Məhkəmə qərarları › İş №2(078)-11/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-11/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-11/2022 16.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladı 26 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay 250 (iki yüz əlli) manat sabit məbləğdə alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 17 may 2019-cu il tarixdə Ukrayna Respublikasının Dnepropetrovskaya vilayəti, Krivoy-Roq şəhər ədliyyə idarəsinin Saksaqansk rayon VVAQŞ-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 184 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından 26 iyul 2020-ci il təvəllüdlü X2 övladları vardır. Tərəflər arasındakı nikah pozulmamışdır. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında Ukrayna Respublikasının vətəndaşı olan Cavabdeh ilə 17 may 2019-cu il tarixdə Ukrayna Respublikasının Dnepropetrovskaya vilayəti, Krivoy-Roq şəhər ədliyyə idarəsinin Saksaqansk rayon VVAQŞ-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, onların nikahlarından 26 iyul 2020-ci il təvəllüdlü X2 adlı övladının dünyaya gəldiyini, aralarındakı nikah qeydinin cavabdehin iddiası əsasında Ukraynada pozulsa da Azərbaycanda pozulmadığını, cavabdehin Ukrayna Respublikasında yaşadığını, ayrı yaşadıqları müddət ərzində cavabdehin uşağın təlabatlarının qarşılanmasında ona heç bir formada maddi köməklik göstərmədiyini, Ukraynada nikah pozulandan sonra ona hər ay 50 dollar pul göndərdiyini, həmin pulla isə günün tələbləri baxımından övladının ehtiyaclarını tam şəkildə qarşılaya bilmədiyini bildirib iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Əliyev X3 Respublikasının vətəndaşı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq 27 aprel 2021-ci il tarixli qərardadla Ukrayna Respublikasının Ədliyyə Orqanlarına məhkəmə tapşırığı göndərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyindən Cavabdeh barəsində məhkəmə tapşırığının icra olunmasına dair sənədlər xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, həmçinin iş materiallarını araşdırıb toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək 26 iyul 2020-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə 250 (iki yüz əlli) manat miqdarında alimentin müəyyən olunmasını məqsədəmüvafiq hesab edir və belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq 26 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu hissədə iddianın qismən təmin edildiyini qeyd edir. Çünki iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan deyil, uşağın doğulduğu vaxtdan alimentin hesablanmasını tələb etmişdir ki, onun tələbləri qanunvericilik norması ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 16 aprel 2021-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq 26 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar