Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-167/2023 20.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 06 yanvar 2023-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 16 noyabr 2009-cu il tarixdə doğulmuş X2 və 29 yanvar 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, 07 iyul 2008-ci il tarixdə Naxçıvan MR Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmaqla Cavabdeh ilə evlənib, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladları 16 noyabr 2009-cu il təvəllüdlü X4 və 29 yanvar 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Ailə qurandan sonra Bakı şəhərində qaynana və qaynatası ilə birliklə yaşamışdır. Orada yaşadığı 9 il ərzində qaynanasının ona qarşı münasibəti pis olmuş həyat yoldaşı Cavabdeh da onun tərəfində dayanaraq onu müdafiə etmişdir. Orada yaşamaq dözülməz həddə çatdığından 2017-ci ildə evdən çıxıb valdeyinlərinin yanına Naxçıvan şəhərinə qayıtmışdır. Bu illər ərzində övladlarının atası Cavabdeh uşaqları ilə maraqlanmamış onlara heç bir maddi köməklik göstərməmişdir. Onlar bütünlüklə atasının qazancı ilə yaşamışlar. Övladları artıq böyüyüblər, o, təkbaşına atasının dəstəyi olsa belə onları dolandırmaqda çətinlik çəkir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət edir. Alimentlə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət olunub, lakin Cavabdeh Mediasiya Sessiyasında iştirak etmədiyindən müvafiq arayış alınaraq iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh Azərbaycan Dövlət Neft şirkətinin “Neftqaztikinti” Tresində işləməklə həmişə yaxşı əmək haqqı almışdır, lakin bu illər ərzində övladlarına heç bir köməklik göstərməmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil1 məhkəməyə verdiyi izahatında iddiaçının izahatına hər hansı bir əlavəsi olmadığını bildirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmədə verdiyi izahatında iddiaçı və cavabdehin 07 iyul 2008-ci il tarixdə Kəngərli rayonu Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahdan 16 noyabr 2009-cu il təvəllüdlü X4 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 dünyaya gəldiyini, iş üzrə tərəflərin hazırda ayrı yaşadıqlarını, onların birgə nikahından doğulan uşaqlarının iddiaçının yanında yaşadıqlarını, cavabdehin aliment təyin olunmasına etirazı olmadığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Kəngərli rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyul 2008-ci il tarixli, AZ-İ seriyalı, 415140 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında 07 iyul 2008-ci il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş Kəngərli rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 dekabr 2009-cu il tarixli, AZ-İİ seriyalı, 340245 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 16 noyabr 2009-cu il təvəllüdlü X4 adlı övladlarının doğulması aydın olur. İş materiallarına əlavə olunmuş Kəngərli rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 mart 2011-ci il tarixli, AZ-İİ seriyalı, 510562 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 29 yanvar 2011-ci il təvəllüdlü X5 adlı övladlarının doğulması aydın olur. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "Negtqaztikinti" trestinin 2 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işləyir, onun aylıq əmək haqqı 1406.14 (min dörd yüz altı manat on dörd qəpik) manatdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış X4 və X5 hazırda iddiaçının yanında qaldıqlarından və cavabdeh uşaqlarının saxlanmasında iştirak etmədiyindən uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan 06 yanvar 2023cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddia təmin edildiyindən 76.24 (yetmiş altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -06 yanvar 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 16 noyabr 2009-cu il təvəllüdlü X2 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilməli; - Cavabdeh 76.24 (yetmiş altı manat iyirmi dörd qəpik) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 06 yanvar 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 16 noyabr 2009-cu il təvəllüdlü X2 və 29 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 76.24 (yetmiş altı manat iyirmi dörd qəpik) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-167/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-167/2023
20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver