Məhkəmə qərarları › İş №2(078)-1648/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1648/2025

03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1648/2025 03.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(078)-483/2015 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin indeksasiya olunması barədə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-215/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.95 misli miqdarında sabit pul məbləğində alimentin azaldılaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.62 misli miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh ilə xx.xx.2006cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 05 sentyabr 2007-ci il təvəllüdlü X12 və 14 mart 2010-cu il təvəllüdlü X14 adlı iki uşaqları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)-425/2014 saylı qətnaməsilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlarının cavabdehin yanında qalmaları və ondan xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay işlədiyi təqdirdə aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit məbləğdə alimentin tutularaq xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Əhmədova (İbrahimova) Türkanə Rəsul qızına ödənilməsi qət edilmişdir. Eyni zamanda cavabdehin müraciəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(078)-483/2015 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşınadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Sonradan cavabdeh müəyyən olunmuş alimentin indeksasiya olunması məqsədilə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-215/2025 saylı qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(078)-483/2015 saylı qətnaməsilə xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Özünün sabit iş yeri və qazancı yoxdur. Fəhlə olaraq iş olduğu təqdirdə gündəlik işlərdə işləyir. Haliyədə isə qış fəsli gəlir ki, bundan sonra gündəlik işlər yaz fəslinədək dayanacaqdır. Buna baxmayaraq məhkəmənin sözügedən qərardadına əsasən o, hər ay 1 uşağa görə 380 manat aliment ödəməlidir. Eyni zamanda əlavə olaraq Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-788/2024 saylı qətnaməsinə əsasən ikinci evliliyindən olan uşağı xx.xx.2015-ci il təvəllüdlü X2 üçün 200 manat məbləğində aliment ödənilməsi müəyyən edilmişdir. Həmin alimenti, həmçinin yaşamaq üçün özünün gündəlik zəruri xərclərini belə ödəyə bilmir. Cavabdeh isə Bakı şəhərində yaşayır, orada "xxxx" QSC-nin mühafizə şöbəsində mühafizəçi işləyərək aylıq 662.86 manat əmək haqqı almaqla zəruri vəsaitə malikdir. Həmçinin qeyd edir ki, qərardadla müəyyən olunmuş aliment ölkə üzrə uşaqların saxlanması üçün nəzərdə tutulmuş yaşayış minumumundan 1.5 dəfə artıqdır. İddiaçı 13 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hal-hazırda iddia tələbini dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2015-ci il tarixli, 2(078)-483/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 8(078)-215/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin indeksasiyasını dəyişdirməklə (azaltmaqla) 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.95 misli miqdarında indeksasiyanın 0.62 misli miqdarınadək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1648/2025 nömrəli, 13 yanvar 2026-cı il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2015-ci il tarixli, 2(078)-483/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 8(078)-215/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin indeksasiyasını dəyişdirməklə (azaltmaqla) 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.95 misli miqdarında indeksasiyanın 0.62 misli miqdarınadək azaldılması həddində baxılması qərara alınmışdır. Cavabdeh 24 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən aliment məbləğinin azaldılması barədə təqdim edilmiş iddia ərizəsi faktiki hallar, mövcud məhkəmə aktları və qanunvericiliyin tələbləri ilə uzlaşmır, eyni zamanda iddiaçının öz aliment öhdəliyini sistemli şəkildə yerinə yetirmədiyi şəraitdə irəli sürülmüşdür. Mövcud iş üzrə alimentin azaldılması tələbi uşağın üstün mənafeyinə zidd, prosessual hüquqlardan suiistifadə xarakterli və qeyri-vicdanlı davranışın nəticəsi kimi qiymətləndirilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(078)-215/2025 saylı qərardadı ilə aliment məbləği indeksasiya edilmiş və alimentin Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 misli həddində tutulması müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, qərardadın icra edildiyi dövrdə qüvvədə olan minimum əmək haqqının məbləği nəzərə alındıqda, aliment öhdəliyi aylıq faktiki olaraq təxminən 380 (üç yüz səksən) manat təşkil etmişdir. Beləliklə, aliment öhdəliyi sabit deyil, iqtisadi göstəricilərə uyğun indeksasiya olunan, uşağın real ehtiyaclarını nəzərə alan hüquqi mexanizm əsasında müəyyən edilmişdir. İddiaçı aliment öhdəliyini tam və vaxtında yerinə yetirməmişdir. Belə ki, iddiaçının əvvəlki illər üzrə 4518 (dörd min beş yüz on səkkiz) manat məbləğində yığılmış aliment borcu mövcuddur. Hazırda isə indeksasiya olunmuş aliment üzrə 1140 (bir min bir yüz qırx) manat ödəməli olduğu halda, hər ay 150 (bir yüz əlli) manat olmaqla faktiki olaraq 450 (dörd yüz əlli) manat ödəmişdir. Nəticədə 690 (altı yüz doxsan) manat məbləğində cari aliment borcu yaranmışdır. Bu faktlar iddiaçının iddia ərizəsində qəsdən göstərilməmiş, məhkəmə yanlış təsəvvürə salınmağa cəhd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə dədiqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçı isə maddi vəziyyətinin pisləşməsini təsdiq edən heç bir sübut təqdim etməmiş, real gəlir imkanlarını açıqlamamış, mövcud aliment borcunu ödəmədiyi halda alimentin azaldılmasını tələb etmişdir. Bu isə vicdanlı hüquqi davranış meyarlarına ziddir. Aliment öhdəliyinin məqsədi uşağın normal yaşayış, təhsil və sosial təminatını qorumaqdır. İddiaçının alimenti natamam ödəməsi, borcun artmasına səbəb olması, sonradan alimentin azaldılmasını tələb etməsi uşağın mənafeyini birbaşa zədələyir və Konstitusiyanın 17-ci maddəsinə ziddir. Qərardadın icrası üzrə icra işi açılsa da, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən uzun müddət ərzində borclunun gəlirləri və əmlakı üzrə effektiv araşdırmalar aparılmamış, yalnız formal cavablarla kifayətlənilmiş, məcburi icra tədbirləri real nəticə verməmişdir. Borclunun 4518 (dörd min beş yüz on səkkiz) manat məbləğində yığılmış aliment borcu mövcud olduğu halda inzibati məsuliyyət mexanizmləri səmərəli tətbiq edilməmiş, İXM-in 528.1-ci maddəsi üzrə icraat formal xarakter daşımış, Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında göstərilən tələblər tam araşdırılmamışdır. Borclunun ölkədən çıxışına məhdudiyyətlə bağlı xx.xx.2025-ci il tarixli təqdimatın rədd edilməsi də icra prosesinin zəif sənədləşdirildiyini və qeyri-peşəkar aparıldığını göstərir. Bu hallar “İcra haqqında” Qanunun 7, 12, 82 və 84-1-ci maddələrinin faktiki olaraq pozulduğunu sübut edir. Mövcud vəziyyətdə alimentin tam ödənilməməsi cavabdehin davranışı ilə deyil, iddiaçının qeyri-vicdanlı davranışı və icra mexanizmlərinin səmərəsizliyi ilə bağlıdır. Belə şəraitdə alimentin azaldılması borclunun məsuliyyətsiz davranışını mükafatlandırmaq, uşağın mənafeyini daha da zəiflətmək deməkdir. İddia ərizəsində iddiaçı cavabdehin guya aylıq 662,86 (altı yüz altmış iki manat səksən altı qəpik) manat məbləğində əmək haqqı aldığını iddia edir. Lakin bu məlumat həqiqətə uyğun deyildir və sənədlərlə təsdiq olunmur. Faktiki olaraq cavabdehin aylıq əmək haqqı 400 (dörd yüz) manat təşkil edir ki, bu məbləğ Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqı həddindədir. İddiaçının cavabdehin gəliri barədə şişirdilmiş və reallığı əks etdirməyən məlumat təqdim etməsi, onun aliment öhdəliyindən yayınmaq məqsədi güddüyünü, habelə məhkəməni yanlış təsəvvürə salmağa çalışdığını açıq şəkildə göstərir. Qeyd edilməlidir ki, 400 (dörd yüz) manat məbləğində olan əmək haqqı cavabdehin özünün minimum yaşayış ehtiyaclarını, azyaşlı uşağın gündəlik saxlanma xərclərini, kirayə haqqını, kommunal və digər zəruri xərcləri qarşılamaq üçün obyektiv olaraq kifayət etmir. Cavabdehin iş yeri məlumatları ilə təsdiq olunur ki, onun faktiki aylıq əməkhaqqı 400 (dörd yüz) manat təşkil edir və iddia ərizəsində göstərilən 662,86 (altı yüz altmış iki manat səksən altı qəpik) manat məbləğində əmək haqqı barədə məlumat həqiqətə uyğun deyildir. Bu şəraitdə alimentin azaldılması cavabdehin və uşağın maddi vəziyyətini daha da ağırlaşdıracaq, uşağın üstün mənafeyinə ciddi zərər vuracaqdır. Yuxarıda göstərilənləri və iş materiallarını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 77, 88, 154-cü maddələrinə, Ailə Məcəlləsinin 76-cı maddəsinə və “İcra haqqında” Qanuna əsasən, iddiaçının aliment məbləğinin azaldılması barədə iddia ərizəsinin tam şəkildə rədd edilməsini, iddiaçının 4518 (dörd min beş yüz on səkkiz) manat məbləğində yığılmış aliment borcunun və indeksasiya olunmuş aliment üzrə 690 (altı yüz doxsan) manat məbləğində cari aliment borcunun mövcudluğunun nəzərə alınmasını, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-215/202025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin minimum əmək haqqının 0,95 misli həddində tutulması qaydasının icrasının zəruriliyinin ayrıca vurğulanmasını, icra prosesində yol verilmiş uzunmüddətli hərəkətsizliyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini və zəruri hesab edildiyi halda aidiyyəti üzrə təqdimat göndərilməsi məsələsinə baxılmasını və alimentin azaldılmasının uşağın üstün mənafeyinə zidd olduğunun məhkəmə qərarında əks etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, lakin 24 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi ilə bağlı iş üzrə məhkəmənın hazırlıq iclasının xx.xx.2026-cı il tarixdə saat 09:00-a təyin edildiyini, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" ASC-nin mühafizə departamentində mühafizəçi vəzifəsində çalışdığını və aylıq əməkhaqqının 400 (dörd yüz) manat təşkil etdiyini, bu məbləğin həm özünün, həm də övladının yalnız aylıq zəruri yaşayış xərclərini ödəməyə yetdiyini, maliyyə vəziyyəti səbəbindən Naxçıvana səfər etməyinin və məhkəmə iclaslarında şəxsən iştirakının mümkün olmadığını, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, 2(078)-1648/2025 saylı iş üzrə məhkəmə iclaslarının özünün şəxsi iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə göndərilən ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında özünün hər uşağa 100 manat olmaqla, iki uşağa görə ümumilikdə 200 manat aliment ödədiyini, sonra uşaqlardan birinin özünün yanında yaşadığı üçün ona aliment ödənilməməsi barədə cavabdehlə razılaşdıqlarını, 1 uşağa görə özünün 100 manat aliment ödədiyini, sonra alimentin indeksasiya edildiyini, 380 manat aliment ödəməli olduğunu, özünün buna gücünün çatmadığını, özünün başqa uşağı da olduğunu, ona da 200 manat aliment ödədiyini, çatdıra bilmədiyini, işsiz olduğunu, xəstə olduğunu, bu səbəbdən 380 manat müəyyən edilmiş alimentin azaldılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, iş üzrə tərəflərin 05 sentyabr 2007-ci il təvəllüdlü X12 və 14 mart 2010-cu il təvəllüdlü X14 adlı övladlarının olması, nikah pozulduqdan sonra uşaqların ananın yanında saxlanılması, uşaqların saxlanılması üçün Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2015-ci il tarixli, 2(078)- 483/2015 nömrəli qətnaməsi əsasında hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit məbləğdə alimentin İddiaçı Cavabdeh xeyrinə tutulmasının qət edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 05 sentyabr 2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatması və Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə qətnamə ilə uşağın saxlanılması üçün qət edilən aliment məbləğinin hər ay ölkə üzrə minimum əmək haqqının 0.95 misli həddində indeksasiya edilməsi işin mübahisəsiz hallarıdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5661 nömrəli arayışdan iş üzrə tərəflərin 14 mart 2010-cu il təvəllüdlü X14 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5621 nömrəli arayışdan iş üzrə tərəflərin arasında bağlanmış nikahın pozulması, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21 noyabr 2014-cü il tarixdə 96 nömrə ilə qeyd edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-425/2014 nömrəli, 20 oktyabr 2014-cü il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən İddiaçı cavabdeh X6 qarşı nikahın pozulmasına dair iddia tələbinin təmin edilməsi, İddiaçı ilə X9 arasında Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən 06 noyabr 2006-cı il tarixdə bağlanmış 411 nömrəli nikah qeydinin pozulması, 05 sentyabr 2007-ci il təvəllüdlü X12 və 14 mart 2010-cu il təvəllüdlü X11 anaları X4 yanında saxlanılması və İddiaçı xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay işlədiyi təqdirdə aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər ay bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit məbləğdə alimentin tutularaq 05 sentyabr 2007-ci il təvəllüdlü X10 və 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 xeyrinə ödənilməsinin qət edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2015-ci il tarixli, 2(078)-483/2015 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Naxçıvan Şəhər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli, 2(078)-425/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi və İddiaçı 15 may 2015-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit məbləğdə alimentin tutularaq 05 sentyabr 2007-ci il təvəllüdlü X12 və 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə ödənilməsinin qət edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadından Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2015-ci il tarixli, 2(078)-483/2015 nömrəli qətnaməsi ilə 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı tutulan hər ay 100 (bir yüz) manat miqdarında sabit pul məbləğində alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində indeksasiya edilməsinin qərara alınması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-788/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X5 arasında 30 aprel 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 158 nömrəli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 11 noyabr 2015-ci il təvəllüdlü X8 anası X3 yanında saxlanılması və İddiaçı 23 aprel 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 11 noyabr 2015-cı il təvəllüdlü X1 üçün X3 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 380 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu isə maddi vəziyyətinin zəif olması, işsiz olması, həmçinin yenidən evlənməsi, həmin evlilikdən də 1 uşağının doğulması, həmin uşağa görə də 200 manat aliment ödəməsi kimi dəlillərlə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. İş materiallarından və iddiaçının izahatından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2015 nömrəli, 05 iyun 2015-ci il tarixli qətnaməsi əsasında aliment təyin olunan vaxt iddiaçının başqa uşağı olmamış, hazırda isə aliment ödədiyi uşaqdan əlavə bir uşağı da vardır və həmin uşağa da 200 manat miqdarında sabit pul məbləğində aliment ödəyir. Hazırda isə Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan əmək müqaviləsi, pensiya və ya sosial müavinət əsasında gəlirinin olması müəyyən olunmamışdır. Bununla birlikdə Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə qət edilən alimentin məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 380 (üç yüz səksən) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı gəlirlərinin müəyyən edilməməsini, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülsə də iddiaçının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində (hal-hazırda 380 manat) aliment ödəməyə maddi imkanının olduğunu təsdiq edən sübutların etiraza əlavə edilməməsini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi nəticəsində 380 manat aliment öhdəliyinin yaranmasına görə iddiaçının özünün və digər uşağının ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, həmçinin iddiaçının digər nikahdan olan uşağına görə də 200 manat aliment ödəməsini onun ailə vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2026-cı ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 483/2015 nömrəli, 05 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.65 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2015 nömrəli, 05 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.65 misli həddində müəyyən edilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; -iddia qalan hissədə rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-483/2015 nömrəli, 05 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 mart 2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)- 215/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.65 misli həddində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar