Məhkəmə qərarları › İş №2(078)-284/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-284/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-284/2025 07.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh onun qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikahlarını Naxçıvan şəhər Nikah Evində rəsmiləşdirmişlər. Birgə nikahdan üç övladı-08 iyul 2014-cü il təvəllüdlü X5, 16 iyun 2016-cı il təvəllüdlü X4 və 20 may 2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdehlə eyni evdə yaşasalar da, o uşaqların tələbatını ödəmir. Demək olar ki, iki-üç aydan bir müəyyən məbləğdə pul verir ki uşaqların ehtiyacını qarşılasın. Onun verdiyi pulla uşaqların tələbatını çatdırmaq mümkün deyildir. Hazırda uşaqların ehtiyacını təkbaşına ödəyir. Cavabdeh isə ona heç bir maddi yardım etmir. Artıq 20 gündür ki ümumiyyətlə onu görmür. Təkbaşına uşaqların tələbatını qarşılaya bilmir. Heç yerdə işləmir. Cavabdeh isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsinin əməkdaşıdır. Onun aldığı məvacib haqqında məlumatı yoxdur. Hesab edir ki, 3 uşağın ehtiyacını təmin etmək üçün müvafiq qazanca malikdir. Buna görə də, üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Təşkilatına müraciət olunsa da, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu barədə Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış da verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilməklə, iddia tələbinə xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh bir uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, 3 uşaq üçün ümumilikdə 600 manat alimentin tutularaq İddiaçı ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 21 iyun 2013-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 242 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahından 08 iyul 2014-cü il təvəllüdlü X5, 16 iyun 2016-cı il təvəllüdlü X4 və 20 may 2020-ci il təvəllüdlü X6 adlı övladı var. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirmişdir ki, üç aydan artıqdır ki, ailə münasibətləri pozulub, cavabdeh evdən gedib və valideynləri ilə yaşayır. O məhkəmə iclaslarının vaxtı barədə cavabdehin ailəsinin ünvanına məktubları göndərir. Üç övladları var. Cavabdeh əvvəl Dövlət Təhlükəsizlik Xidmətində işləyirdi. Lakin martın əvvəlində işdən azad edildib. Hazırda işsizdir. Aliment ödəmək üçün maddi imkanı vardır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən olunmasını, 08 iyul 2014-cü il təvəllüdlü X2, 16 iyun 2016-cı il təvəllüdlü X1 və 20 may 2020-ci il təvəllüdlü X3 hal-hazırda anaları İddiaçı himayəsində olmasını, uşaqların xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 540 (beş yüz qırx) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 540 (beş yüz qırx) manat miqdarında aliment tutularaq, 08 iyul 2014-cü il təvəllüdlü X2, 16 iyun 2016-cı il təvəllüdlü X1 və 20 may 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən valideynlərin hər ikisinin uşaqları saxlamaq vəzifəsinin olduğunu nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2025-ci ildə iki uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti hər uşaq üçün 180 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,45 mislində (400 x 0,45≈180 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Beləliklə məhkəmə belə hesab edir ki, müəyyən edilən alimentin miqdarı 2025-ci il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-04 mart 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 85 (səksən beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2025-ci il tarixdən hesablanmağa başlayaraq, 08 iyul 2014-cü il təvəllüdlü X2, 16 iyun 2016-cı il təvəllüdlü X1 və 20 may 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamə dərhal icra olunsun. Cavabdeh 85 (səksən beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar