Məhkəmə qərarları › İş №2(078)-192/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-192/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-192/2023 22.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Budaqova X5 Anar Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 09 fevral 2009-cu ildə doğulmuş X2 və 18 iyun 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası-Cavabdeh sabit pul məbləğində hər ay bir uşağa 220 manat olmaqla, iki uşağa ümumilikdə 440 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 25 aprel 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından 2 övladı- 09 fevral 2009-cu ildə X2 və 18 iyun 2010-cu ildə X3 doğulduğunu, bir müddət normal ailə münasibətləri olsa da, sonradan bu münasibətlərin kəskin şəkildə pozulduğunu və artıq 16 aprel 2016-ci ildə rəsmi olaraq nikahlarının pozulduğunu, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə uşaqların onun yanında saxlanıldığını və hal hazırda da uşaqlara özünün baxdığını, heç bir yerdə işləmədiyini, Cavabdeh isə bir dəfə də olsun onlara maddi dəstək olmadığını, yalnız oğlu Rəhmanın əlilliyə görə verilən 200 manat müavinət ilə keçinməyə məcbur olduqlarını, həmin pulun da əsasən onun müalicəsinə xərcləndiyini, dəfələrlə Cavabdeh uşaqlarına yardım etməsi ilə bağlı müraciət etsə də, heç bir əhəmiyyətinin olmadığını, Cavabdeh özünə məxsus şəxsi dövlət qeydiyyatından keçmiş taksi avtomaşını ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğunu və qazancının uşaqlarına minimum yaşayış həddində baxmağa imkan verdiyini, əlavə olaraq cavabdehin başqa işlədə məşğul olduğunu, amma gördüyü işi və qazancını bilmədiyini, məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu, alimentin mediasiya prosesinin keçirilməsi üçün müraciət edildiyi 31 dekabr 2022-ci il tarixdən hesablanmasını istədiyini, bunları nəzərə alaraq, uşaqları 09 fevral 2009-cu ildə doğulmuş X2 və 18 iyun 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası-Cavabdeh sabit pul məbləğində hər ay bir uşağa 220 manat olmaqla, iki uşağa ümumilikdə 440 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul edərək, taksi fəaliyyəti ilə məşğul olduğunu, aylıq təxminən 600 manat qazandığını, iddiaçı ilə boşansalar da, bir evdə qaldıqlarını, uşaqlara da baxdığını, çox qazancı olarsa, uşaqlarına çox yardım edəcəyini, ailəsinə baxdığını, evini Rəhmanın adına keçirtdiyini, Rəhmanın 200 manat müavinət aldığını, Güllünün fərdi işlədiyini, qazancının olduğunu, əlavə olaraq taksi fəaliyyətində iş olmadıqda fəhləlik etdiyini, iş olanda dəmir satanların yanında fəhlə kimi işləyib günlük 20 manat aldığını, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, 174700 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X4 arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Budaqova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 337512 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 09 fevral 2009-cu il tarixdə X7 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 503798 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 18 iyun 2010-cu il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara və iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Elsholzun işi üzrə qeyd etmişdir ki, “uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür”... ( Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. (Bronda, 59) Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq, konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə, müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, yuxarıda sadalanan bütün qanunvericilik normaları uşaqların üstün maraqlarını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında həmçinin qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 16 yanvar 2023cü il tarixdən hesablanmaqla, 09 fevral 2009-cu il təvəllüdlü X2 və 18 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki iş üzrə sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından 09 fevral 2009-cu il tarixdə X7 və 18 iyun 2010-cu il tarixdə X8 adlı uşaqları doğulmuşdur. İş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları anaları- iş üzrə iddiaçı ilə birlikdə yaşayır. Həmçinin, iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də, aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən onu nəzərə alır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 56 (əlli altı) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi:

İddia qismən təmin edilsin. 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla, 09 fevral 2009-cu il təvəllüdlü X2 və 18 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar