarındakı nikahı pozmuşlar və birgə nikahdan olan oğlu Hüseyn anasının himayəsində saxlanılmışdır.Daha sonra cavabdeh “alimentin miqdarının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1009/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək onun aylıq qazancının ¼ miqdarında və əlavə olaraq sabit aliment qismində 108 manat məbləğində pul tutulması qət edilmişdir.Həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3990/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən şikayəti qismən təmin edilərək hər ay onun aylıq qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 50 manat alimentin tutulması qət edilmişdir.Qətnamə çıxarılan vaxtdan hazırkı vaxtdadək o X7 kimi fəaliyyət göstərən Bakı şəhəri Təcili və X3 Stansiyasında işləyir və 2015-ci il tarixdə onun aylıq qazancı 310 manat təşkil edirdi.Buna görə də,məhkəmə aylıq qazancının uşağın saxlanması üçün yeterli olmadığından həmin məbləği 108 manata çatdırmaq üçün ondan əlavə olaraq 50 manat məbləğində aliment tutulmasını qət etmişdir.Lakin hazırda onun orta aylıq əmək haqqı 1800-2100 manat təşkil edir və uşağın saxlanması üçün ödədiyi məbləğ Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlara təyin olunan yaşayış minimumu məbləğindən 2 dəfə çoxdur.Ona görə də,hər ay ondan tutulan əlavə 50 manat sabit pul məbləğində alimentin azaldılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki,birgə nikahdan olan oğlu Hüseyn hazırda onun himayəsindədir və onunla birlikdə valideynlərinin yanında yaşayır.Hazırda heç bir yerdə işləmir və uşağının saxlanması üçün ona valideynləri kömək edir.Oğlu hazırda aylıq ödənişli məktəbdə təhsil almaqla birlikdə müxtəlif kurslara gedir və ödənilən aliment məbləği həmin xərcləri ödəməyə kifayət etmir.Ona görə də,iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd olunmalıdır. İş materiallarında olan: - Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-T № 011846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1009/2015 saylı, xx xxxxxx 2015ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq sabit aliment qismində 108 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3990/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki,İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1009/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilərək xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 50 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X3 Stansiyası” X7in xx.xx.2020-ci il tarixli 1028 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhər Təcili və X3 Stansiyasının 15 saylı bölməsində işləyir və onun əmək haqqından Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli 17/xx-xx-17764 nömrəli icra sənədinə əsasən bügünə qədər aliment tutulur. - İddiaçı xx.xx.2020-ci ildən – xx.xx.2020-ci ilədək əmək haqqı barədə arayışından görünür ki, İddiaçı 2020-ci il ərzində cəmi 3928,22 manat məbləğində aliment ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin tutulması barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və sair gəliri yoxdursa,habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-ci maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3990/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 50 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.Lakin hazırda İddiaçı aylıq əmək haqqının 1800-2100 manat təşkil etdiyini və uşağın saxlanması üçün ödədiyi məbləğ Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlara təyin olunan yaşayış minimumu məbləğindən 2 dəfə çox olduğunu,ona görə də,hər ay ondan tutulan əlavə 50 manat sabit pul məbləğində alimentin azaldılmasını xahiş etmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki,aliment uşağın saxlanması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir.Həmçinin uşaqları saxlamaq və onlara hərtərəfli qayğı göstərmək hər iki valideynin borcudur.Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa,bu zaman məhkəmə ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir.Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır.Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan uşaqlarının saxlanması üçün alimentin məbləği Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən təyin edilmişdir.Lakin məhkəmə müəyyən etmişdir ki,tərəflərdən heç birinin başqa uşağı doğulmamışdır.Həmçinin iş materiallarında olan çıxarışdan məlum olmuşdur ki,iddiaçının aylıq qazancı 2000 manata qədər artmasına baxmayaraq uşağında aylıq tələbatları,təhsil xərcləri və digər dolanışıq xərcləri də artmışdır.Bundan başqa məhkəmə hesab edir ki,iddiaçının azaldılmasını tələb etdiyi 50 manat məbləğində aliment onun əmək haqqına nisbətdə çox cüzi məbləğdir və bu məbləğ onun maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirməyəcəkdir.Məhkəmə hesab edir ki,uşağın tələbatının ödənilməsi məqsədilə təyin edilmiş alimentin məbləğinin azaldılması uşağın maraqlarına uyğun deyildir,ona görə də,iddia rədd edilməlidir. Azərbaycan Respublikası МPМ-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası МPМ-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «təyin olunmuş аlimentin miqdarının azadılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar