Məhkəmə qərarları › İş №2(078)-1571/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1571/2025

06.02.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1571/2025 06.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı bağışlama müqaviləsinin ləğv olunması tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: bağışlama müqaviləsinin ləğv olunması tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1nə qarşı bağışlama müqaviləsinin ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı Cavabdeh2 qarşı bağışlama müqaviləsinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, 1416 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.İddiaçı 12 yanvar 2026-cı il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1416 reyestr nömrəli müqavilənin və Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 1512 reyestr nömrəli müqavilənin ləğv edilməsi şəklində baxılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evi mərhum həyat yoldaşından ona miras qalmışdır. 4.2023-cü ilin dekabr ayında oğlu, gəlini Cavabdeh3 və onun xalası Qənirə onu aldadaraq mülkiyyətində olan fərdi yaşayış evini oğlunun adına keçirməyini tələb etdilər. Dedilər ki, əgər evi oğlunun adına keçirtməsən evi dövlət əlindən alacaq, gəl keçirt oğlunun adına ki, gələcəkdə heç bir problem olmasın. Onların bu sözlərinə inanaraq 15 dekabr 2023cü il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh2 hədiyyə edərək onun adına keçirmişdir. Oğlu və həyat yoldaşı iddiaçını aldadaraq bildirdilər ki, narahat olma səni saxlayacağıq. İddiaçı onların şirin sözlərinə aldanib evi oğlunun adına bağışlamışdır. Oğlu isə 2024-cü ilin yanvar ayında həmin evi gəlini Cavabdeh3 adına keçirtdi. Bundan sonra oğlu, həyat yoldaşı və gəlininin valideynləri onu öz evindən qovub çölə atdılar. 5.Qeyd edir ki, təqaüdçüdür, əlavə olaraq Naxçıvan MR Yaşıllaşdırma idarəsində işləmişdir. Aylıq 330 manat maaş almışdır. Lakin oğlu onun əlindən pensiya və maaş kartını da alaraq özü xərcləyirdi. Aylıq 40 manat ona pul verirdi. Oğlundan pensiya və maaş kartını istədikdə iddiaçıya şiddət göstərərək kartlarını özünə verməmişdir. Oğlu və gəlini iddiaçını çox incidir, təhqir edir və şiddət göstərirdilər. Dəfələrlə oğlu və gəlini tərəfindən döyülərək evdən qovulmuşdur. Hər dəfəsində niyə belə edirsən deyə soruşduqda, ev mənimdir özüm bilərəm deyirdi. İddiaçı namümkün qalaraq banka müraciət edib yeni kart almışdır. Sonuncu dəfə 2024-cü ilin noyabr ayının 7-də oğlu iddiaçıdan yeni kartlarını tələb etdi, lakin kartları onlara verməmişdir. Həmin vaxt oğlu, gəlini və gəlininin anası tərəfindən döyülərək evdən qovulmuşdur. Bildirir ki, qalacaq başqa yeri yoxdur. Hazırda öz evi olsa da hərdən bir qohumunun evində yaşayır. Bu səbəbdən də məhkəməyə müraciət edərək bağışlama müqaviləsinin ləğv edilməsin mülkiyyətinin özünə qaytarılmasını istəyir. 6.İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının, 60, 72-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 aprel 2024-cü tarixli Plenumunun qərarına, Ailə Məcəlləsinin 1.3-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında iştirak edən iddiaçı X11 iddia tələbini müdafiə edərək bildirdi ki, hər ay 800 manat kartı cavabdehdə olmasına baxmayaraq onlara pul vermişdir. Ayda öz pensiyasından 40 manat ona pul verilirdi. Sonuncu dəfə məscidin yanında maşın vuracaqdı. Gəlininə ayaqqabı almasını demiş, lakin gəlini pul olmadığını demişdir. Daha sonra gedib kartını dəyişmiş, işin kartını da qızına vermişdir. Evdən 27 noyabr 2024-cü il tarixdən döyüb çıxarmışlar. Oğlu döyəndən sonra qızını zəng edib çağırmışdır. Evi oğlunun adına keçirmə səbəbi, həyat yoldaşı vəfat edəndən 5 ay sonra telefon bağlandığından açdırmaq üçün poçta yaxınlaşmış, orada da vəfat edən şəxsin adına telefonu açmaq olmaz, öz adına keçirib sonra gəlməsi bildirilmişdir. Uşaqlar ərizə yazmış və evi onun adına keçirmişdirlər. Dekabr ayında cavabdeh digərlərinin evi olduğuna görə, bu evin onun adına keçirilməsini iddiaçıya bildirmişdir. İlk dəfə iddiaçı da evi gəlinin adına keçirməyi demiş, lakin sonradan oğlunun adına keçirmişdir. Evi bağışlamadan əvvəl münasibətlər yaxşı idi, lakin evi onların adına keçirdikdən sonra münasibətlər yaxşı olmamışdır. Evi bağışlayandan sonra təmir olunmamış otaqda qalması bildirilmişdir. Gəlini 2023-cü ilin may ayından gəlmişdir. Gəlinin xalası torpaq komissiyasında işlədiyindən gəlib evi adlarına keçirməsələr dövlətə keçəcəyini bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 8.xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 aprel 2024-cü tarixli Plenumunun qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina halı ilə bağlı xüsusilə ailə və ailə hüquq münasibətləri anlayışlarına aydınlıq gətirilməsini vacib hesab edir. Konstitusiyanın 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olduğu təsbit edilərək, onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu səbəblə de etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi Konstitusiya ilə dövlət üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 9.xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, nişanlı olan vaxtdan ev təmirsiz halda olmuşdur. 32 minə yaxın o evə təmir üçün pul qoymuşdur. Nişanlı olan vaxta da evin onun adına keçəcəyini bilməmişdir. Evi 3 oğlana görə bölünəcəkdi, lakin çox hissə ortancıl qardaşına verilmişdir. Qardaşı ilə arasında problem yaranmasına da anası səbəb olmuşdur. Evi yoldaşının adına keçirmə səbəbi isə 1-ci yoldaşından uşaq dünyaya gəlmişdir, lakin o uşağın atası deyil. Buna görə də o evdən o uşağa pay düşməsin deyə evi yoldaşının adına keçirmişdir. Mübahisəli ev atasından anasına, anasından da onun adına keçmişdir. Onlar barışığa gəlməmişdirlər. Həmin vaxt anası qızıgildə qalırdı. Arada problemlər olduğuna görə anası getmişdir. Şokolad evə alınmışdır və bu ev üçündür. Qonaq gedib gələndə konfet qabı boş idi. Anası taksi ilə evə gəlmiş və demişdir ki şokoladdan zəhərlənmişdir. Ayaqyoluna gedəndə belə gəlin otağının qapısını bağlayıb gedir. Qapının kilidini dəyişməyə gərək qalmamışdır. Anasına 1 dəfə də get deməmişdir. Anasının qonşularına da, Azərbaycan Beynəlxalq Banka da borcları vardır. Nişanlı vaxtı nişanlısı pul vermişdir ki, get borcunu bağla. Anasına yumruq da vurmamış, nalayiq sözdə deməmişdir. Səbəb elə kartı ləğv etməsi olmuşdur. 32 min manat pulu versinlər evin sənədini geri qaytaracaqdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş və Cavabdeh1 iştirakları olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. İddiaçı və iddiaçının vəkili gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər.

11. Məhkəmə işə İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

12. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 iyul 2017-ci il tarixdə verilmiş MH seriyalı,0054639 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmışdır.

13. İddiaçı ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair 01 dekabr 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

14. İş materiallarında olan, Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 dekabr 2023-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmışdır.

15. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli notarial təsdiqli ərizələrin surətinə əsasən, Cavabdeh2 öz adından və X7 əvəzindən İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin bağışlanmasına heç bir etirazının olmadığını bildirmişdir.

16. İş materiallarında olan, “Elektron notariat” X1 çıxarışa əsasən, X15 tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir.

17. İş materiallarında olan, 26 oktyabr 2023-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X15 atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən ona düşən paydan anası İddiaçı xeyrinə imtina etmişdir.

18. İş materiallarında olan, 01 dekabr 2023-cü il tarixdə bağlanmış miras payın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, Cavabdeh2 öz adından və X7 əvəzindən ataları X3 miras qalmış ünvan 3 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini İddiaçı bağışlamışlar.

19. İş materiallarında olan, 15 dekabr 2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, Əliyeva X6 şəhəri, 54-cü məhəllə, döngə 8, ev 5 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.

20. İş materiallarında olan, 28 dekabr 2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən aydın olur ki, Əliyev X9 şəhəri, 54-cü məhəllə, döngə 8, ev 5 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evini Cavabdeh3 bağışlamışdır.

21. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Texniki Pasportunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi subyekti Cavabdeh3 olduğu qeyd edilmişdir.

22. İş materiallarında olan, Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmışdır.

23. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində İddianın təmin edilməsi, 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin etibarsız hesab olunması, 28 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi ləğv edilməsi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmasına dair 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” ləğv edilməsi qət edilmişdir.

24. İş materiallarında olan, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)- 155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Naxçıvan şəhər “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası əsaslı olduğundan qəbul edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamənin tamamilə ləğv edilməsi və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

25. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Əntiqəgilin evi Hüseyn Cavidin məzarının üzərində yerləşdiyindən o zaman evləri plana salınmış və mikrorayona köçmüşlər. Hüseyn Cavidin bacısı Turan Cavid soruşmuşdur ki, istəyiniz nədir, o zaman qaynanası qızına ev istəmişdir. Nəticədə Əntiqəyə 3 otaqlı mənzil verilmişdir. Daha sonra o evi satıb yeni ev alan zaman Əntiqə yoldaşına evi öz adına keçirməsini demiş, yoldaşı da qəbul edib öz adına keçirmişdir. Yoldaşı vəfat edəndən 6 ay sonra Əntiqə evi öz adına keçirmişdir. Oğlu Mehdi bildirmişdir ki, evin sonuncu uşağı mənəm, sənə mən baxacam evi adıma keçir. Əntiqədə evi oğlunun adına keçirmiş təxminən ondan 18 gün sonra Mehdi də evi yoldaşının adına keçirmişdir. Qızlar evə gedən zaman gəlin evin onun olduğunu və heç kimin gəlməməsini bildirmişdir. Bir gün Əntiqə ağlayaraq onlara gəlmiş, nəyə ağladığını soruşanda Mehdi, qaynanası və yoldaşı onu döydüyünü demişdir. Bu zaman ona polisə məlumat verməsini bildirmiş, oğlu Hüseyn də ayıb olduğunu dediyindən şikayəti geri götürmüşdür. Əntiqə həm pensiya, həm də işləyib əmək haqqı alır, lakin kartlar Mehdinin əlindədir. Mehdi evin hamam-tualetindən anasının istifadə etməməsinə icazə verməmişdir. Əntiqə kartlarını ləğv edəndən sonra onu döymüşdürlər. Məhkəməyə müraciət etmədən bir müddət əvvəl onu döyüb evdən atmışdırlar. Mehdi demişdir ki, otağında qalsın oradan da çölə çıxsın. Əntiqə baldızı olduğundan onlara gedib gəlmişdir. Gəlin gələndən sonra o evə gedib-gəlməmişdirlər. Yeni gəlin ana və balanın arasını vurmuşdur. Aralarının pozulma səbəbinin nə olduğunu tam bilmir. Sadəcə Mehdi çayın yerə töküldüyünü, çay qaynayan zaman evin buxar olduğunu bildirir.

26. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, İddiaçı bibisidir. İlk dəfə barışığa gedən zaman, bibisinin adı çəkilməyərək Mehdi tərəfindən nalayiq ifadələr işlədilmiş və barışıq olmamışdır. Bibisinin pensiya kartı uzun müddətdir Mehdigildədir. Aralarında barışıq olmadığından bibisi gedib kartları bağlatdırmışdır. Əvvəl ev bibisinin adında olan zaman, həmçinin Mehdinin adına keçən zaman da mehribançılıq olmuşdur. Mehdinin yoldaşının adına keçəndən sonra bu problem yaranmışdır. Bir neçə dəfə barışıq üçün gedən zaman, Mehdi, qaynanası və qaynatası bildirmişdir ki, hamam-tualetin qapısını bağlayıb gedəcəklər. Hər dəfə barışığa gedən zaman eyni şeylər deyilirdi. 2024-cü ildə bibisini döyüb evdən çölə atmışdırlar. Ev gəlinin adına keçən zamana kimi münasibətləri çox yaxşı olmuşdur. Bibisi evdən döyülərək çıxmışdır.

27. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, İddiaçı bibisidir. Bibi oğlusu hadisəni eşidəndən sonra getmiş və hadisə haqqında söhbət etmişdir. Anasının yaşlı olduğunu, çayı o töksə də onu yığışdırmağın borcları olduğunu Mehdiyə bildirmişdir. Həmin sözə qarşı bibioğlusu nalayiq ifadələr işlətmiş, onun üstündən bir müddət keçəndən sonra bibisi zəng etmiş və özünü öldürəcəyini bildirmişdir. Bibisi Mehdinin onu döydünü demişdir. X17 məqbərəsinin yanından gedib götürmüşdür. Bibisi həmin vaxt gözündən əməliyyat olunmuşdur. Gözünün altında qaralma var idi. Bibisini toz torpağın içərisində götürüb aparmışdır. Bibisi bu günə kimi hərdən bir adamın evində yaşayır. Bu hadisə baş verənə kimi münasiblər yaxşı olmuşdur. Evi Mehdi yoldaşının adına keçirdikdən sonra münasibətləri pozulmuşdur. Mehdi anasının evin yan tərəfində olan 1 otaqlı evdə qalmasını demişdirlər. Lakin orda nə mətbəx, nə hamam heç nə yoxdur. Hər şey gəlin gələndən sonra olmuşdur. Əmicanısı, əmioğlusu və o gedib Mehdi ilə danışanda səbəb narın suyunun yerə tökməsi olmuşdur.

28. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, İddiaçı qaynanasıdır. Əvvəl gəlini ilə mehriban idi. Bir dəfə qaynıgilə getmiş və orada su söhbəti olmuşdur. Gəlin qaynanasının narı yerə tökdüyünü bildirir. Qaynanasıgilə gedən zaman qaynı anasını vurmaq istəyəndə, araya keçmiş barmağı çıxmışdır. Hər gün evdə sözsöhbət olur. Onlara da burada qonaq olduqlarını söz deməyəcəklərini bildirirlər. Evi adına keçirəndən sonra gəlin bura qədər baxdığını, bundan sonra isə qayanasına baxmayacağını bildirmişdir. Hamısı o evin təmirinə kömək etmişdir. Evi alan zaman qaynatası divarı tikmişdir. Gəlində divarı sökəcəklərini demişdir. Gəlin təzə gələn vaxtlar yaxşı idi, ev gəlinin adına salınandan sonra münasibətlər pisləşmişdir. Qaynanasına demişdir ki, niyə suyu açırsan. Qaynanasının başına Mehdi yumruqla vurmuşdur. Sonuncu hadisə zamanı yoldaşı orada olmuşdur. Bir ara qaynı və qaynanası ilə küs olmuşdurlar. Nə vaxt oraya getsələr Mehdinin yoldaşı siz qonaqsınız işlərə qarışmayın demişdir. Qaynanasını aldadaraq evi öz adlarına keçirmişdirlər. Aldadılmanı qaynanasının özü demişdir. Bir dəfə qaynanası ağlayaağlaya zəng etmiş Mehdinin onu döydüyünü, Hüseynə zəng etməsini demişdir.

29. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, İddiaçı oğludur. Atası rəhmətə gedəndən sonra, qardaşına qız istəməyə getmiş, qızda təmirsiz evə gəlməyəcəyini dediyindən evin təmirinə kömək etmişdir. Mehdi birinci bacısını evdən göndərmişlər. Daha sonra evi anasından da öz adlarına keçirmişdirlər. Qardaşının qaynanası və arvadı onun bacısı və anasını döymüşdürlər. Anası polisə zəng etmiş lakin problem böyüməsin deyə polisə demişdirlər ki səhvliklə 103-ə zəng etməyə 102-ə zəng etmişdir. Qardaşı gözünün önündə anasını vurmuşdur. Hətta anasına get ev sənin deyil demişdirlər. Əməliyyatlı gözünün altından vurmuşdurlar. Barışıqla bağlı dayıoğlusu getmiş, o getməmişdir. Ev adına keçirənə qədər münasibətləri yaxşı olmuşdur. Anasının adına da 8 min manat pul götürmüşdürlər. Atası vəfat edəndən 1 il sonraya kimi birlikdə yaşadılar. Sonra gedib anasının adına evi keçirmişlər. Evi gəlinin adına keçirdiyindən heç kimin məlumatı olmamışdır. Anasına desə də gəl mənimlə get, anası getməmişdir. Neçə dəfə Mehdi anasını döymüş, hətta bir dəfə də döyən zaman araya yoldaşı girmiş və yoldaşının da barmağı qırılmışdır. Deyilənə görə problemə səbəb anasının narı, suyu yerə tökməsi olmuşdur.

30. xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Əntiqə qardaşının yoldaşıdır. Ancaq gəlini və oğlundan şikayət edirdi. Gəlin ona demişdir ki, atasının çörəyini yeyir. Narı yerə tökür, çay qaynayanda buxarlanır oboylar qopur. Gəlin təzə gələndə çox mehriban idi. Əntiqənin gəlini və oğlu Əntiqəyə demişdir ki, evi adımıza biz sənə baxacağıq. Mehdi və onun yoldaşı Əntiqəni döymüş və evin kilidini də dəyişmişdirlər ki evə getməsin. Bir dəfə də onlara gedəndə şkafın qapısı yan durduğunu görmüş, Əntiqədən soruşanda Mehdinin onu vuran zaman elə olduğunu demişdir. Əntiqə birinci gedib qardaşıgildə qalmış sonra onlara gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Sonra gəlin gələndən sonra belə olmuşdur. Səbəb isə ən adi şeylər olmuşdur. Tətbiq edilən hüquq:

Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsı:

31. 60-cı mаddənin İ bəndi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

32.Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:  6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;  6.1.4. mülkiyyətin toxunulmazlığı;  6.1.5. müqavilələr azadlığı;  6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;  6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

35. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

39. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

41. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

42. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

43. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:  673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;  673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;  673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

44. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

45. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarı:

46. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır.

“Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarı:

47. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

48. Maddə 2.1. Mülki işlər vəkommersiya mübahisələriüzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

50. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

56. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

57. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

62. Məhkəmə iddiaçını, iddiaçının vəkilini, cavabdehi və şahidləri dinləyib, iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

65. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir

66. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

68. Məhkəmə qeyd edir ki, hazırki işin mübahisəsiz hallarından görünür ki, tərəflər qohumluq münasibətlərində olmaqla, iddiaçı cavabdehlərin anası və qayınanasıdır.

69. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi);

70. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

71. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

72. Məhkəmə qeyd edir ki, istər tərəflərin izahatlarından, istər onların məhkəmə iclas zalındakı rəftarlarından, istərsə də şahidlərin ifadələrindən aydın olmuşdur ki, iddiaçı və cavabdehin-oğlunun münasibətləri əmlak bağışlanana qədər normal olmuş, tərəflər arasında ailə bağlarından irəli gələn inam, etibar olmuşdur. Bunun müqabilində-qarşılıqlı inam və etibar nəticəsində iddiaçı ərindən miras qalan evini öz adına sənədləşdirib cavabdehə bağışlamışdır.

73. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətlər ev cavabdehin həyat yoldaşına bağışlanmasından sonra kəskin şəkildə pisləşmişdir. İddiaçı yaşlı olmasına baxmayaraq, əmək fəaliyyəti ilə məşğul olmuş, lakin onun əmək haqqı kartı uzun müddət cavabdehin (gəlininin) nəzarətində qalmışdır. Bu hal iddiaçının iqtisadi asılılıqda saxlanıldığının bariz göstəricisidir.

74. Şahid ifadələri ilə təsdiq olunur ki, ev sənədləşdirildikdən dərhal sonra iddiaçıya qarşı münasibət mənfiyə doğru dəyişmişdir. Münaqişənin pik nöqtəsi iddiaçının öz əmək haqqı kartı üzərində sərəncam hüququnu bərpa etməsi (köhnə kartı bağlatdırıb yenisini alması) olmuşdur. Məhz öz maliyyə vəsaitinə sahib çıxmaq istəyi iddiaçının evdən qovulması ilə nəticələnmişdir.

75. Məhkəmə qeyd edir ki, cavabdehin "onu qızı apardı" iddiasına rəğmən, iddiaçının evi öz iradəsi ilə deyil, yaranmış dözülməz psixoloji mühit səbəbindən məcburi tərk etdiyi aşkar görünür. İddiaçı faktiki olaraq həmin evdə yaşayış hüququndan məhrum edilmişdir.

76. Digər tərəfdən isə Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, evi qaytarmağa bir şərtlə razıdır ki, onların evin təmirinə çəkdikləri xərci iddiaçı qarşılasın. Lakin bununla bağlı cavabdehlər məhkəməyə qarşılıqlı iddia tələbi irəli sürməmişdir.

77. Məhkəmə iddiaçının yaşlı olmasını, onun 2024-cü ilin noyabr ayından ayrı-ayrı ünvanlarda yaşamasını, yaşamaq üçün öz evi olmadığını nəzərə alır və qeyd edir ki, iddiaçının həmin əmlakı bağışlamaqdan imtina etməsi üçün əsaslar mövcud olmuşdur.

78. Məhkəmə, məhkəmə iclasında tərəflərin bir-birinə rəftarını valideyn-övlad münasibətlərinin tamamilə pozulması, sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkət kimi qiymətləndirir və qəbuledilməz hesab edir. Məhkəmə bu qənaətə gələrkən işin həqiqi hallarını eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilən faktiki vəziyyəti nəzərə alır və qanunun tələbi, Plenum Qərarında formalaşmış mövqe ilə yanaşı öz daxili inamını və vicdanını əsas tutub iddianın təmin edilməsini ədalətli və əsaslı hesab edir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

80. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

81. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi və 28 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi ləğv edilməlidir.

82. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

83. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nə 27 oktyabr 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

84. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiа təmin edilsin. 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi və 28 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçını özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elekton Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar