Məhkəmə qərarları › İş №2(078)-23/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-23/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-23/2024 20.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurduğu ziyana görə Cavabdeh 30000 (otuz min) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci ilin mart ayının 07-də gecə saat 1-2 radələrində Cavabdeh adlı şəxs onu 07 markalı avtomobili ilə vurmuşdur. Hadisə nəticəsində onun sol ayaq sümüyü çanaqdan dizə qədər qırılmış, çanağı çıxmış, sol qolu çiyindən qırılmış və başının dərisi cırılmışdır. Həmin vaxtı onun heç nədən xəbəri olmamışdır. Tural onu həkimə aparıb. Xəstəxanada onu morqa qoyublar. Həkimlərin dediyinə görə 1 saatdan sonra ayılmışdır. Tural onu xəstəxanaya aparmış oradan da çıxıb qaçmışdır. Naxçıvan Muxtar Respublikasında qohumlardan borc xərc eləməklə 6 əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 3 ay onun 38-39 dərəcə istiliyi olmuşdur. Anası Turala “Elçini Türkiyəyə müalicəyə aparıram, onun vəziyyəti düzəlmir” demiş, Tural da anasına “mən də köməklik edərəm” demişdir. Tural özü onlara heç bir köməklik etməmişdir. Tural qohumunu onların yanında Türkiyə Respublikasına göndərmişdir. Qohumunun orada nə edib nə etmədiyini bilməmişlər. Anasıgilə də “xəstəxananın pulunu verəcəm” demişdir. Sonra qohumunu görməmişlər. Türkiyə Respublikasının Atatürk xəstəxanasında ayağına platindən mil qoyulmuşdur. Amma hələ də dizini qatlayıb otura bilmir. Ümumilikdə 9 dəfə əməliyyat olunmuşdur. Xəstəxanadan çıxanda onlardan pul istəmiş, “xəstəxananın pulunu ödəyin, sonra çıxın” demişlər. Buradan belə bir sual ortaya çıxır ki, əgər Turalın qohumu xəstəxananın pulunu ödəmişdisə, niyə xəstəxanadan çıxanda onlardan pul istədilər? Anası məcbur qalaraq Türkiyədən zəng vurub Naxçıvandakı qohumlardan borc istəmişdir. Onlar da borc tapıb Türkiyəyə pul göndərmişlər ki, xəstəxanadan çıxsınlar. Ümumiyyətlə valideynlərinin 30000 (otuz min) manata qədər borcu vardır. Türkiyə Respublikasından əməliyyatdan qayıdanda Cavabdeh Kapital Bank kartını ona vermişdir ki, get bankdan pul çək. Kartı bankomata salanda bankomat kartı qaytarmış və kompüterdə “kartın vaxtı bitib” yazılmışdır. Tural onun müalicə olunmağına heç bir köməklik etməmişdir. Turala deyəndə isə “get hara istəyirsən şikayət et, mən sənə pul verməyəcəyəm” deyir. Məhkəmənin ədalətinə inanır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. 20 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında hadisə olandan sonra Cavabdeh ona elə bir maddi köməklik etmədiyini, sadəcə Yaşar həkim əməliyyat edən zaman pul verdiyini, ayağına platin qoyulduğunu, bir ayağının birindən qısa olduğunu, əməliyyat olunmağına anasının və atasının iş yoldaşlarının köməklik etdiyini, ətraflı olaraq hər şeyi anasının bildiyini, bildiklərinin bu qədər olduğunu, cavabdehin onlara 500 manat pul verdiyini, hadisənin 2020-ci ildə baş verdiyini, Türkiyəyə 6 dəfə getdiklərini, 3 dəfə əməliyyat olunmaq üçün, digərlərində isə yoxlanış olunmaq üçün getdiyini, Türkiyədə xəstəxanadan çıxışları üçün 3500 manat pul istədiklərini, Turalın qohumunun xəstəxananın pulunu vermədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahatında Cavabdeh oğlunu maşınla vurduğunu, vurandan sonra elə bir maddi köməklik etmədiyini, Türkiyəyə əməliyyata gedəndə iddiaçının qardaşının qaynına pul verdiyini, onun onlarla bərabər Türkiyəyə getdiyini, onun isə sadəcə həkim tapmaqda onlara köməklik etdiyini, sonra onlara 6 manat pul verdiyini, onları orada qoyub getdiyini, Turalın özünün də 900 manat Bakıdan platin gətirmək üçün pul verdiyini, həmin pulu isə Yaşar həkimin əməliyyatdan sonra 500 manat onlara, qalanı da Turala pul verdiyini, yəni onların pulunu qaytardığını, oğlunun yaxınların, yoldaşının iş yoldaşlarının köməyi ilə əməliyyat olunduğunu, iddiaçının oğluna vurduğu zərərə görə heç bir köməklik etmədiyini, oğlunun hazırda 3-cü qrup əlil olduğunu, pensiya aldığını, Türkiyədə 3 dəfə əməliyyat olunduğunu, onlara vurulmuş zərərin ödənilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil izahatında iddia ərizəsində qeyd edilənlərə əlavəsinin olmadığını, həmin halların ekspert rəyi ilə də təsdiqini tapdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında hadisəni özünün törətdiyini, daha sonra polis əməkdaşları tərəfindən ona Elçin üçün əlindən gələni etməyin deyildiyini, törətdiyi əmələ görə nə inzibati nə də cinayət məsuliyyətinə cəlb edilmədiyini, əlindən gələn hər şeyi etdiyini, ilk dəfə Elçini hadisədən sonra əməliyyat etdirdiyini, xərcləri qarşıladığını, Bakıdan mil gətizdirdiyini, 900 manat pul verdiyini, əməliyyatı Yaşar həkimin etdiyini, həkimin səhvinə görə 7 ay ayağından irin gəldiyini, bir də əməliyyat olunmasını istədiyini, əməliyyat olunduğunu və heç bir problem olmadığının deyildiyini, əməliyyat olunandan 7 ay sonra mili çıxardıqlarını, ondan sonra vəziyyətinin pisləşdiyini, yoxlanış olunduğunu, ombasında çürümə olduğunu dediklərini, Türkiyəyə getməli olduğunu bildirdiklərini, bankdan pul götürdüyünü, əmioğlusu ilə iddiaçı tərəfi Türkiyəyə yola saldığını, 4500 manat bankdan pul götürdüyünü, 500 manat da qohumlar və tanışlardan aldığını, iddiaçı tərəf Türkiyəyə gedəndən sonra orada 12000 manat pul istədiklərini, maşınını 7000 manata satdığını, iddiaçının əməliyyat olunduğunu, daha sonra əmioğlusunun çıxıb gəldiyini, onların da oteldə pulsuz qaldıqlarını, sonra əmioğlusunun onları götürməyə getdiyini və özünün də burada qarşıladığını, 6 ay sonra yenə Türkiyəyə getdiyini, əməliyyat olunduğunu, keçən əməliyyatına gedən zaman verdiyi puldan 940 manat qaldığını, ancaq ikinci dəfə Türkiyədə əməliyyat olunması üçün pulunun olmadığını, bildiyinə görə iddiaçı tərəfin yaxınları tərəfindən 25000 manat onlara köməklik edildiyini, həmin pulla müalicə olunduğunu, Elçinin anasının da ondan yol pulunu istədiyini, 400 manat yol pulu verdiyini, sadəcə içkili olaraq hadisəni törətdiyi üçün müxtəlif vaxtlarda 15 gün Şəhər Polis İdarəsində saxlanıldığını, məhkəməyə çıxarılmadığını, barəsində məhkəmə qərarının olmadığını, həqiqətən də iddiaçıya əmək haqqı kartı verdiyini, lakin həmin kartın vaxtı bitdiyi üçün iddiaçının pul çəkə bilmədiklərini, çünki hər balıq sezonunda kartların dəyişildiyini, lakin yeni işə girdiyi üçün bunu bilmədiyini, ona görə həmin vaxtı keçən kartı verdiyini, kənd camaatından kömək üçün 3100 manat pul yığıb iddiaçı tərəfə verdiyini, qəzadan sonra 15 gün qardaşının onların yanında qaldığını, lazımi olan bütün köməkliyi etdiyini, əlindən gələn hər şeyi etdiyini, 12000 manata yaxın xərc çəkdiyini, bunu təsdiq edən sübutları olmadığını, iddiaçının sonradan əməliyyat olunmasının onun vurduğu zərərlə əlaqəli olmadığını, iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş HSL-Sağlamlıq Məhsulları tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli fakturadan görünür ki, İddiaçı 1 ədəd əsas boru üçün 35.495 türk lirəsi, 1 ədəd baş üçün 28.840 türk lirəsi və 1 ədəd birləşdirici vint üçün 20.000 türk lirəsi, k.d.v 8% 6666.8 (altı min altı yüz altmış altı türk lirəsi səksən kuruş) olmaqla, ümumilikdə xəstəxanada olan xərci 90001.8 (doxsan min bir türk lirəsi səksən kuruş) türk lirəsi təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Atatürk Universiteti Ərzurum Araşdırma Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəstə xidməti sorğusundan görünür ki, qurumun məbləği 0 türk lirəsi, xəstənin məbləği 4871.98 türk lirəsi, yığım məbləği 18136 türk lirəsi, ümumi məbləğ 13264.02 (on üç min iki yüz altmış dörd türk lirəsi iki kuruş) türk lirəsi təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli epikrizdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə xəstəxanada müayinə olunmuş, sol budu sümüyü osteomielitinə görə əməliyyat sonrası müşahidəsində heç bir problem olmamış və evə buraxılmışdır. Müalicə və təkliflər isə “hər gün yarasına sıxaraq sarğı qoyulacaq, 15 gündən sonra tikişləri götürüləcək, ən azı 3 həftə sonra ortopedik poliklinika nəzarətinə gələcək, 2 həftə meronem dərmanını izah edildiyi kimi istifadə edəcək, yoxlama üçün gələnə qədər hər gün qan durulaşdırılan iynədən istifadə edəcək və işi bitdikdən sonra yenidən yazdıracaq” olmuşdur. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Səhiyyə Nazirliyi Səhiyyə Elmləri Universiteti Ərzurum Regional Təhsil və X1 şöbəsinin MRT tələb formasından görünür ki, İddiaçı həmin xəstəxanada müayinədən keçmişdir. İş materiallarına əlavə edilmiş “Groupama” Sığorta tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli viza səyahət sağlamlıq sığortası siyasətindən görünür ki, İddiaçı 3 aylıq müddətə (xx.xx.2020-xx.xx.2021) tibbi müalicə üçün ümumi sığorta haqqı (avro)-30000 avro, ümumi sığorta haqqı (TL)-278.088 türk lirəsi məbləğində sığorta olunmuşdur və 389.23 (üç yüz səksən doqquz türk lirəsi iyirmi üç kuruş) türk lirəsi sığorta haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xəstəxanada müayinə olunmuşdur. Əvvəllər xarici mərkəzdə bud sümüyünün sınığı əməliyyatı olunan və sonra bud sümüyü osteomielitinə görə müraciət edən xəstənin əməliyyatı və təqibi aparılmışdır. Bud sümüyünün 2/3 hissəsi çıxarılıb və xəstəyə şiş rezeksiyası protezi qoyulmuşdur. Müalicə və təkliflər “istifadə edəcəyi dərmanlar, ayağını hündürdə saxlayacaq, ayaq barmaqlarında göyərmə və şişlik olsa təcili yoxlamaya gələcək, sarğı taxtasını sındırmayacaq, çıxartmayacaq, çirkləndirməyəcək, şikayəti varsa ortopediya poliklinikasına nəzarət üçün gedəcək, 3 həftə sonra ortopedik poliklinikasına yoxlama üçün gedəcək, yarasına hər 3 gündən bir sarğı qoyacaq, 15 gündən sonra tikişləri çıxarılacaq, yarada axıntı, sızıntı, iltihab olsa dərhal yoxlamaya gələcək” olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli mühasibin əmanət qəbzindən görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına xəstəxana xərci üçün 2198.62 (iki min yüz doxsan səkkiz türk lirəsi altmış iki kuruş) türk lirəsi ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mühasibin əmanət qəbzindən görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına xəstəxana xərci üçün 356 (üç yüz əlli altı) türk lirəsi ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mühasibin əmanət qəbzindən görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına xəstəxana xərci üçün 180 (bir yüz səksən) türk lirəsi ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş “HSL Sağlık Ürünleri” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli proforma fakturadan görünür ki, İddiaçı tibb məhsulları üçün ümumi xərci 84240 (səksən dörd min iki yüz qırx) türk lirəsi təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Ortopediya və Travmatologiya Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli konsultasiya qəbul formasından görünür ki, İddiaçı sedim CRP hemogramda heç bir xüsusiyyəti olmadığı, xəstənin yenidən yuyulduğu, klinik zərurət olduqda rekonstruksiya tövsiyə olunduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “HSL Sağlık Ürünleri” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli proforma fakturadan görünür ki, İddiaçı bir sıra tibb məhsulları üçün yekun xərci 42000 (qırx iki min) türk lirəsi təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 07 mart 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində heç bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin Travmatologiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ambulator, stasionar xəstənin tibbi kartından çıxarışdan görünür ki, İddiaçı “sol bud sümüyünün xroniki posttravmatik osteomieliti, sol bud-çanaq oynağının total artroplastikası-endoprotezi, sol bud-çanaq, diz oynaqlarının kəskin nəzərə çarpacaq kontrakturası, sol aşağı ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Qısa anamnez, diaqnostik tədqiqatlar, xəstəliyin aparılan müalicə, göndərilən vaxt vəziyyəti, çıxanda vəziyyəti: “Xəstə sol aşağı ətrafda olan ağrı, hərəkət məhdudluğu şikayətləri ilə ambulator müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Travmatologiya şöbəsi olmuşdur. Anamnez morbi: Xəstə bir neçə ay öncə “sol bud sümüyü diafizinin açıq sınığı” - diaqnozu ilə stasionar müalicəsində olmuşdur. Xəstədə sonradan posttravmatik osteomielitlə olmuş və təkrar stasionar müalicəsində olaraq, cərrahi müdaxilə edilmişdir. Xəstə “Sol bud sümüyünün xroniki postravmatik osteomieliti" diaqnozu ilə Türkiyədə stasionar müalicəsində olmuş və sol bud sümüyü proksimal ucu rezeksiya olunaraq, total artroplastika cərrahi əməliyyatı icra edilmişdir. Status localis: sol bud-çanaq nahiyyəsində cərrahi əməliyyatdan sonrakı çapıq izləri, diz oynaqlarında hərəkət məhdudluğu, sol aşağı ətrafda qısalma (4 sm) müəyyən olunur. Sol+sağ bud-çanaq oynağının və budun Rentgen müayinəsi: endoprotez bud sümüyü orta 1/3-inə qədər metal protezlə əvəz edilib, diafizin aşağı 1/3-də periosteal reaksiya izlənir. Xəstə müvafiq müayinələrindən keçmiş və xəstəliyinə uyğun epikriz yazılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin Travmatologiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ambulator, stasionar xəstənin tibbi kartından çıxarışdan görünür ki, İddiaçı “sol bud sümüyü yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığının intramedulyar kilidli osteosintezdən sonrakı vəziyyət, sol bud nahiyyəsində fistulonekroektomiya cərrahiyyə əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Qısa anamnez, diaqnostik tədqiqatlar, xəstəliyin aparılan müalicə, göndərilən vaxt vəziyyəti, çıxanda vəziyyəti: xəstə sol bud-çanaq oynağı, sol bud nahiyyəsində olan ağrılarla müraciət etmişdir. Xəstə “Sol bud sümüyü yuxarı 1/3-nin açıq sınığı” - diaqnozu ilə stasionar müdaxilə olmuş “İntramedulyar kilidli osteosintezi” cərrahi əməliyyatı olunmuş və sonradan xəstədə “Sol bud sümüyünün postravmatik osteomieliti” ilə fəsadlaşma olmuşdur. Sonradan xəstə X4 Universiteti Araştırma Hastanesində stasionar müalicəsində olmuş və cərrahi müdaxilə edilmişdir. Xəstənin təkrar müayinə və müalicə üçün Türkiyə Respublikasına getməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin Travmatologiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ambulator, stasionar xəstənin tibbi kartından çıxarışdan görünür ki, İddiaçı “sol bud sümüyünün posttravmatik osteomieliti” diaqnozu qoyulmuşdur. Qısa anamnez, diaqnostik tədqiqatlar, xəstəliyin aparılan müalicə, göndərilən vaxt vəziyyəti, çıxanda vəziyyəti: xəstə sol bud-çanaq oynağı, sol bud nahiyyəsində olan ağrılarla müraciət etmişdir. Xəstə “Sol bud sümüyü yuxarı 1/3-nin açıq sınığı” - diaqnozu ilə stasionar müdaxilə olmuş “İntramedulyar kilidli osteosintezi” cərrahi əməliyyatı olunmuş və sonradan xəstədə “Sol bud sümüyünün postravmatik osteomieliti” ilə fəsadlaşma olmuşdur. Sonradan xəstə X4 Universiteti Araştırma Hastanesində stasionar müalicəsində olmuş və cərrahi müdaxilə edilmişdir. Xəstənin təkrar müayinə və müalicə üçün Türkiyə Respublikasına getməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin Travmatologiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ambulator, stasionar xəstənin tibbi kartından çıxarışdan görünür ki, İddiaçı sol bud sümüyünün xroniki posttravmatik osteomieliti, sol bud sümüyünün rezeksiyası və sol bud-çanaq oynağının artroplastikasından sonrakı vəziyyət, sol bud-çanaq oynağı, diz oynaqlarının kontrakturası, hərəki funksiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Qısa anamnez, diaqnostik tədqiqatlar, xəstəliyin aparılan müalicə, göndərilən vaxt vəziyyəti, çıxanda vəziyyəti: Xəstə sol aşağı ətrafda olan ağrı, hərəkət məhdudluğu, axsama şikayətləri ilə ambulator müavinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Travmatologiya şöbəsinə daxil olmuşdur. Anamnez morbi: Xəstə avtoqəza nəticəsində “Sol bud sümüyünün açıq sınığı” - diaqnozu ilə xəsarət almış və bir necə dəfə cərrahi müdaxilə edilmişdir. Xəstədə “Sol bud sümüyünün travmatik osteomieliti” ilə fəsadlaşma olmuş və təkrar Türkiyədə Sol bud sümüyünün rezeksiyası və artroplastikası ilə cərrahi müdaxilə edilmişdir. Status localis: Sol bud nahiyyəsində cərrahi əməliyyatdan sonrakı çapıq izləri, sol bud-çanaq, diz oynaqlarında hərəkət məhdudluğu müəyyən olunur. Sol budun Rentgen müayinəsi: Bud sümüyü başı, boynu və aşağı 1/3-ə qədər olan hissənin rezekdiyası, həmin nahiyyə metal protezlə fiksə edilib. Xəstə müvafiq tibbi müayinələrindən keçmiş və xəstəliyinə uyğun epikriz yazılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının sağlamlığına ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Cavabdeh qeyd olunan əməli törətməsi, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığına ziyan vurulması, həmin ziyanın ödənilməməsi məhkəmədə verilən izahatlar və iş materialları ilə təsdiq olunur. İddiaçı keçirdiyi cərrahi əməliyyatların hər birinin keçirilməsinin iddia ərizəsində qeyd olunduğu kimi 07 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə birbaşa əlaqəsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1226/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 01 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı bədən səthi üzərindəki xəsarətlər: sol bud sümüyünün sınığı, sol bud sümüyünün 2/3 hissəsinin osteomieliti, sol bud sümüyünün 2/3 hissəsinin rezeksiyası. Sol bud sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir, eləcə də həmçinin 07 mart 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilərdi. Sol bud sümüyünün 2/3 hissəsinin osteomieliti, sol bud sümüyünün 2/3 hissəsinin rezeksiyası sol bud sümüyünün osteosintez (sınmış sümüklərin uc-uca bərpası) əməliyyatından sonrakı ağırlaşma olub, bədənin fərdi həssaslığı, tibbi məhsullara toxumalarının göstərdiyi allergik reaksiyalar, aparılmış cərrahi prosedurların ağırlaşmasıdır, avto-qəza ilə birbaşa əlaqəsi olmayıb, dolayı şəkildə əlaqəlidir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-23/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş 21 sentyabr 2024-cü il tarixli, 441/MEŞ nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı icra olunmuş “sol bud sümüyü yuxarı 1 /3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığının intramedulyar kilidli osteosintezi” cərrahi əməliyyatının xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlə birbaşa səbəbli əlaqəsi vardır. Aparılan digər cərrahi əməliyyatlar (sol bud nahiyəsində fistulonekroektomiya, sol bud sümüyünün rezeksiyası, sol bud-çanaq oynağının total artroplastikası-endoprotezi və s.) isə osteomielit xəstəliyinin müalicəsi məqsədilə icra olunduğundan xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı “sol bud sümüyü yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığı” xəsarəti ilə birbaşa səbəbli əlaqəsi yoxdur. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 21 sentyabr 2024-cü il tarixli, 441/MEŞ nömrəli ekspert rəyinin “İddiaçı icra olunmuş “sol bud sümüyü yuxarı 1 /3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığının intramedulyar kilidli osteosintezi” cərrahi əməliyyatının xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlə birbaşa səbəbli əlaqəsi vardır” hissəsi ilə razılaşır. Ekspert rəyində “Aparılan digər cərrahi əməliyyatlar (sol bud nahiyəsində fistulonekroektomiya, sol bud sümüyünün rezeksiyası, sol bud-çanaq oynağının total artroplastikası-endoprotezi və s.) isə osteomielit xəstəliyinin müalicəsi məqsədilə icra olunduğundan xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı “sol bud sümüyü yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığı” xəsarəti ilə birbaşa səbəbli əlaqəsi yoxdur” kimi qeyd edilsə də məhkəmə hesab edir ki, birbaşa əlaqəsinin olmaması həmin əməliyyatların yol nəqliyyat hadisəsi ilə dolayı əlaqəsinin olduğunu göstərir, həmçinin qeyd olunan rəydən də görünür ki, aparılan digər əməliyyatlar yol nəqliyyat hadisəsi nəticəsində yaranan xəstəliyin aradan qaldırılması üçün aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin əməliyyatlar və müalicə üçün çəkilmiş xərclər cavabdehdən tələb oluna bilər. Məhkəmə belə hesab edir ki, İddiaçı sağlamlığına Cavabdeh tərəfindən vurulmuş və tələb etdiyi 30000 (otuz min) manat maddi ziyanın ödənilməsinə dair tələbi məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilən məbləğdə, yəni yuxarıda qeyd edilə sənədlərdə göstərilən ümumi 232629.67 (iki yüz otuz iki min altı yüz iyirmi doqquz türk lirəsi altmış yeddi kuruş) türk lirəsi miqdarında qətnamə çıxarılan gününə manatın türk lirəsinə nisbətdə rəsmi məzənnəsinə (1 türk lirəsi=0,0493 manat) uyğun olaraq 11468.64 (on bir min dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat miqdarında təmin edilməli, iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Çünki qalan hissədə iddiaçı sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərcləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 12000 manat pul verdiyini bildirsə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı tərəf isə bu halı inkar etmişdir. Həmçinin işin araşdırılması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Yekunda məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, 11468.64 (on bir min dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilə bilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə müvafiq olaraq, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi sağlamlığa vurulmuş ziyan tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 124.40 (bir yüz iyirmi dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -11468.64 (on bir min dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -Cavabdeh 124.40 (bir yüz iyirmi dörd manat qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 11468.64 (on bir min dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 124.40 (bir yüz iyirmi dörd manat qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar