Məhkəmə qərarları › İş №2(078)-327/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-327/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-327/2022 04.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızının Cavabdeh qarşı alimentin sabit məbləğdə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 01 yanvar 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 18 iyul 2000-ci il tarixində nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından 05 oktyabr 2001-ci il təvəllüdlü X7 və 01 yanvar 2007-ci il təvəllüdlü X8 dünyaya gəlmişdirlər. Hazırda 05 oktyabr 2001-ci il təvəllüdlü X7 18 yaşını tamam etmişdir. Təxminən 1 (bir) ildən çoxdur ki, cavabdeh yetkinlik yaşına çatmayan 01 yanvar 2007-ci il təvəllüdlü X1 iştirak etmir. Halhazırda o və yetkinlik yaşına çatmayan övladı 01 yanvar 2007-ci il təvəllüdlü X8 onun himayəsində, onunla birlikdə valideynlərinin yanında yaşayır, cavabdeh isə onlardan ayrı yaşayır. O, 1 (bir) ildən çoxdur ki, uşağını təkbaşına böyüdür, Cavabdeh uşağına heç bir maddi köməklik göstərmir, övladının saxlanılması üçün bu günədək heç bir maddi köməklik etməmiş və uşağının saxlanması üçün aliment ödəməmişdir. Uşağa yalnız o baxır, amma uşağının maddi təminatını artıq ödəməkdə çətinliklər çəkir. Uşaq elə yaş hədindədir ki, onun saxlanmasına, müalicəsinə və digər xərclərinə pul lazım olur. Tək qadın olaraq o bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkir. Bu səbəbdən də övladının saxlanması üçün maddi köməkliyə ehtiyacı vardır. Cavabdehin hazırda harada işləməsi və qazancı barədə onun məlumatı yoxdur. Lakin hesab edir ki, bu günkü gün uşaq üçün ayda 193 (yüz doxsan üç) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Övladının saxlanması üçün aliment alınması üçün ilkin mediasiya sessiyasında iştirak etsə də, orada tələb öz həllini tapmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızı izahatında Cavabdeh ilə 18 iyul 2000-ci il tarixində nikah bağlayaraq ailə həyatı qurduğunu, birgə nikahlarından 05 oktyabr 2001-ci il təvəllüdlü X5 və 01 yanvar 2007-ci il təvəllüdlü X6 dünyaya gəldiklərini, hazırda 05 oktyabr 2001-ci il təvəllüdlü X5 18 yaşını tamam etdiyini, təxminən 1 (bir) ildən çoxdur ki, cavabdehin yetkinlik yaşına çatmayan 01 yanvar 2007-ci il təvəllüdlü X1 iştirak etmədiyini, hal-hazırda yetkinlik yaşına çatmayan övladı 01 yanvar 2007ci il təvəllüdlü X6 onun himayəsində, onunla birlikdə valideynlərinin yanında yaşadığını, cavabdehin isə onlardan ayrı yaşadığını, onun 1 (bir) ildən çoxdur ki, uşağını təkbaşına böyütdüyünü, Cavabdeh uşağına heç bir maddi köməklik göstərmədiyini, övladının saxlanılması üçün bu günədək heç bir maddi köməklik etmədiyini və uşağının saxlanması üçün aliment ödəmədiyini, uşağa yalnız onun baxdığını, amma uşağının maddi təminatını artıq ödəməkdə çətinliklər çəkdiyini, uşağın saxlanmasına, müalicəsinə və digər xərclərinə pul lazım olduğunu, tək qadın olaraq onun bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkdiyini, bu səbəbdən də övladının saxlanması üçün maddi köməkliyə ehtiyacı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddiaçı ilə 18 iyul 2000-ci il tarixində nikah bağlayaraq ailə həyatı qurduğunu, birgə nikahlarından 05 oktyabr 2001-ci il təvəllüdlü X5 və 01 yanvar 2007-ci il təvəllüdlü X6 dünyaya gəldiklərini, həyat yoldaşı İddiaçı ilə nikahlarının pozulmadığını, lakin hazırda ayrı yaşadıqlarını, onun hazırda səhhəti ilə əlaqədar işləyə bilmədiyini, işlədiyi vaxtlarda uşaqlarına maddi köməklik göstərdiyini, hazırda işləmədiyindən aliment ödəmək imkanının olmadığını, lakin İddiaçı özünün işlədiyini, şagird hazırlığı ilə məşğul olduğunu, onun aliment ödəmək imkanının olmadığını, iddiaşıdan boşanmadığından ona aliment ödəməli olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin arasında 18 iyul 2000-ci ildə nikahın bağlanması, onların birgə nikahından 01 yanvar 2007-ci il təvəllüdlü X8 və 05 oktyabr 2001-ci il təvəllüdlü X7 adlı övladlarının doğulması, tərəflərin hazırda ayrı yaşamaları və onların birgə nikahdan doğulan uşaqlarının hazırda analarının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 18 iyul 2000-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 353717 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında 18 iyul 2000-ci il tarixdə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 128 nömrə ilə qeyd edilməsi, nikahın bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Gözəlova” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2007-ci il tarixli, AZ-İ seriyalı, 795941 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 01 yanvar 2007-ci il təvəllüdlü X8 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 04 yanvar 2002-ci il tarixli, AZ-İ seriyalı, 178829 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 05 oktyabr 2001-ci il təvəllüdlü X7 adlı övladlarının olması; -iş üzrə iddiaçının və cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından iddiaçı və cavabdehin hazırda ayrı yaşamaları, birgə nikahlarından olan övladları X6 hazırda anası ilə birlikdə yaşamaları aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X3 X12 tərəfindən verilmiş 14 mart 2002-ci il tarixli, 20 nömrəli arayışdan ünvan 1 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Cavabdeh həqiqətən 01.05.2017-ci il tarixdən Naxçıvan MR X2 xəstə kimi dispanserdə qeydiyyatda dayandığı və ağciyərlərin iki tərəfli infıltrativ vərəmi, dağılma fazasında, VMB (+) müsbət olmasının müəyyən olunması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşağın saxlanılması üçün 193 (yüz doxsan üç) manat aliment tələb etməsidir. Belə ki, iddiaçı iddia ərizəsində övladı X6 yetkinlik yaşına çatanadək saxlanılmaı üçün hər ay cavabdehdən sabit məbləğdə 193 (yüz doxsan üç) manat alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin xəstəliyi olmasını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumu həddində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin yaşayış minimumu həddində yəni 193 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “16” fevral 2022-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 29.1 (iyirmi doqquz manat on qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; “16” fevral 2022-ci il tarixdən hesablanmaqla, 01 yanvar 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat miqdarında aliment tutularaq, iddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızına ödənilməli; -Cavabdeh 29.1 (iyirmi doqquz manat on qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. “16” fevral 2022-ci il tarixdən hesablanmaqla, 01 yanvar 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat miqdarında aliment tutularaq, iddiaçı Mirzəyeva (Gözəlova) Aybəniz Firudin qızına ödənilsin. Cavabdeh 29.1 (iyirmi doqquz manat on qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar