Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-115/2025 28.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 fevral 2012-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra cavabdeh münasibətləri pozulmuş, cavabdeh ailəsinə qayğı və diqqət göstərməli olduğu halda başqa bir qadına diqqətini yönəltmişdir. Cavabdeh Bakı şəhərində başqa qadınla, o isə Naxçıvan şəhərində övladları ilə yaşayır. Cavabdeh vergi orqanında qeydiyyatda olan fərdi sahibkardır. Bakı şəhərində “Laçın” Ticarət Mərkəzində yeni və ikinci əl qızıl-zinət məmulatlarının alqı-satqı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun orta aylıq gəlir məbləği qeyri-müntəzəm, dəyişən olmaqla 5000-10000 manat təşkil edir. Təəssüf ki, ondan asılı olmayan səbəblərə görə bu barədə sübutları əldə etmək imkanı yoxdur. Hesab edir ki, övladlarının saxlanılmasına görə cavabdehdən uşaqların hər birinə ayrı-ayrılıqda 500 manat olmaqla ümumilikdə hər ay sabit pul məbləğində 1000 (bir min) manat aliment tutularaq ona ödənilməsi günün və qanunun tələbləri baxımından məqsədəuyğundur. İddiaçı iddia tələbinin hüquqi halını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil edilmişdir. Məhkəmə iclaslarının iddiaçı X1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə edərək ailənin bərpası üçün zamanın lazım olduğunu, qarşı tərəfin özünü sübut etməsi lazım olduğunu, dəfələrlə barışıq əldə olunmasına baxmayaraq yenidən ayrıldıqlarını, qızını ailənin bərpasına məcbur edə bilməyəcəyini bildirərək alimentin sabit olaraq vaxtında ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında aliment miqdarının çox olduğunu, 600 manat miqdarında aliment ödəyə biləcəyini, əvvəl zərgərliklə məşğul olduğunu, hazırda işləmədiyini, 1 il olar fəaliyyətini dayandırdığını, əlillik pensiyası vasitəsilə alimenti ödəyəcəyini, əmək müqaviləsinə xitam verildiyini, nikahın pozulmadığını, barışıq əldə olunmasına fikiri olduğunu, ailəsini bərpa etmək istədiyini, səhvlik etdiyini, ailənin bərpası üçün çalışdığını bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında AZ-l 603584 nömrəli nikah haqqında şəhadətnamə qeydi ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Tərəflər arasında nikah pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə işin faktiki və hüquqi hallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, tərəflərin nikahlarından doğulan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə hər uşaq üçün 276 (iki yüz yetmiş altı) manat miqdarında aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 276 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,80 mislində (345 x 0,80=276 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Beləliklə məhkəmə belə hesab edir ki, alimentin tutulmasına dair iddiaçının ərizəsi 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edildiyindən müəyyən edilən alimentin miqdarı 2024-cü il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2024-cü il üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası X1 himayəsində yaşamasını, həyat şərtlərinə uyğun gündəlik tələbatlarının artdığı nəzərə aldıqda, iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində aliment tutulmasını ağlabatan hesab edir. Uşaqların saxlanılması hər iki valideynin vəzifəsi olduğundan, eləcə də cavabdehin kifayət qədər gəliri olmasına dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə cavabdeh tərəfindən məhkəməyə müraciət olunan vaxtdan 28 oktyabr 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar alimentə dair iddialar üzrə dövlət rüsumundan azad olduqlarından iddianın təmin edilmiş hissəsinə uyğun olaraq müəyyən edilmiş alimentə münasibətdə (qiymətləndiriən iddia olaraq 1 illik ödəmənin məcmusu miqdarında) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Odur ki, iddia qismən təmin edildiyindən 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28 oktyabr 2024-cü il tarixindən hesablanmaqla 06 noyabr 2012-ci il təvəllüdlü X2 və 13 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 70 (yetmiş) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-115/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-115/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver