Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1404/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən o və bir qrup işçi barəsində guya qanunsuz əməllərə yol verdikləri barədə 08 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilmiş məlumatlar (onun rüşvət alması və digər məlumatlar) ona aid hissədə təkzib edilməklə, cavabdehin üzərinə həmin orqana yazılı qaydada təkzib məktubu yazmaq vəzifəsi qoyulmasını, həmin məlumatların onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilməsi və cavabdehdən ona vurduğu mənəvi zərərə görə 10000 (on min) manat pul tutulmaqla onun xeyrinə ödənilməsi və iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, hüquqi sənədlərin (iddia ərizəsinin) tərtib olunmasına və digər sənədlərin toplanmasına görə cavabdehdən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı iddia ərizəsində cavabdeh qismində Naxçıvan MR Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyini qeyd etsə də, cavabdehin hüquqi ünvanını iddia ərizəsində göstərməmiş, cavabdehin ünvanına sadəcə olaraq “Naxçıvan şəhəri” yazmaqla kifayətlənmişdir. Həmçinin özünün də rəsmi qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanları ayrı-ayrılıqda iddia ərizəsində göstərməmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin hüquqi ünvanının iddia ərizəsində qeyd edilməməsi halı işə baxıldığı müddətdə cavabdehə məhkəmə bildirişlərinin çatdırılmasına, həmçinin cavabdehin nümayəndəsinin məhkəmədə iştirakına, yəni işin məhkəmədə ədalətli araşdırılmasına maneə yaradacaq haldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Culfa filialı vasitəsilə 22 sentyabr 2025-ci il tarixli, 9202 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Culfa filialı vasitəsilə 22 sentyabr 2025-ci il tarixli, 9202 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1404/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1404/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver