Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-404/2021 17.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdehlər Əhmədova (Əliyeva) Şəhanə Ramiz qızına, Cavabdeh2 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi və aliment borcunun ailə və maddi vəziyyəti nəzərə alınmaqla yenidən hesablanması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Əhmədova (Əliyeva) Şəhanə Ramiz qızına, Cavabdeh2 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru E.X.Qələndərov tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilərək aliment borcunun ailə və maddi vəziyyəti, həmçinin gəlirləri nəzərə alınmaqla yenidən hesablanması;
2. Babək rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(079)- 219/2014 saylı icra vərəqəsi üzrə təyin edilmiş aliment məbləğinin sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmiş, tələbin forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. İddiaçı iddia tələbini alimentin sabit pul məbləğində müəyyən edilməsi və aliment borcunun ailə və maddi vəziyyəti nəzərə alınmaqla yenidən hesablanması kimi qoysa da, iddia ərizəsinin xahiş etdi hissəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru E.X.Qələndərov tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilərək aliment borcunun ailə və maddi vəziyyəti, həmçinin gəlirləri nəzərə alınmaqla yenidən hesablanması, Babək rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(079)-219/2014 saylı icra vərəqəsi üzrə təyin edilmiş aliment məbləğinin sabit pul məbləğində müəyyən edilməsi olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, mövcud aliment məbləğinin dəyişdirilməsi barədə iddia tələbi irəli sürülən zaman iddia tələbində məhz aliment məbləği müəyyən edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi qeyd olunmalı olduğu halda iddiaçı icra vərəqəsi əsasında müəyyən edilmiş alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Halbuki icra vərəqəsi məhz məhkəmə qətnaməsi əsasında qəbul edildiyindən icra vərəqəsinə münasibət bildirilməsi onun əsasını təşkil edən məhkəmə qətnaməsinin qüvvədə olaması ilə nəticələnməklə iddiaçı və ya cavabdehlər barəsində hər hansı hüquqi nəticə yaratmır. Qeyd edilənlərə əsasən iddiaçıya iddia tələblərini konkretləşdirib yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-cu il tarixdə 14863 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım:
İddiaçı cavabdehlər Əhmədova (Əliyeva) Şəhanə Ramiz qızına, Cavabdeh2 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi və aliment borcunun ailə və maddi vəziyyəti nəzərə alınmaqla yenidən hesablanması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-cu il tarixdə 14863 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.