Məhkəmə qərarları › İş №2(078)-1431/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1431/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1431/2024 19.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 iki uşağın saxlanılması üçün 2024-cü il uşaqların minimum yaşayış meyarı haqqında Azərbaycan Respublikası qanununa müvafiq olaraq bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması və uşaqlar 3 yaşına çatmadıqları üçün əlavə ümumilikdə haqq hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat pulun Cavabdeh alimentlə birlikdə pul alınıb ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 2022-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X7 və xx.xx.2024-cü il tarixdə X9 dünyaya gəlmişdir. Həmin vaxtdan başlayaraq Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X9 onun himayəsindədir, cavabdeh uşaqlarla maraqlanmır və onların saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X1 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında cavabdehdən uşaqların hər birinə 235 manat aliment ödəməsini, bununla yanaşı uşaqlar 3 yaşına çatmadıqları üçün onların saxlanılması üçün hər birinə 100 manat da əlavə haqq ödənilməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında problemlərin özü ilə iddiaçının arasında yaranan narazılığa görə başladığını, mübahisə yarandığını, onun da iddiaçıya öz evlərinə getmələrini dediyini, iddiaçının razı olmadığını, əvvəl özünün valideynləri ilə yaşadığını, sonra iddiaçı ilə valideynləri yola getmədikləri üçün kirayəyə çıxdıqlarını, həmin vaxt da problemlər yarandığını, iddiaçının anasının və atasının ona hədə-qorxu gəldiyini, iddiaçıya dəfələrlə problemləri öz aralarında həll etməli olduqlarını dediyini, iddiaçının əməl etmədiyini, iddiaçının ailəsinin çox müdaxilə etdiyini, 10 aydır iddiaçı ilə ayrı yaşadıqlarını, iddiaçıya heç vaxt maddi cəhətdən də çətinlik yaratmadığını, özünün 600 manat əmək haqqı aldığını, iddiaçının istədiyi məbləğdə alimenti ödəməyə maddi imkanı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 28 mart 2022-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Nikah Evində nikah bağlanması, tərəflərin birgə nikahlarından 31 avqust 2023-cü il təvəllüdlü X7 və 17 avqust 2024-cü il təvəllüdlü X9 adlı övladlarının doğulması və birgə nikahdan doğulan uşaqların analarının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli, AZ-İİ seriyalı, 158126 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 ilə Cavabdeh arasında 28 mart 2022-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Nikah Evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını, yəni “Nəsibli” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli, AZ-V seriyalı, 211240 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 31 avqust 2023-cü il təvəllüdlü X7 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, AZ-V seriyalı, 041765 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 17 avqust 2024-cü il təvəllüdlü X9 adlı övladlarının olması aydın olur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 29 oktyabr 2024-cü il tarixdən "xxxx" MMC-də direktor vəzifəsində işləyir. "xxxx" MMC-nin ümumi ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 670 (altı yüz yetmiş) manat məbləğində təşkil edir. İşin ilk mübahisəli halı iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları 31 avqust 2023-cü il təvəllüdlü X4 və 17 avqust 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni hər ay 200 (iki yüz) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi bir uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin qeyd olunan məbləğdə təyin edilməsinin qeyri-mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 26 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının digər tələbi olan uşaqlar 3 yaşına çatmadıqları üçün əlavə hər bir uşaq üçün 100 (bir yüz) manat haqq olmaqla, ümumilikdə 200 (iki yüz) manat pulun Cavabdeh alimentlə birlikdə alınıb özünə ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə qeyd edir ki, istər məhkəməyə göndərilmiş iddia ərizəsində, istərsə də iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatlarında alimentdən əlavə haqqın uşaqlar üçün ödənilməsini istədikləri bildirilmişdir. Hal-hazırda tərəflərin birgə nikahından doğulan uşaqların saxlanılması üçün cavabdehdən aliment müəyyən olunmuş və qanunvericilikdə alimentlə yanaşı uşaqlar 3 yaşına çatanadək onların saxlanılması üçün əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən həmin aliment uşağa baxan valideynə münasibətdə tələb oluna bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi həmin haqqın uşaqlara deyil özünə ödənilməsi formasında ifadə edilmiş olsa idi belə qanunvericiliyin tələbinə əsasən iddiaçı cavabdehin həmin vəsaiti ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Ancaq iddiaçı tərəf bunu təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. İşin araşdırması zamanı da cavabdehin iddiaçıya uşaqlar 3 yaşınadək çatanadək aliment ödəməyə zəruri vəsaitə malik olmasını təsdiq edən hallar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi uşaqlar 3 yaşına çatmadıqları üçün əlavə ümumilikdə hər bir uşaq üçün 100 (bir yüz) manat haqq olmaqla, ümumilikdə 200 (iki yüz) manat pulun Cavabdeh alimentlə birlikdə alınıb özünə ödənilməsinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -26 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 31 avqust 2023-cü il təvəllüdlü X4 və 17 avqust 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -Cavabdeh 68 (altmış səkkiz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 26 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 31 avqust 2023-cü il təvəllüdlü X4 və 17 avqust 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar