Məhkəmə qərarları › İş №2(078)-1166/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1166/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1166/2024 21.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit məbləğdə dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 2(078)-880/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan aliment dəyişdirilərək 29 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin dəqiqləşdirmə zərurətinin yarandığını, belə ki, Cavabdeh sabit pul məbləğində 235 manat alimentin tutulması tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 2(078)-880/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan aliment dəyişdirilərək 29 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 235 manat aliment tutularaq İddiaçı ödənilməsi” tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 08 may 2014-cü il tarixdə Culfa rayon İH-nin Nəhəcir kənd İƏDN-də nikah bağlamış və bu barədə 02 nömrəli akt qeydi icra edilmişdir. Birgə nikahlarından 29 may 2017-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 2(078)-880/2019 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 29 may 2017-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 11 dekabr 2019-cu il tarixdən hesablanmaqla aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 08 may 2014-cü il tarixdə nikah bağlamış, birgə nikahlarından 29 may 2017-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Aralarındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 2(078)-880/2019 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 29 may 2017-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 11 dekabr 2019-cu il tarixdən hesablanmaqla aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Özü N nömrəli hərbi hissədə xidmət edir və əmək haqqısı 680 manatdır. Yaşamağa şəxsi evi yoxdur və uşağın saxlanılmasında çətinlik çəkir. Günün tələbləri baxımından övladlarının ehtiyaclarını tam şəkildə qarşılaya bilmədiyini bildirib iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək özünün Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində olan Nəhəcir kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində işlədiyini, onun aylıq vəzifə maaşının 546.70 manat olduğunu, tutqular tutulduqdan sonra xalis əmək haqqısının 457.16 manat təşkil etdiyini, ikinci evliliyindən də bir övladının olduğunu, iddiaçı tərəfdən tələb olunan aliment məbləğinin çox yüksək olduğunu, bunu ödəməyin onun maddi imkanı xaricində olduğunu bildirmiş və qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçıların alimentin tutulma qaydasının dəyişdirilməklə sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə müraciət etməsi üçün əsasları olmuşdur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 29 may 2017-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 190 (bir yüz doxsan) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddiaçının işlədiyini, uşağı saxlamaq hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb iddianın qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Naxçıvan “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cÜ il tarixdə verilmiş AZ-V seriyalı 214861 nömrəli doğum haqqında şəhadətnamənn surətindən məlum olur ki, Cavabdeh ikinci nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladı var. xx.xx.2024-cü il tarixdə verilmiş 66 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində olan Nəhəcir kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində işləyir onun aylıq vəzifə maaşı 546.70 manatdır tutqular tutulduqdan sora isə xalis əmək haqqısı 457.16 manat təşkil edir. Məhkəmə cavabdehin izahatında əlavə ikinci dəfə ailə qurması, ikinci evliliyindən bir övladının olması, aylıq əməkhaqqısının 457.16 manat təşkil etdiyi ilə bağlı bildirdiyi hallarla əlaqədar qeyd edir ki, işin yuxarıda şərh olunmuş halları və bu halların əsaslandırıldığı maddi hüquq normaları alimentin tutulma qaydasının dəyişdirilməsinə və sabit pul məbləğində müəyyən edilməsinə əsas verir. Alimentin miqdarı uşağın əvvəlki təminat səviyyəsi üçün diqqətəlayiq deyildir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli iddiaçının bu barədə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Alimentin artırılması tələblərindən tutulmanın əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Ancaq hazırki tələb alimentin tutulması qaydasının dəyişdirilməsi tələbidir. Ona görə də alimentin tutulmasının əvvəli iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan- 26 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (qiymətləndirilən iddialar üzrə iddia qiyməti 1000 manata qədər olduqda) 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu tarixli, 2(078)-880/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh 26 iyul 2024-cü il tarixdən hesbalanmaqla hər ay sabit məbləğdə 190 (bir yüz doxsan) manat miqdarında aliment tutularaq 29 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə alimentə dair qalmış hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar