Məhkəmə qərarları › İş №2(078)-295/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-295/2022

07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-295/2022 07.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı-10.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək uşağın doğulduğu 10.06.2020-ci il tarixdən hesablanmaqla hər ay cavabdehdən sabit məbləğdə 193 (bir yüz doxsan üç) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o 19 aprel 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçərək Cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahlarından bir övladı-10.06.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra ilk vaxtlardan bir-birilərini başa düşsələr də, daha sonra xarakterləri uyğun gəlmədiyinə görə onların arasında ailədaxili problemlər yaranmağa başlamış, daima aralarında mübahisələr olmuşdur. Maddi və mənəvi olaraq cavabdeh ailəyə qayğı, diqqət göstərməmiş və bütün bu olanlar aralarındakı münaqişələri çoxaltmışdır. Bunun nəticəsində, Cavabdeh tərəfindən ona dəfələrlə şiddət göstərilmiş, təhqir edib ona qarşı nalayiq ifadələr işlətmiş, o da məcbur qalıb Naxçıvan şəhərinə valideyninin yanına qayıtmışdır. Artıq uzun müddətdir ki, anasının yanında yaşayır, övladı Naxçıvan şəhərində dünyaya gəlmiş, bütün xəstəxana xərclərini eləcə də onun qidalanması və digər xərcləri hamısını anası qarşılamış, cavabdeh bu keçən aylar ərzində bir dəfə də olsun övladı ilə maraqlanmamış, hər dəfəsində cavabdehə heç bir yerdə işləmədiyini maddi cəhətdən çox sıxıntılar çəkdiyini, köməyə ehtiyacı olduğunu bildirsə də Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmayaraq onları Naxçıvan şəhərində qoyub özü Bakı şəhərində yaşamağa başlamışdır. O bütünlükdə anasının maddi köməyi ilə yaşayır, maddi cəhətdən çox sıxıntılar çəkir, özü heç bir yerdə işləmir, övladının təlabatlarını qarşılaya bilmir. Övladı dünyaya gəldikdən sonra Cavabdeh şifahi şəkildə maddi köməklik istəsə də, əvəzində o heç bir köməklik etməmiş və etməyəcəyini bildirmişdir. Bu keçən zaman zərfində dəfələrlə aliment tələbi barədə müraciət etmək istəmiş, lakin övladının az yaşlı olması ilə əlaqədar daima ona qulluq etdiyinə görə müraciət edə bilməmişdir. Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin Göydərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 fevral 2022-ci il tarixli, 04 nömrəli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, Cavabdeh Culfa rayonu, Göydərə kəndində rəsmi qeydiyyatdadır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər Cavabdeh qeydiyyatda olduğu yer üzrə Culfa rayonu, Göydərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Həmçinin cavabdehə telefonoqram verilərək ona qarşı qaldırılmış iddia tələbi barədə məlumat verilmiş, məhkəmə iclasınını vaxtı və yeri barədə məlumat verilməklə məhkəmə iclasında iştirak etməsi üçün dəvət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən 10 mart 2022-ci il tarixli məktubla iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilərək ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, ona əlavə olunmuş sənədləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərəfindən işə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında 19 aprel 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçərək Cavabdeh ilə ailə həyatı qurduğunu, birgə nikahlarından 10.06.2020ci il təvəllüdlü X3 dünyaya gəldiyini, ailə həyatı qurduqdan sonra ilk vaxtlarda bir-birilərini başa düşsələr də, daha sonra xarakterləri uyğun gəlmədiyinə görə onların arasında ailədaxili problemlər yaranmağa başladığını, daima aralarında mübahisələr olduğunu, maddi və mənəvi olaraq cavabdehin ailəyə qayğı, diqqət göstərmədiyini, bütün bu olanların aralarındakı münaqişələri çoxaltdığını, cavabdeh tərəfindən ona dəfələrlə şiddət göstərildiyini, cavabdehin onu təhqir edib ona qarşı nalayiq ifadələr işlətdiyini, onun da məcbur qalıb Naxçıvan şəhərinə valideyninin yanına qayıtdığını, artıq uzun müddətdir ki, anasının yanında yaşadığını, övladının Naxçıvan şəhərində dünyaya gəldiyini, bütün xəstəxana xərclərininin eləcə də onun qidalanması və digər xərclərinin hamısını anasının qarşıladığını, cavabdehin bu keçən aylar ərzində bir dəfə də olsun övladı ilə maraqlanmadığını, hər dəfəsində cavabdehə heç bir yerdə işləmədiyini, maddi cəhətdən çox sıxıntılar çəkdiyini, köməyə ehtiyacı olduğunu bildirsə də Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmayaraq onları Naxçıvan şəhərində qoyub özünün Bakı şəhərində yaşamağa başladığını, onun bütünlükdə anasının maddi köməyi ilə yaşadığını, maddi cəhətdən çox sıxıntılar çəkdiyini, özünün heç bir yerdə işləmədiyini, övladının təlabatlarını qarşılaya bilmədiyini, övladı dünyaya gəldikdən sonra cavabdehdən şifahi şəkildə maddi köməklik istəsə də, əvəzində onun heç bir köməklik etmədiyini və etməyəcəyini bildirdiyini, keçən zaman zərfində dəfələrlə aliment tələbi barədə müraciət etmək istədiyini, lakin övladının az yaşlı olması ilə əlaqədar daima ona qulluq etdiyinə görə müraciət edə bilmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin arasında 19 aprel 2019-cu ildə nikahın bağlanması, onların birgə nikahından 10.06.2020-ci il təvəllüdlü X5 adlı övladının doğulması, tərəflərin hazırda ayrı yaşamaları və onların birgə nikahdan doğulan uşağının hazırda anasının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2019-cu il tarixli, AZ-İİ seriyalı, 331980 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X2 arasında 19 aprel 2019-cu ildə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 789 nömrə ilə qeyd edilməsi, nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni "Niftiyeva" soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 iyul 2020-ci il tarixli, AZ-İV seriyalı, 463140 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 10.06.2020-ci il təvəllüdlü X5 adlı övladlarının olması; -iddia ərizəsindən və iş üzrə iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatından iddiaçı və cavabdehin hazırda ayrı yaşamaları, birgə nikahlarından olan uşağı 10.06.2020-ci il təvəllüdlü X3 hazırda anası ilə birlikdə yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladı 10.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit məbləğdə 193 (bir yüz doxsan üç) manat alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni 140 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi 2022-ci il üçün yaşayış minimumu həddində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin yaşayış minimumu həddində yəni 193 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində uşağın doğulduğu vaxtdan yəni 10 iyun 2020-ci il tarixdən hesablanmaqla aliment təyin edilməsini xahiş etsə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı tərəfindən isə məhkəməyə uşağın doğulduğu vaxtdan cavabdehdən aliment alınması üçün tədbirlər gördüyünü lakin cavabdehin alimenti verməkdən boyun qaçırmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı uşağın doğulduğu vaxtdan aliment tutulmasını istəsə də bunun təmin edilməsi üçün vacib şərtlərin yerinə yetirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “08” fevral 2022-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31.30 (otuz bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -“08” fevral 2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh 10.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşağın anası İddiaçı ödənilməli; -Cavabdeh 31.30 (otuz bir manat otuz qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli ; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 08 fevral 2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh 10.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 31.30 (otuz bir manat otuz qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar