Məhkəmə qərarları › İş №2(077)-402/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-402/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-402/2023 14.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin, habelə, əvvəlki bir illik müddət üçün hər uşağa 2316 manat olmaqla, cəmi 4632 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2012-ci tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 424 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(077)-122/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-96/2023 saylı qətnaməsi iləxx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi qət edilmişdir. Artıq bir ildir ki, uşaqlar faktiki olaraq onun himayəsindədir. Lakin, cavabdeh bir ana kimi uşaqlarının saxlanmasında, onların xərclərinin qarşılanmasında iştirak etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə uşaqlar üçün 2022-ci il üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, hesab edir ki, uşaqların faktiki olaraq onun himayəsində olduğu bir illik müddət üçün hər uşağa 2316 manat (193x12=2316), həm də, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat aliment tutulması cavabdehin maliyyə vəziyyətinə heç bir xələl gətirməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(077)- 122/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və 424 nömrəli akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-96/2023 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ataları - İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında xx.xx.2023-cü il tarixli arayış iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə uşaqlar üçün 2023-cü il üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarında göstərmişdir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin olunması və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddiaçı hazırda cavabdehə qarşı aliment tələbi ilə iddia qaldırmaqda haqlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində hər ay hər uşağa 220 manat olmaqla, 440 manat məbləğində aliment tutulmasını xahiş etsə də, uşaqların saxlanması hər iki valideyinin borcu olduğundan və iddiaçı cavabdehin başqa gəlirləri haqqında sübutlar təqdim edə bilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə, iddia tələbinin “cavabdehdən 2022-ci il üçün yaşayış minimumu haqqında qanunda nəzərdə tutulmuş qaydada ödənilməmiş alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, İddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək, 2022-ci ildə cavabdehdən uşaqların saxlanılması üçün aliment alınması ilə bağlı tədbirlər gördüyünü, lakin cavabdehin aliment verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentlə bağlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması 04 noyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar