Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-176/2025 28.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Bayram (Kəngərli) Nurtən Hüseyn qızının iştirakı ilə İddiaçı Bayram (Kəngərli) Nurtən Hüseyn qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Bayram (Kəngərli) Nurtən Hüseyn qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahdan 04 iyul 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancın dörddə biri miqdarında alimentin və uşaq üç yaşına çatanadək hər ay 100 (bir yüz) manat pulun tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o, 05 oktyabr 2023-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan 04 iyul 2024-cü il tarixdə X4 adlı bir övladları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən yola gedə bilməmişlər. Ona görə də dörd aya yaxındır ki, ayrı yaşayırlar. Bu müddət ərzində Cavabdeh onlarla maraqlanmır. Uşağına heç bir maddi yardım göstərmir. Hazırda Cavabdeh Babək Rayon Məhkəməsində işləyir. Normal əmək haqqı alır. O, alimentin əmək haqqının dörddə biri miqdarında müəyyən olunmasını istəyir. Özü heç bir yerdə işləmir. O uşağını valideynlərinin maddi köməkliyi ilə böyüdür. Təkbaşına maddi cəhətdən uşağı böyütməkdə çətinlik çəkir. 28 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bayram (Kəngərli) Nurtən Hüseyn qızı izahatında aliment üçün məhkəməyə müraciət etdiyini, iyul ayının 4-ü uşağın doğulduğunu, cavabdehin maraqlanmadığını, soruşmadığını, sanki onun uşağı deyilmiş kimi davrandığını, hətta dayısının qızının cavabdehə bir dəfə “uşağı gətirim gəl bizim evdə gör” dediyini, cavabdehin görmək istəmədiyini dediyini, özünün işlədiyini, 357 manat əməkhaqqı aldığını, iddia ərizəsində qeyd etdiyi alimentdən əlavə olan 100 manat ödənişi uşaq 3 yaşına çatanadək özü üçün istədiyini, uşağın hazır yemək yediyini, ana südü yemədiyini, onları qarşılamaq lazım olduğunu, sadəcə cavabdeh görsün deyə dəfələrlə uşağı sosial şəbəkədə paylaşdığını, cavabdehin baxmadığını, özünün qarşı tərəfin ucbatından xəstə olduğunu, ürəyində problem olduğunu, müalicə aldığını, özünə bir şey olsa uşağının ortada qalacağını, 100 manat əlavə ödənişi də verməsini istədiyini, çünki özünün də uşağın da müalicə almalı olduğunu, uşağın xəstələndiyini, xəstəxanaya apardıqlarını, oksigen verilməli olduğunu, burada Bakı şəhərinə aparmalarını dediklərini, cavabdehə gəlib icazə sənədi verməsini dediklərini, cavabdehin bunun üçün gəldiyini, sonra Bakı şəhərinə getdikləri üçün icazə sənədinə ehtiyac olmadığını dediklərini, cavabdehin həmin vaxt “ehtiyac yox idisə məni niyə işimdən etdiniz?” dediyini, uşağı Bakıya xəstəxanaya apardıqlarını, orada uşağın nəfəs almaqla bağlı probleminin 1 yaşınadək davam edəcəyini dediklərini, cavabdehin bir dəfə olsun uşağı ilə maraqlanmadığını, onda atalıq duyğusu olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 14 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət edəcəyini, qarşı tərəfin ailəsinin problemli ailə olduğunu, özünün dövlət işçisi olduğunu, işində problem yaranmasını istəmədiyini, həmçinin həmin məsələnin hazırki iddianın predmeti olmadığını, uşağına aliment ödəməyə razı olduğunu, ancaq iddiaçının istədiyi əlavə 100 manatı ödəməyə maddi imkanı olmadığını, özünün 892 manat əmək haqqı aldığını, kirayə haqqı ödədiyini, həmçinin toy etmək üçün bankdan kredit götürdüyünü, aylıq kredit ödənişləri həyata keçirdiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 05 oktyabr 2023-cü il tarixdə nikaha daxil olmaları, tərəflərin 04 iyul 2024-cü il təvəllüdlü X4 adlı övladlarının doğulması və birgə nikahdan doğulan uşağın iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 3756 nömrəli arayışdan Cavabdeh ilə İddiaçı arasında 05 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhər Nikah evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 382 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını, yəni “Kəngərli” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, AZ-İV seriyalı, 788689 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 04 iyul 2024-cü il təvəllüdlü X4 adlı övladlarının olması; -iddia ərizəsindən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından iş üzrə tərəflərin ayrı yaşaması, onların övladları 04 iyul 2024-cü il təvəllüdlü X2 iddiaçının yanında yaşaması aydın olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Naxçıvan şəhər Mədəniyyət İdarəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Bayram X3 şəhər Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində müəllim işləyir və aylıq xalis əmək haqqı 357.26 (üç yüz əlli yeddi manat iyirmi altı qəpik) manatdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış 04 iyul 2024-cü il təvəllüdlü X4 hazırda iddiaçının yanında qaldığından və cavabdeh uşağının saxlanmasında iştirak etmədiyindən uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının digər tələbi olan uşaq üç yaşına çatanadək hər ay 100 (bir yüz) manat pulun Cavabdeh tutularaq Bayram (Kəngərli) Nurtən Hüseyn qızına ödənilməsini tələb etməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı cavabdehin həmin vəsaiti ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Ancaq iddiaçı tərəf bunu təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. İşin araşdırması zamanı da cavabdehin iddiaçıya uşaq 3 yaşınadək çatanadək aliment ödəməyə zəruri vəsaitə malik olmasını təsdiq edən hallar aşkarlanmamışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı aldığı əmək haqqının cavabdehin əmək haqqından az olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etsə də həmin hal cavabdehin iddiaçıya uşaq 3 yaşınadək çatanadək aliment ödəmək üçün zəruri vəsaitə malik olması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi uşaq üç yaşına çatanadək hər ay 100 (bir yüz) manat pulun Cavabdeh tutularaq Bayram (Kəngərli) Nurtən Hüseyn qızına ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə, uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı Bayram (Kəngərli) Nurtən Hüseyn qızı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 03 dekabr 2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 (qırx beş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -03 dekabr 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, 04 iyul 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası Bayram (Kəngərli) Nurtən Hüseyn qızına ödənilməli; -Cavabdeh 45 (qırx beş) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 03 dekabr 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, 04 iyul 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası Bayram (Kəngərli) Nurtən Hüseyn qızına ödənilsin. Cavabdeh 45 (qırx beş) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-176/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-176/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver