Məhkəmə qərarları › İş №2(078)-1472/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1472/2024

20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1472/2024 20.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə Həsənova (Məmmədova) Xanım İbrahim qızı arasında 10 noyabr 2005-ci il tarixdə Babək rayon VVAQ şöbəsində nikah bağlanmış və bu barədə 331 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 06 avqust 2006-cı il təvəllüdlü X3 və 19 may 2010-cu il təvəllüdlü X4 adlı övladları doğulmuş, A.Həsənov yetkinlik yaşına çatmışdır. Babək Rayon Məhkəməsinin 2(079)-42/2019 nömrəli 13 mart 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra uşaqlar atası Cavabdeh yanında saxlanılmışdır. Babək Rayon Məhkəməsinin 2(079)-32/2022 nömrəli 03 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında qalması tələbi təmin olunaraq may 2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 noyabr 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirib ailə qurub. Həmin nikahdan iki övladımı doğulmuşdur. Aralarındakı nikah qeydi Babək Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(079)- 42/2019 nömrəli qətnaməsi ilə pozulmuş və hər iki uşaq ataları Cavabdeh yanında saxlanılmışdır. Buna görə də o, 3 il uşaqların saxlanılması üçün ataları Cavabdeh aliment ödəyib. Lakin 08 oktyabr 2021-ci il tarixdə kiçik oğlu 19 may 2010-cu il təvəllüdlü X4 atasının yanından ayrılaraq gəlib onunla birlikdə yaşamağa başladı. Buna görə də o, məhkəmədə iddia qaldırmış və Babək Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(079)-32/2019 nömrəli qətnaməsi ilə 19 may 2010-cu il tarixdə doğulmuş X2 onun yanında saxlanılmasına dair qətnamə qəbul olunmuşdur. Buna görə də alimenlin icraatına xitam verilmiş və o aliment ödəməmişdir. Artıq böyük oğlu 06 avqust 2006-cı il təvəllüdlü X3 18 yaşını tamamlayıb, hərbi çağrışçıdır. Özü işləsə də aldığı əmək haqqı yetəri qədər deyil. Tək qadın olaraq övladının saxlanılmasında çətinlik çəkir. Hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da büdcəyə təsir edir. Bu səbəbdən də övladının saxlanması, inkişafı və gələcəyi üçün Cavabdeh aliment tələb edir. Orxan Naxçıvan MR Babək Rayon Xəstəxanasının X7 şöbəsində sürücü işləyir və yüksək məbləğdə qazanc əldə edir. X1 aliment tələbi barədə müraciət etsə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən orada məsələ öz müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, o, məhkəmədə vəkil və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə oxşar izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razılaşmır. Əvvəl hər iki övladı məhkəmə qətnaməsi ilə onun yanında saxlanılmışdır. Böyük oğlu yetkinlik yaşına çatıb. Kiçik oğlu isə son iki ildir ki, anasının yanında yaşayır. 700 manat əmək haqqı alır. 2 xəstəyə baxmaq məcburiyyətindədir. 100 manat aliment ödəməyə imkanı çatar. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 19 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 07 oktyabr 2024-cü il tarixdə hesablanmaqla hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 19 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar