Məhkəmə qərarları › İş №2(078)-143/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-143/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-143/2021 10.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı və cavabdeh təşkilat X4 Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən Tağı Məmmədova vurulmuş ziyanla bağlı məhkəmə qətnaməsini nəzərə alıb 1823.75 manat sığorta məbləğinin Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə ona məxsus VAZ 21074 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avomobili ilə Culfa rayon Bənəniyar kənd sakini X1 məxsus CHEVROLET AVEO markalı ** BC *** nömrəli avtomobilinə ziyan vurmuşdur. Hadisə baş verən zaman Naxçıvan MR Dövlət Sığorta Xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş və avtomobillərin fotoşəkillərini çəkib getmişdirlər. Daha sonra o və zərərçəkmiş şəxs Tağı Məmmədov sığorta xidmətinə ərizə ilə müraciət edərək onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini xahiş etmişlər. Hadisədən bir neçə gün sonra zərəçəkmiş şəxs ona bildirmişdir ki, vurulan ziyanda az sığorta pulu ödənildiyi üçün həmin pulu qəbul etmir. Bundan sonra sığorta xidmətinə müraciət edərək məsələni araşdırmış və məlum olmuşdur ki, sığorta zərərçəkmiş şəxsə 700-800 manat ziyan vurulduğunu bildirmişdir. Bununla bağlı onlara hər hansı qüsur aktı təqdim etməmişdirlər. Zərərçəkmiş şəxs həmin məbləği qəbule etmədiyi üçün Culfa Rayon Məhkəməsinə iddia qaldırmış və onun tərəfindən zərərçəkmiş şəxsin avtomobilinə vurduğu ziyana görə 1823.75 manat pul tutularaq Tağı Məmmədova verilməsi müəyyən edilmişdir. Həmin məbləğlə razılaşmayaraq apellyasiya şikayəti versə də Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qüvvədə qalmış, şikayəti təmin edilməmişdir. Artıq məhkəmə qərarını tam icra etmişdir və zərərçəkmiş şəxsə borcu yoxdur. Bundan sonra yenidən Sığorta Xidmətinə müraciət edərək məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş vurulmuş ziyanın ona ödənilməsini xahiş etsə də ona rəsmi qaydada cavab verərək üçüncü şəxs nəqliyyat vasitəsinin zərərçəkmiş hissələrini sığortaçının nümayəndəsinə təqdim etməli və nəqliyyat vasitəsinə baxış keçirilməsinə şərait yaratmalıdır. Bundan sonra baxış keçirilərərk sığorta ödənişi Tağı Məmmədovun hesabına köçürüləcəkdir. Zərərçəkmiş şəxslə onun məhkəmə çəkişməsinə qədər sığorta təşkilatı üzərinə düşən vəzifəini yerinə yetirməmiş, dəymiş ziyanın dəqiq məbləği ilə bağlı müvafiq ekspertiza təyin etməmişdir. İşə məhkəmədə baxılan zaman vurulmuş ziyanın məbləği ekspertiza təyin edilməklə dəqiq hesablanmışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilən sənədlərə əsasən X9 Qənbər oğluna ödənildiyi bildirilən 1823.75 manat məbləği maşının ral təmir xərcindən artıq göstərilmişdir. “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinin tam xərclərini müəyyənləşdirmək üçün məhkəmə tərəfindən avtoekspertizaya göndərilən qiymətləndirmə aktından təmir xərcləri 1823.75 manat göstərilmişdir. Lakin hesab edirlər ki, ekspert tərəfindən göstərilmiş xərc təmir üçün tələb olunan xərcdən yüksəkdir. Həmçinin rəydə avtomibilin hansı hissələrini dəyişdirildiyini müəyyən etmək mümkün olmamışdır. Hadisə yerində olmuş sığorta orqanının nümayəndəsinin rəylərinə əsasən hadisə zamanı avtomobilin ön kapotunun dəyişdirilməsinə ehtiyac yoxdur. On qabaq buferi 200 manata, radiator barmaqlığını 75 manata, radiator hava toplayıcısını 150 manata, ön qabaq sol faranı 150 manata almaq mümkündür. Gpstərilən hissələrin təmir xərcləri 400 manat olmalıdır. Zədələnməyən və qiymətləri yüksə göstərilən hissələrin dəyərini çıxdıqdan sonra 880 manat və mövcud bazar qiymətlərinin qiymətləri çıxıldıqdan sonra avtonəqliyyat vasitəsinin tam xərcləri 1031 manatdan artıq ola biməz. Digər hissələrin isə təmir etmək mümkün olduğu halda dəyişdirilməsi nəzərdə tutulmuşdur. X7 Məşədi Qənbər oğluna sığorta orqanı tərəfindən zədələnmiş, bərpası mümkün olmayan hissələrin sığorta orqanı tərəfindən alınması, nəqliyyat vasitəsini təmir etdirib verilməsi təklif edilmiş, lakin avtomaşın onlara təqdim edilməmiş, baxış keçirilməsinə şərait yaradılmamışdır. Zərərçəkmiş gah maşını Bakıya göndərdiyini bildirmiş, gah da sığorta mütəxəssislərinə göstərməkdən imtina etmişdir. Əgər müvafiq sığoorta ödənişi ödəniləcəksə ilk öncə məhkəmənin qiymətləndirməni neçə apardığını, ekesprtin hansı meyarlarla rəy tərtib etdiyini bilməlidirlər. Çünki sığorta təşkilatı olaraq onlar maşının ancaq dəyişilən hissələrinə baxıldıqdan sonra ödəniş edə bilərlər. Ona görə də maşını ekspertizasını aparan ekspert məhkəməyə dəvət edilməli və bu barədə məsələyə aydınlıq gətirilməlidir. Həmin nəqliyyat hadisəsindən vətəndaşın günahı olmamış, haqsız yerə ona yazılmış protokoldan vaxtında şikayət etməmiş və məsələ bu həddə çatmışdır. Qəbul edilən məhkəmə qərar iddiaçıya münasibətdə qəbul edilmişdir. Qeyd edilən halları, sığorta qanunvericiliyinin zərərin ödənilməsi, qiymətləndirilmə aparılması ilə bağlı norma və tələblərinin nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidr. Mülki işin materiallarında olan Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(089)-105/2020 nömrəli qətnaməsinin surətindən aydın olur ki, iddiaçı X9 Qənbər oğlunun cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş İddiaçı 1832.75 manat maddi ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cəmi 1853.75 (bir min səkkiz yüz əlli üç manat yetmiş beş qəpik) manat alınıb X9 Qənbər oğluna verilməsi müəyyən edilmişdir. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(108)-180/2020 nömrəli qətnaməsinin surətindən aydın olur ki, iddiaçı X9 Qənbər oğlunun cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdiirlmədən saxlanılmışdır. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli ekspert rəyindən aydın olur ki, X9 Qənbər oğlunun mülkiyyətində olan “CHEVROLET” markalı “AVEO” modelli, ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin deformasiyaya uğramış detallarının orta bazar qiyməti 1323.75 (bir min üç yüz iyirmi beş manat yetmiş beş qəpik) manat təşkil edir. X9 Qənbər oğlunun mülkiyyətində olan “CHEVROLET” markalı “AVEO” modelli, ** BC *** dövlət qeydiyyat nişanlı, minik avtomobilinin deformasiyaya uğramış detalları üzrə təmirbərpa xərcləri 550 (beş yüz əlli) manatdır. Ümumilikdə “CHEVROLET” markalı “AVEO” modelli, ** BC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2012-ci il buraxılışlı, silindirinin həcmi 1400 kub santimetr olan avtomobilə dəymiş ziyanın məbləği 1823.75 (bir min səkkiz yüz iyirmi üç manat yetmiş beş qəpik) manat təşkil edir. Mülki işin materiallrında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Culfa Rayon İcra və Probasiya Bölməsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixi 183331/2020 nömrəli qərarından aydın olur ki, borclu İddiaçı tələbkara olan 1853.75 manat məbləğində borcunu tam ödədiyindən Culfa Rayon Məhkəməsinin 2(089)-105/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə qeyd edir ki, tərəflərin izahatları ilə təsdiq edilir ki, sığorta orqanı tərəfindən iddiaçının vurduğu ziyana görə qarşı tərəfə sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə zərəçəkmiş şəxs razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı hazırki işdə iddiaçıya qarşı iddia qaldırmış, həmin iddia qismən təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə vurulan ziyanın məbləğinə münasibətdə iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyindən aydın olur ki, nəqliyyat hadisəsindən ziyan görmüş avtonəqliyyat vasitəsi ekspertizaya təqdim edilmiş, ekspert tərəfindən zədələnmiş, hissələr aşkar edilmiş, həm avtonəqliyyat vasitəsinin zərər dəymiş hissələri, həm də onun təmir-bərpa xərcləri çıxarılmış və ümumilikdə 1823.75 manat olaraq müəyyən edilmişdir. Məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin zərərin ekspert rəyi ilə daha çox göstərilməsinə dair izahatında qeyd edilən arqumentlərini əsassız hesab edir. Belə ki, sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən nümayəndənin izahatından aydın olur ki, sığorta hadisəsi baş verən zaman sığorta təşkilatının nümayəndələri tərəfindən yalnız vizual baxış keçirilmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı qeyri-dəqiq vizual şəkildə hesablanmışdır. Bununla bağlı hər hansı akt tərtib edilməmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən ekspert rəydən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının hansı hissələrinin zədələnməsi, hər birinin ayrı-ayrılıqda qiyməti hesablanmışdır. Bu səbəbdən məhkəmə həmin rəyi daha mötəbər qəbul edir. Ekspertiza tərəfindən həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 1823.75 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı ekspert tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə sığortalı avtomaşına dəymiş ziyan məbləğinin 1823.75 manat həddində olmasını və belə olan halda sığorta orqanının iddiaçı qarşısında öhdəliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 1823.75 manat pul tutulmalıdır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsindən 1823.75 (bir min səkkiz yüz iyirmi üç manat yetmiş beş qəpik) məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar