Məhkəmə qərarları › İş №2(078)-357/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-357/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-357/2024 28.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 aprel 2019-cu il təvəllüdlü X2 və 27 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, cavabdehlə 20 iyul 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi olaraq nikaha daxil olduqlarını və bu barədə nikah akt qeydləri kitabında 243 nömrə ilə qeydiyyat aparıldığını, birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladı- 11 aprel 2019-cu il təvəllüdlü X2 və 27 iyul 2023-cü il təvəllüdlü X3 doğulduğunu, heç bir yerdə işləmədiyini, ayrı yaşadıqları müddət ərzində cavabdehin ailəsinin dolanışığı ilə maraqlanmadığını, övladlarını maddi cəhətdən təmin etmədiyini, bu səbəbdən də, maddi cəhətdən sıxıntı içində yaşadıqlarını, ona görə də, məcburiyyət qarşısında qalaraq Cavabdeh uşaqlarına sabit məbləğdə aliment ödəməsini istədiyini, cavabdehin işləyərək 350 manat əmək haqqı və 220 manat pensiya aldığını, yanvar ayından pensiyasının artdığını, lakin məbləği bilmədiyini, aliment məbləğinin 235 manat olduğunu, uşaqlarının xəstə olduğunu, müalicə üçün pul lazım olduğunu, cavabdehin alimenti ödəməli olduğunu, ən azından hər uşağa 200 manat ödəməli olduğunu, bunları nəzərə alaraq, 11 aprel 2019-cu il təvəllüdlü X2 və 27 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul etdiyini, ikinci qrup əlil olduğunu, müalicə aldığını, teatrda dekorçu işlədiyini, 350 manat maaş aldığını, 220 manat pensiya aldığını, iddiaçı ilə dekabrdan ayrı olduqlarını, hər uşağa 150 manat aliment ödəyə biləcəyini, pensiyasının artırılmadığını, özünün ürək xəstəsi olduğunu, müalicəyə ehtiyacının olduğunu, aylıq müalicə üçün pul yığdığını, iddia tələbinin qismən təmini barədə qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-İ 946625 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X8 arasında 20 iyul 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 243 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Bayramova” soyadı verilmişdir. AZ-İV 166083 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 11 aprel 2019-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. AZ-V 211270 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 27 iyul 2023-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara və iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Elsholzun işi üzrə qeyd etmişdir ki, “uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür”... ( Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. (Bronda, 59) Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq, konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə, müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, yuxarıda sadalanan bütün qanunvericilik normaları uşağın üstün maraqlarını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında həmçinin qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 22 yanvar 2024cü il tarixdən hesablanmaqla, 11 aprel 2019-cu il təvəllüdlü X2 və 27 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından 11 aprel 2019-cu il tarixdə X4 və 27 iyul 2023-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş üzrə tərəflərin yetkinlik yaşına çatmamış uşaqları anaları- iş üzrə iddiaçı ilə birlikdə yaşayır. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də, aliment sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi:

İddia qismən təmin edilsin. 22 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 11 aprel 2019-cu il təvəllüdlü X2 və 27 iyul 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar