Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-325/2025 30.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh2 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak, evin mətbəx və hamamının təmir və abadlıq işlərinə çəkilmiş xərc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş qaynatası Cavabdeh1 mülkiyyətində Naxçıvan şəhəri, Qaraxanbəy kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlakın mətbəxi və hamamın təmirinə yenidən qurma işinə çəkdiyi 1300 manatının tam, 6950 manatın isə yarısını və dövlət rüsumu üçün ödənilmiş 89.50 (səksən doqquz manat əlli qəpik) pulu müştərək qaydada cavabdehlər Cavabdeh2 və keçmiş qaynatası Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh2 ilə ailə həyatı qurub. Birgə nikah dövründə 28 fevral 2012-ci il təvəllüdlü X7 və 27 aprel 2014-cü il təvəllüdlü X8 doğulmuşlar. 06 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində nikahı pozulmuşdur. Qeyd edir ki, ailə qurduqları birgə nikah müddətində qaynatası cavabdeh lbrahimov Hüseyn Həsən oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri,Qaraxanbəy kəndində yerləşən fərdi yaşayış evində yaşadığı müddətdə, mətbəx, hamam üçün 5000 (beş min) manat xərc çəkilmişdir. Bundan başqa, atası X16 ona görə həmin mətbəx üçün öz şəxsi vəsaitindən 1300 (min üç yüz) manat xərc ödəmişdir. Mətbəx mebeli üçün çəkilən xərc atası X16 tərəfindən ödənilmişdir. Bundan başqa, keçmiş həyat yoldaşı Cavabdeh2 yaşadığı birgə nikah dövründə isə alınan 1 ədəd "Arçelik" markalı paltaryuyan 500 (beş yüz) manat, 1 ədəd "Beko" markalı soyuducu 280 (iki yüz səksən) manat, 2 ədəd "LG" markalı televizor, birinin qiyməti 450 (dörd yüz əlli) manat, digəri isə 600 (altı yüz) manat olaraq, Samsung markalı 120 (yüz iyirmi) manata tozsoran üçün çəkilən xərci birgə nikah dövründə əldə ediblər. Belə ki, çəkilən mətbəx mebelinin xərcinin 1300 (min üç yüz) manat tam, qalan təmir işləri və birgə nikah dövründə əldə edilən əmlaklara münasibətdə isə 6950 (altı min doqquz yüz əlli) manatın yarısını cavabdehlər keçmiş qayınatası Cavabdeh1 və keçmiş həyat yoldaşı Cavabdeh2 tərəfindən müştərək qaydada ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, iddiada qeyd etdiklərindən əlavə olaraq bildirir ki, onlar son 4-5 il ayrı yaşayıblar, lakin əvvəl qayınata-qayınana birlikdə yaşayırdılar. O, evləndikdən sonra boşanana qədər işləməyib. Evdə uşaqlara baxıb. Yoldaşı dəmiryolunda işləyib. Evə həm yoldaşı baxıb, həm də qayınatası pensiya alıb, qayınanası işləyib. Evləndikləri vaxt bir neçə əşya alıblar. Həmin əşyaları kreditlə yoldaşının adına alıblar, hissə-hissə verib. Paltaryuyan, soyuducu, televizor, tozsoran alıblar. Evdə kuxna, hamam tikilib. Atası dedi ki, heç olmasa mətbəx mebelinin pulunu mən verim. 1300 manat bacısına verdi, o da gətirib ona verdi. Həmin pulu qayınanası verdi, qaynı mebel yerində işləyirdi. O da mətbəx mebelini düzəltdi. Atası köhnə bazarda meyvə satır, bacısıgildə yaşayır. Əvvəl 600 manat pul verdi, sifariş verdilər, qalan 700 manatı mebel qurulandan sonra verib atası. Kuxna tikilib, təmir, su kanalizasiya çəkilib. Yoldaşı edib, qaynı köməklik edib. Pulu qayınanası lotereya oynayırdı, qalanı özləri edibdir. Qalan təmir-tikinti işlərini yoldaşı və qayınatasıqayınanası birlikdə işləyiblər. Soyuducunu kirayədə yaşadıqları dövrdə kreditlə alıblar. Mükafat verilən soyuducunu tələb etmir. Boşanıb, indi haqqı olanı tələb edir. Kuxna, hamam üçün 5000 manat xərc çəkib, qeyd etdiyi əşyalar 1900 manat hesablayıb 6950 manat yarısı tələb edib. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının dedikləri tam yalandır. Ev atasının evidir. O evdə nə təmirtikinti aparılıbsa, atası aparıb, o işləyib ancaq evin ərzağını çatdırıbdır. Qalan işləri anası-atası edibdir. İşdən çıxdığı vaxt 580 manat və 720 manat son hesab ödədilər. Həmin pulla kreditlə evin əşyalarını alıbdır. Televizoru evlənmədən öncə almışdı. 2-ci televizoru evlilik dövründə alıb. Tozsoranı anası alıb. Təmir işini anasının vəsaiti hesabına edib. O zaman işləyib, 310 manat əmək haqqı alıb. Anası xadimə işləyirdi, atası pensiya alırdı. Soyuducunu mükafat kimi ona veriblər. Həmin əşyalar öz əşyalarıdır və ona görə qiymətləndirməsi üçün ekspertizaya şərait yaratmayıb, əşyaları göstərməyib. Tikinti işlərini valideynləri aparıb, ona görə ekspertə şərait yaratmayıblar. Heç nə verməyəcək. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı düzgün danışmır. Yoldaşı ikinci qrup əlildir. O əşyaların hamısını özü alıb. Tikinti işlərini özü aparıb. Ev onların olub. Oğluna yaşamaları üçün veriblər. Bütün işlərini özləri görüblər. Oğlunun onlara maddi köməyi olmayıb, öz ailəsini ancaq saxlayıb. Soyuducunu mükafat kimi oğluna veriblər, tozsoranı özü alıb. Mətbəx mebelini deyir atası verib, ancaq o qiymətə olmayıb, hər ay onun pulunu 200 manat olaraq ödəyə bilər 1000 manat. O pulu da oğlunun pulu olub, yığıb atasının adı ilə verib pulu. 2020-ci ildə 1300 manata mebel yığmayıblar. Yalan danışır. Əşyaları nağd alıb, kreditlə alıb. Mebeli digər oğlu yığdırıb. Onu da şahid kimi dəvət edəcək. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində bildirmişdir ki, Emin qardaşı, Hüseyn atası, Tutu anasıdır. O mebel düzəldir. Qardaşı Eminin yoldaşı Şəhanə ona mətbəx mebelini yığmaq üçün 1000 manat pul verib. Şəhanənin dediyinə görə, pulu atası verib. Ona elə dedi. O mebelin materiallarını alıb. Evdə işləyən usta kuxna hamamı tikən usta Şəhanənin bibisi əri olub. Mebel 2020-ci ildə yığılıb, pandemiya vaxtı idi. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində bildirmişdir ki, Şəhanə onun bacısıdır. Mebelin pulunun verilməsinə şahiddir. Atası qışda alma satır bazarda, onlarda qalır. Atası 600 manat ona verdi ki, kuxna mebelinin sifarişini versinlər. O bacısına verdi, getdilər qaynı ilə mebelin behini verdilər. Onlar birlikdə getməyib. Qalan 700 manatı da atası bir həftə sonra verdi ki, mebelin qalan pulunu versinlər. Bacısı da pulu verdi qaynına, o da mebelin pulunu verdi. Şəhanəgil kuxna tikdilər düzəltdilər, qayınanasıgil köməklik etdilər, atası da dedi ki, evdə heç nə etməyib, ən azından kuxna mebelini cehiz kimi verdi. Bacısının cehizləri də köhnəlmişdi. Bacısıgil 16 il evli olub. 4 il ayrı qalıblar. Mebeli quranda evlərinə getdilər. Paltaryuyan yeri boş idi. Atası öz əmisioğlu Əliyə zəng etdi. Əli ustadır, ikinci əl paltaryuyan istədi. O da dedi ki, əlimdə var, istəyirsizsə gətirim qurum. 500 manata razılaşdılar. Şəhanə yoldaşına dedi. Atası da dedi ki, ayda 100 manat versinlər. O da razılaşdı. Həmin şəxslə onlar Sumşestdə qonşudurlar. Sonra o və yoldaşı paltaryuyanın pulu olan 500 manatı birdəfəlik Əliyə verdilər. Şəhanəgil də hər ay 100 manat onlara pul verdi. Şəhanəgil iki il kirayə qaldılar. Orada soyuducu aldılar. “Beko” markalı balaca soyuducu idi. Neçə il əvvəl almışdılar, qiymətini bilmir. İki televizorları var idi. Qırılmışdı, təmir etdilər, uşaqlar televizora baxırdılar deyə birini də aldılar. Biri öz otaqlarında, biri salonda idi. Televizoru qayınanasıgil gedəndən sonra almışdılar. Tozsoranı təxminən 2017-2018-ci ildə almışdılar. Onlar almışdılar, 2-3 il sonra da həmin markadan özü alıb. Bazardan almışdılar. Dedilər yerini, o da getdi aldı. Yaxşı tozsoran idi deyə, o da bacısından yerini öyrənib gedib almışdı. Atası dedi ki, ona verdikləri cehizlər artıq köhnəlib, cehiz kimi mebelin pulunu atası verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş, hər hansı rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh2 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Cavabdeh2 ilə İddiaçı arasında 08 oktyabr 2008-ci il tarixdə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 323 nömrə ilə qeydə alınmış nikahı pozmuş, nikahın pozulması dövlət qeydiyyatına alınarkən, İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan “ASAN xidmət” notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiqlənmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən, X7 28 fevral 2012-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. Atası Cavabdeh2, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş 07/06 nömrəli, xx.xx.2025-ci il tarixli Culfa Rayon İcra Hakimiyyətinin “Milax kənd” İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən İddiaçı verilmiş arayışdan aydın olur ki, o həqiqətən Culfa rayon, Milax kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli, 04/317 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 aid fərdi yaşayış evinin qeydiyyatı üçün əsas olan JN-1585A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair “ şəhadətnamənin və yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surəti məhkəməyə göndərilir. Naxçıvan Muxtar Respublikasının Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********98-10301 olan daşınmaz əmlakın texniki pasportunun surətindən aydın olur ki, Cavabdeh1 məxsus Naxçıvan şəhər, Qaraxanbəyli kəndi, 6-cı küçə, ev 10-da yerləşən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsi 525.4 m2, tikintialtı sahəsi 268.09 m2, digər sahələri 257.31 m2 təşkil edir.A literli yaşayış evinin ümumi sahəsi 51.09 m2, yaşayış sahəsi 34.98 m2, köməkçi sahə 16.11 m2, tikintialtı sahə 78.26 m2, həcmi 242.6 m3 və aşınması 20 faiz təşkil edir. B literli yaşayış evinin ümumi sahəsi 86.54 m2, yaşayış sahəsi 42.31 m2, köməkçi sahə 44.23 m2 , açıq eyvan 26.29 m2, tikintialtı sahə 145 m2 və həcmi 572.75 m3 təşkil edir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 aid fərdi yaşayış evinin qeydiyyatı üçün əsas olan JN-1585A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, 0.05 ha ərazi xx.xx.1999-cu il tarixdən Babək rayon, Qaraxanbəyli kənd sakini Cavabdeh1 mülkiyyətinə verilib. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin mətbəx və hamamının təmir və abadlıq işlərinə çəkilmiş xərc tələbinə dair mülki iş üzrə məhkəmə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir və ekspertlər qarşısına aşağıdakı suallar qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin mətbəx və hamamının təmir və abadlıq işlərinə çəkilmiş xərc tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertinin qarşısına suallar qoymuşdur ki, Naxçıvan şəhəri, Qaraxanbəy kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlakda olan mətbəx və hamam otağı üçün nə qədər xərc qoyulmuşdur ( inşası, təmiri, usta xərci ilə birlikdə)? Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin mətbəx və hamamının təmir və abadlıq işlərinə çəkilmiş xərc tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertinin qarşısına suallar qoymuşdur ki, 1 ədəd "Arçelik" markalı paltaryuyanın, 1 ədəd "Beko" markalı soyuducunun, 2 ədəd "LG" markalı televizorun, “Samsung” markalı tozsoranın-sadalanmış əşyaların orta bazar qiyməti nə qədərdir? Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin mətbəx və hamamının təmir və abadlıq işlərinə çəkilmiş xərc tələbinə dair mülki iş üzrə məhkəmə ekspertizanın müvafiq rəyi məhkəməyə təqdim olunana qədər icraatı dayandırmağa qərar vermişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 3-16-33-13/2-505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə daxil olmuş 2(078)-325/2025 nömrəli iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının aparılmasından imtina edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 3-16-33-13/2-194/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatına əsasən, Mərkəzə daxil olan xx.xx.2025-ci il tarixli “kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında “ qərardadlar məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından baxılmamış saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 3-16-33-13/2-215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Məhkəmə Ekspertizasının Mərkəzi əlavə ekspert vəsatətini məhkəməyə göndərərək onun təmin olunmasını xahiş etmişdir. Vəsatət təmin edilənədək ekspertizanın icrası müvəqqəti dayandırılmışdır. İşin materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 505 nömrəli əlavə ekspert vəsatətindən aydın olur ki, cavabdehlər tikiliyə baxış keçirilməsinə maneə törətdiyindən ekspert məhkəmədən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün məhkəmədən şərait yaratmağı xahiş etmişdir. İşin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh2 xx.xx.1984-cü il tarixdə Naxçıvan şəhərində dünyaya gəlib. Atası Cavabdeh1, anası X3r. Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən, müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı həm nikah dövründə əldə edilmiş əmlakların dəyərinin yarısını, həm də nikah dövründə keçmiş qayınatasının mülkiyyətində olan fərdi yaşayış evinə çəkilmiş xərcin dəyərinin yarısını, həmçinin evin mətbəxi üçün yığılmış mebelin dəyərini tam hissədə tələb edir. Məhkəmə qeyd edilən tələblərin hər birini ayrı-ayrılıqda hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk olaraq iddiaçı birgə nikah dövründə 1 ədəd "Arçelik" markalı paltaryuyan 500 (beş yüz) manat, 1 ədəd "Beko" markalı soyuducu 280 (iki yüz səksən) manat, 2 ədəd "LG" markalı televizor, birinin qiyməti 450 (dörd yüz əlli) manat, digəri isə 600 (altı yüz) manat olaraq, “Samsung” markalı 120 (yüz iyirmi) manata tozsoran olan əşyaların alındığını bildirib həmin əşyaların dəyərinin yarısını tələb etmişdir. Qeyd edilən əşyaların ümumi dəyəri 1950 (bir min doqquz yüz əlli) manat təşkil edir ki, iddiaçı həmin dəyərin yarısı 975 (doqquz yüz yetmiş beş) manat tələb etməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, analoji işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları, şahid ifadələri məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. İş üzrə tərəflərin izahatları, şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, 1 ədəd "Arçelik" markalı paltaryuyan 500 (beş yüz) manat, 1 ədəd "Beko" markalı soyuducu 280 (iki yüz səksən) manat, 2 ədəd "LG" markalı televizor, birinin qiyməti 450 (dörd yüz əlli) manat, digəri isə 600 (altı yüz) manat, Samsung markalı 120 (yüz iyirmi) manata tozsoranın birgə nikah dövründə əldə edilməsi sübuta yetirilir. Bu sübutlar iddiaçının izahatı, şahid-bacının ifadəsi, həmçinin cavabdehin ilkin izahatı ilə müəyyən edilir. Belə ki, cavabdeh 07 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında nikah dövründə əmlakları aldığını bildirmiş, sonuncu məhkəmə iclasında anasının vəsaiti hesabına əldə edildiyini qeyd etmişdir. Şahid iddiaçının bacısı olmaqla yaxın qohumluq münasibətlərində olmasına baxmayaraq ifadəsi sübutun düzgünlük, konkretlilik xüsusiyyəti ilə uyğunluq təşkil edir. Belə ki, şahid alınmış əşyaların vaxtını dəqiq bildirir. Soyuducunu kirayə yaşadıqları vaxt alındığını qeyd edir. Cavabdeh bu hala etiraz etmir. Paltaryuyan maşının 500 manat pulunu onlar tərəfindən verildiyini, daha sonra iddiaçı və cavabdehin hissə-hissə onların pulunu ödədiyini bildirir. Cavabdeh bu hala etirazını bildirmir. Tozsoranın alındığı yeri bacısı bildirdiyi üçün həmin yerdən eyni modeldən özünün aldığını qeyd edir, cavabdeh bunun əksini sübuta yetirə bilmir. İki televizorun evdə olduğunu, birinci aldıqları televizorun qırıldığını, təmir etdiklərini uşaqlar televizora baxdıqları üçün, birini də aldıqlarını, biri öz otaqlarında, biri salonda olduğunu, qayınanasıgil gedəndən sonra ikinci televizoru aldıqlarını bildirir, yenə cavabdeh bu hala etirazını bildirmir. Məhkəmə bu hissədə qeyd edir ki, iddiaçı həmin əşyaların nikah dövründə birgə vəsait hesabına əldə edildiyini sübuta yetirir, cavabdeh isə anasının vəsaiti hesabına həmin əmlakların alındığını sübuta yetirə bilmir. Buna görə də sözügedən əmlaklar birgə nikah dövründə əldə edilən əmlaklar hesab edilməklə dəyərinin yarısı Cavabdeh2 alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmin əmlakların dəyərinə münasibətdə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin cavabdeh tərəf ekspertə əmlaklara baxış keçirilməsinə şərait yaratmadıqlarından həmin əmlakların qiymətləndirilməsinin aparılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, bu halda ekspertə şərait yaratmayan tərəf cavabdeh olması nəzərə alınmalıdır və iddia ərizəsində qeyd edilən məbləğdə əşyaların dəyərinin yarısı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, 1 ədəd 500 (beş yüz) manat dəyərində "Arçelik" markalı paltaryuyan maşın, 1 ədəd 280 (iki yüz səksən) manat dəyərində "Beko" markalı soyuducu, 2 ədəd "LG" markalı televizor, birinin qiyməti 450 (dörd yüz əlli) manat, digəri isə 600 (altı yüz) manat, 1 ədəd dəyəri 120 (yüz iyirmi) manat olan “Samsung” markalı tozoran İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilən əmlak hesab edilməli və həmin əmlakların ümumi dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat pulun yarısı 975 (doqquz yüz yetmiş beş) manat Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Məhkəmə iddiaçının digər tələbinə-nikah dövründə keçmiş qayınatasının mülkiyyətində olan fərdi yaşayış evinə çəkilmiş xərcin dəyərinin yarısını tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı keçmiş qayınatası Cavabdeh1 mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraxanbəy kəndində yerləşən fərdi yaşayış evində yaşadıqları müddətdə mətbəx, hamam tikilməsi, təmiri üçün 5000 (beş min) manat xərc çəkdiklərini bildirib həmin xərcin yarısının cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə həmin sözgedən təmir-tikinti işlərinə çəkilən xərcə münasibətdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin cavabdeh tərəf ekspertə əmlaklara baxış keçirilməsinə şərait yaratmadıqlarından həmin xərcin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, sözügedən təmir-tikinti işlərinin tərəflərin nikahları dövründə aparılması istər tərəflərin izahatları, istər şahidlərin ifadələri ilə təsdiq edilir. Lakin həmin təmir-tikinti işlərinin məhz birgə nikah dövründə ailənin ümumi qazancı hesabına inşa edilib-edilməməsi barədə iddiaçı tərəf öz tələbinin əsaslılığını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki hazırki vəziyyətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı, ilk olaraq, çəkilmiş xərcin yarısını tələb etdiyi əmlakın məhz birgə nikah dövründə ailənin ümumi təsərrüfatı hesabına inşa edilməsini təsdiq edən sübutlarını təqdim etməlidir. Sözügedən daşınmaz əmlakın ərin-Cavabdeh2 mülkiyyətində olmaması nəzərə alınmalıdır. İddiaçı bu halda çəkilmiş xərci tələb etməsinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı, ümumiyyətlə, təmir-tikinti işlərinin ailənin ümumi gəlirləri hesabına inşa edilməsi barədə sübutlarını təqdim etməmişdir. Bu halda isə məhkəmə həmin hissədə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin sonuncu hissəsinə, yəni evin mətbəxi üçün yığılmış mebelin dəyərini tam hissədə tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı tələbini bu hissədə əsaslandıraraq qeyd etmişdir ki, atası X16 mətbəx mebeli üçün ona 1300 manat pul vermiş, həmin vəsaitlə mebeli hazırlatmışdır. Hazırda mətbəx mebelinin dəyərini tələb edir. Tələbin bu hissəsinin araşdırılması zamanı hər iki tərəf şahid ifadəsi təqdim etmişdir. Eyni zamanda, hər iki tərəf mətbəx mebelinin son dövrlər mətbəx inşa edildikdən sonra düzəldilməsini təsdiq etmişdir. Hər iki şahid tərəflərlə yaxın qohumluq münasibətlərində olmasına baxmayaraq onların ifadələri sübutun düzgünlük, konkretlilik baxımından mötəbər olması kimi nəticəyə gəlməyə əsas vermişdir. Belə ki, şahidlərin biri pulun verilməsində vasitəçilik edən şəxs, digər isə həmin pul müqabilində mebelin düzəldilməsini həyata keçirən şəxsdir. X5 ifadəsində bildirmişdir ki, Şəhanəyə pulu o vermiş, həmin pulu atası iki dəfə olaraq 600 manat və 700 manat məbləğlərində vermiş, ona verilməsinə səbəb atasının onlarda qalması ilə əlaqədar olmuşdur. Lakin həmin pulu bacısına verdikdən sonra bacısının qaynı ilə birlikdə mebelin behini verdiyini daha sonra qalan pulu verdiyini bilmişdir. Ancaq onlarla getməmişdir. X1 ifadəsində bildirmişdir ki, qardaşı Eminin yoldaşı Şəhanə ona mətbəx mebelini yığmaq üçün 1000 manat pul verib. Şəhanənin dediyinə görə pulu atası verib. Ona elə dedi. O mebelin materiallarını alıb. Mebel 2020-ci ildə yığılıb, pandemiya vaxtı idi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələri ilə əlaqəli şəkildə təhlil edib belə hesab edir ki, sözügedən mətbəx mebeli üçün sərf edilən pul İddiaçı öz atası tərəfindən hədiyyə edilən pul vəsaiti olması nəzərə alınmalı və həmin əmlak onun öz əmlakı hesab edilməlidir və sözügedən əmlak və ya əmlak olmadığı halda onun alınması üçün sərf edilən vəsait cavabdeh-fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Eləcə də, məhkəmə vəsaitə münasibətdə qeyd edir ki, vəsait 1000 manat olaraq nəzərə alınmalıdır. Belə ki, X5 atası tərəfindən iddiaçıya verilməsi üçün ona iki dəfə olmaqla 600 və 700 manat mətbəx mebeli üçün pul verdiyini qeyd etsə də, mebeli sifariş verən və hazırlayan X1 iddiaçının ona 1000 manat pul verdiyini bildirmişdir. Bu halda X1nun ifadəsi sübutun konkretliyi baxımından mötəbərliyi qiymətləndirilməli və həmin məbləğin qarşılığında mebelin hazırlanması nəzərə alınmalıdır. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, 1 ədəd 500 (beş yüz) manat dəyərində "Arçelik" markalı paltaryuyan maşın, 1 ədəd 280 (iki yüz səksən) manat dəyərində "Beko" markalı soyuducu, 2 ədəd "LG" markalı televizor, dəyəri 450 (dörd yüz əlli) manat və dəyəri 600 (altı yüz) manat, 1 ədəd dəyəri 120 (yüz iyirmi) manat olan “Samsung” markalı tozsoran İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilən əmlak hesab edilməli və həmin əmlakların ümumi dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat pulun yarısı 975 (doqquz yüz yetmiş beş) manat Cavabdeh2 alınıb İddiaçı verilməli, bir ədəd mətbəx mebeli və ya onun dəyəri olan 1000 (bir min) manat pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, 60 (altmış) hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 1 ədəd 500 (beş yüz) manat dəyərində "Arçelik" markalı paltaryuyan maşın, 1 ədəd 280 (iki yüz səksən) manat dəyərində "Beko" markalı soyuducu, 2 ədəd "LG" markalı televizor, 450 (dörd yüz əlli) manat dəyərində və 600 (altı yüz) manat dəyərində, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində olan “Samsung” markalı tozsoran İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilən əmlak hesab edilməklə həmin əmlakların ümumi dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat pulun yarısı 975 (doqquz yüz yetmiş beş) manat Cavabdeh2 alınıb İddiaçı verilsin. 1 ədəd mətbəx mebeli və ya onun dəyəri olan 1000 (bir min) manat pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 60 (altmış) hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-325/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-325/2025
30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver