Məhkəmə qərarları › İş №2(078)-409/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-409/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-409/2025 12.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunmaqla ödənilmiş 1760 (bir min yeddi yüz altmış) manat pulun yarısı olan 880 (səkkiz yüz səksən) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğ olan 5466.2 (beş min dörd yüz altmış altı manat iyirmi qəpik) manat pulun yarısı olan 2733 (iki min yeddi yüz otuz üç) manat pulun cavabdeh tərəfindən ödənilməsi üçün onun aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay cavabdehdən tutularaq ona ödənilməsi və ödənilmiş 56.13 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 06 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanılmış 352 nömrəli nikaha 18 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir. Birgə nikah dövründə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-in Babək filialı ilə bağladığı RGRR7233387B299 saylı kredit müqaviləsinə əsasən bankdan 5600 (beş min altı yüz) manat məbləğində pulu 60 aylığa kredit götürmüşdür. 2024-cü ilin yanvar ayından götürülən kredit pulunu fevral ayından etibarən, yəni 11 aydır ki, hər ay 160 (yüz altmış) manat məbləğində kredit pulunu özü ödəyir. Həmin Kredit müqaviləsinin faizinin aşağı düşməsi üçün əlavə olaraq 500 (beş yüz) manat kredit pulu götürmüş və 08 aprel 2024-cü il tarixdə yeni hesab açılaraq yenilənmişdir, ona verilən kredit pulunun məbləği 6050 (altı min əlli) manat təşkil edirdi. 11 ay müddətinə hər ay "xxxx" ASC-yə 160 manat olmaqla, cəmi 1760 (min yeddi yüz altmış) manat kredit pulu ödəmişdir. Banka ödənilməmiş 5466.20 (beş min dörd yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində kredit borcu qalır. 2024-cü ilin yanvar ayında götürülən kredit puluna elə həmin gün Cavabdeh adına “VAZ-21-07” markalı, **-BM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin kredit pulunun qalıq məbləğini ödəməkdə çətinlik çəkir. İstəyir ki, cavabdehlə birgə nikah dövründə əldə edilən ailənin ümumi gəliri hesab edilən ödənilmiş kredit pulunun yarısını cavabdeh tərəfindən ona ödənsin və ödənilməmiş kredit pulunun yarısının ödənilməsinə köməklik etsin. Mübahisənin həlli məqsədilə Naxçıvan Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Mülki iş üzrə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair xx.xx.2025-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi tələbi barədə” iddiasının əsassız olduğundan rədd olunmasını və 4000 manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq iddiaçı-cavabdeh İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı-cavabdeh İddiaçı ona qarşı “birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş 1/2 hissəsinin ondan alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin 1/2 hissəsinin ondan tutularaq ona ödənilməsi tələbi barədə” Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində 21 yanvar 2025-ci il tarixdə iddia qaldırmışdır. Həmin iddianı qəbul etmir. İddia ərizəsində göstərilənlər həqiqəti özündə əks etdirmir. Belə ki, birgə nikah dövründə avtomobil almaq məqsədilə 22 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Babək filialı ilə bağladıqları RGRR7233387B299 nömrəli kredit müqaviləsinə əsasən bankdan 60 ay ərzində ödənilməsi şərtilə 5600 manat məbləğində kredit götürmüşlər. Bankdan pulu götürdükdən sonra dəyəri 5500 manat olan “VAZ-21-07” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Lakin bir müddət sonra məcburiyyət qarşısında qalaraq avtomobili 5000 manata satmışdır. Əldə etdiyi pulu isə elə birgə nikah dövründə evin kirayəsinə, uşaqlar evi yararsız hala saldıqları üçün müəyyən təmir işlərinə, əvvəlcədən yaranmış borclarına və ailənin birgə ehtiyaclarına birlikdə xərcləmişlər. Kredit borcunu isə 2024-cü ilin aprel ayına kimi özü tək ödəmişdir. Qeyd etmək istəyir ki, iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində kredit müqaviləsinin faizinin aşağı düşməsi üçün əlavə olaraq 500 manat məbləğində təkrar kredit götürdüyünü qeyd etsə də, həmin kredit götürmüş olduğu 500 manatdan ümumiyyətlə onun xəbəri olmamışdır, bununla da bağlı hər hansı bir sübutu belə ola bilməz. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində qeyd etdiyi bu məlumat tamamilə yanlış və əsassızdır. Bundan başqa, valideynləri ona qarşı “kompensasiya ödənilməklə onun qeydiyyatdan çıxarılmağı tələbi barədə” məhkəmədə iddia qaldırmışdır. Məhkəmə bitdikdən sonra isə valideynləri tərəfindən ona 10000 manat məbləğində kompensasiya ödənilmişdir. Həmin pulu yenə də evin kirası, şəxsi ehtiyacları, borcları və s. ödəmək üçün xərcləmişdir. Həmin pulun 4000 manatını isə iddiaçı-cavabdeh İddiaçı aparıb, Nehrəm qəsəbəsində onun tanımadığı şəxslərə faizə vermişdir. Hazırda da həmin pul faizdədir və aylıq olaraq 150 manat da faiz alır. Beləliklə də, iddiaçı-cavabdeh İddiaçı onun 4000 manat pulunu mənimsəyib, hər dəfə də ondan pulunu tələb edəndə ona müxtəlif yalanlar danışıb pulunu verməkdən yayınır. Bundan başqa birgə nikahda olduqları müddətdə 5 il lotereya oynayıb, 1 ayı 100 manatdan 10 ay götürmüş olduğu pulu mənimsəmişdir. Bu kimi səbəblərdən də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması, mülki işə iddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı 4000 manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq iddiaçı-cavabdeh İddiaçı alınıb ona ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında 2024-cü ilin yanvar ayında yoldaşı ilə birgə 5500 manat pul götürdüklərini, maşın almaq üçün pulu götürdüklərini, yoldaşının da bunu təsdiqləyəcəyini, faktiki olaraq may ayının 1-dən ayrı yaşadıqlarını, may ayının 1-dən qabaq da sonra da özünün krediti ödədiyini, kirada qaldığını 2 uşaq saxladığını, qızlarının 4-5 yaşı olduğunu, uşaq saxladığı üçün ödənişi ödəyə bilmədiyini, maşının satıldığını, satılarkən evli olduqlarını, satıb sonradan başqa maşın aldığını, maşını atasının adına keçirdiyini, boşandıqlarında artıq maşının satıldığını, cavabdehin dediklərinin hər birinin yalan olduğunu, sübutunun olmadığını, loteryanı özünün maaşından oynadığını, öz pulu olduğunu, kartını istədiyini, özünün vermədiyini, loteryanın pulunu anasına verdikdə cavabdehin buna narazılıq bildirdiyini, loteryanın pulunu özünün xərclədiyini, iki uşaqla bərabər onu qoyub Moskvaya getdiyini, uşaqlara baxarkən o pulu xərclədiyini, hər ay 320 manat kira verdiyini, pulları evə və uşaqlara xərclədiyini, 10000 manat kompensasiyanın pulunu yeyib xərclədiklərini, 6000 manatı cavabdehin yediyini, korona vaxtı 1500 manat verib təyyarə ilə Moskvaya getdiyini, maşını qəza edib vurduğunu, 1500 manat ona verdiyini, 1 ayda 6000 manatı xərclədiyini, nəyə xərclədiyini bilmədiyini, 4000 manatı da özünün və uşaqlarının cavabdeh Moskvada olanda xərclədiyini, uşaqlara və evə xərclədiyini, faizə vermədiyini, yalan dediyini, o zaman bir evdə qalmadıqlarını, özünün kirayədə qaldığını, cavabdehin uşaqlarını 2-3 yaşında qoyub Moskvaya getdiyini, lotereyanın öz pulunun olduğunu, cavabdehin haqqının olmadığını, 6 aylıq kirayəni ödəmədiyini, cavabdehin kirayəni 1 ay verib sonra vermədiyini, məhkəmədən qanuni qərar verilməsini istədiyini bildirmişdir. Məhkəmə baxış iclası zamanı cavabdeh-iddiaçı Cavabdeh verdiyi izahatında maşını mart ayında satdığını, may ayında ayrıldıqlarını, maşının pulunu da borclarını ödədiyini, 5300 manata alıb 5000 manata satdığını, iddiaçı cavabdehin valideynlərinin kompensasiyasını xərclədiyini, pulu istədikdə vermədiklərini, vəkillər kollegiyasına getdiklərini, valideynlərinin 2021-ci ildə məhkəmə qətnaməsi ilə kompensasiya verdiklərini, məbləğin 10000 manat olduğunu, onun 4000 manatını yoldaşına verdiyini, may ayının 1dək kreditləri özünün ödədiyini, may ayının 1-dən sonra iddiaçının ödədiyini, iddiaçının 500 azn krediti artırmasından xəbəri olmadığını, onun özünün götürdüyünü, iddiaçının 5 il 100 manatdan lotareya oynadığını, o pulu 5 il özünün verdiyini, təqdim etdiyi qarşılıqlı iddia ərizəsinin təmin olunmasını istədiyini, ata anasının kompensasiyasının 4000 manatının faizinin indeksasiyası ilə birgə istədiyini, səs yazısında da pulun anasında olduğunu iddiaçının bildirdiyini, qızılları birgə cahanda Canpolad adlı şəxsin yanına gedib satdıqlarını, qızılları 556 manata satdığını, atalıq borcunu ödədiyini, hər ay gecikdirmədən alimenti ödədiyini, kreditin pulundan evi də təmir etdiyini, evə də pul qoyduğunu, kompensasiyanın özünün haqqı olduğunu, vəkillər kollegiyasında da bunu iddiaçının atasına bildirdiklərini, səs yazısında bütün sübutların olduğunu, ata anasının kompensasiyasının pulunu istədiyini, iddiaçının bütün ifadələrinin yalan olduğunu, Moskvadan hər ay pul göndərdiyini, danışanda pulları xərclədiyini, bir ay içində 1200 manat bir 700 manat bir göndərdiyini, iddiaçının xarcləyib bitirdiyini, 10000 kompensasiyanı aldıqdan sonra iddiaçının faizə verməyi təklif etdiyini, özünün razı olmadığını, kompensasiyanın pulundan 2000 manat çox pulu kirayənin pulunu verdiyini, sonra Moskvaya bilet aldığını, o zaman 326 manat əmək haqqı aldığını, pul az olduğu üçün ailəsinə baxa bilməyəcəyi üçün Moskvaya getdiyini, şaxta boranda işlədiyini, əziyyət çəkdiyini, kompensasiyanın pulunu evə qoyub çıxdığını, iddiaçıya vermədiyini, Moskvada olarkən pulu geri istədiyini, Moskvaya gedərkən o pulla evin 6 aylıq xərclərini ödədiyini, evin ərzağını ailənin geyimini ödədiyini, sonra getdiyini, onun 4000 manat pulunu Nehrəmdə aylıq 150 manat faizə verdiyini, onun razı olmadığını, haram olduğunu, faizə vermək istəmədiyini, o pulu hələ də faizdə olduğunu, iddiaçının o puldan hər ay pul qazandığını, iddiaçının anası ilə Moskvada olarkən danışdığını, annasına Leyla xala mənim pulumu verin dedikdə vermirik dediklərini, Naxçıvana döndükdən sonra ona hədə-qorxu gəldiyini, polislə təhdid etdiklərini, 4000 manatını istədikdə vermədiyini, pulunu mənimsədiklərini indi isə qaytarmadıqlarını, Çinarə xanımın aprel ayında 500 manat götürdüyünü yalan dediyini, özünün bilmədiyini, 6 aylıq kirayə ödənişinin qəbzlərini məhkəməyə təqdim etdiklərini, 4000 manatı faizinin indeksasiyası ilə birgə istədiyini, birgə nikah dövründə yığışan loteryanın 5000 manat məbləğinin 2 yerə bölünməsini istədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: "xxxx" ASC-nin Babək filialının 10 yanvar 2025-ci il tarixli, 05 nömrəli arayışına əsasən, "xxxx" ASC-dən 08 aprel 2024-cü ildə RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə İddiaçı adına 6050 (altı min əlli) manat məbləğində kredit rəsmiləşdirilmişdir. Müştərinin 10 yanvar 2025-ci il tarixə 5466.20 manat kredit borcu vardır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ 946742 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X4 arasında 06 sentyabr 2018-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Nağıyeva” soyadı verilmişdir. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 433952 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikah Babək Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Babək Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(079)-422/2024 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış İddiaçı ilə Cavabdeh arasında 06 sentyabr 2018-ci ildə Naxçıvan şəhər Nikah evində bağlanmış, nikahın bağlanılması haqqında akt qeydləri kitabında 352 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2019-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmış, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2019-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməsi müəyyən edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-97/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı X3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X7 tərəfindən Cavabdeh 10000 (on min) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkib hissəsinə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməsi, Cavabdeh yaşayış və istifadə hüququna kompensasiyanın ödənildiyi gündən xitam verilməsi qət edilmişdir. 21 sentyabr 2021-ci il tarixli akta əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-97/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədi üzrə tələbkar X7 10000 (on min) manat pulu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına görə boşanma prosesində ər-arvadın ümumi əmlakının bölünməsi məsələsi də həll olunarsa, məhkəmə hər şeydən əvvəl hansı əmlakın bölünməli olmasını, bu əmlakın nə vaxt əldə edilməsini, ümumi mülkiyyətdə olan birgə əmlak sayılıbsayılmamasını, əmlakın bölünməsinin üçüncü şəxslərin mənafeyinə toxunubtoxunmamasını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər (Ailə Məcəlləsinin 22.3cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun məhz nikah dövründə əmlak əldə edilməklə yaranmasını iddiaçı-cavabdeh sübuta yetirir. Belə ki. Həmin kredit vəsaiti ilə tərflərin avtomobil alması hər iki tərəfin izahatı ilə təsdiq edilir. Daha sonra avtomobilin satılması, əldə edilən vəsaitin nikah dövründə xərclənib-xərclənməməsi iddianın predmetini təşkil etmir. Bununla yanaşı iddiaçı həmin avtomobilin satılması üçün əldə edilə vəsaitin yarısını da tələb etməmiş və məhkəməyə müraciət etməmişdir. Bu halda isə əldə edilən kredit vəsaitində iddiaçı və cavadehin bərabər borc-öhdəliyi müəyyən edilməlidir və nikah münasibətlərinə xitam verildikdən sonra ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin isə cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair hissədə iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri kredit borcu üzərində tərəflərin bərabər şəkildə hüququ müəyyən edilməli, tərəflər arasında faktiki ailə münasibətlərinin bitməsi vaxtı nəzərə alınmaqla iddia ərizəsi verilən qədər ödənilmiş kreditin 1341.91 (bir min üç yüz qırx bir manat doxsan bir qəpik) manat pulun yarısı olan 671 (altı yüz yetmiş bir) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia ərizəsi verildikdən sonra aylıq ödənilən və ödəniləcək qalan kredit pulunun borcunda isə tərəflərin bərabər hüququ müəyyən edilməli və həmin kredit borcunun ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödəməsi öhdəliyi müəyyən edilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Belə ki, kredit müqaviləsi Bankla İddiaçı arasında bağlanmışdır. Qeyd edilən müqavilə üzrə bank iddiaçı ilə müstəqil qaydada müqavilə imzalamışdır. Həmin müqavilənin şərtlərinə münasibətdə tərəflər üzərlərinə qarşılıqlı öhdəlik götürmüşlər. Bu gün iddiaçının öz üzərinə götürdüyü öhdəliyə cavabdehin daxil edilməsi tərəflər arasında bağlanan müqavilə üzrə müqavilə azadlığı prinsipinə uyğun deyildir və iddiaçının hüquqi marağına uyğun olsa da müqavilənin digər tərəfin-bankın hüquqi marağına uyğun olmur. Bu halda isə yaranmış borca pay hüququ müəyyən edilməsi qanuni və əsaslıdır. Həmin borca bərabər pay hüququna uyğun olaraq cavabdeh ödənilməli olan ümumi borcun yarısını iddiaçıya ödəməlidir. Belə ki, Cavabdeh ilə X4 arasında 06 sentyabr 2018-ci il tarixdə nikah bağlanmışdır. "xxxx" ASC-nin Babək filialının 10 yanvar 2025-ci il tarixli, 05 nömrəli arayışına əsasən, "xxxx" ASC-dən 08 aprel 2024-cü ildə RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə İddiaçı adına 6050 (altı min əlli) manat məbləğində kredit rəsmiləşdirilmişdir. Müştərinin 10 yanvar 2025-ci il tarixə 5466.20 manat kredit borcu vardır. Tərəflər birgə nikahda olduqları müddətdə İddiaçı "xxxx" ASC-nin Babək filialından kredit götürmüşdür. Bank çıxarışlarından aydın olur ki, xx.xx.2024-cü il tarixdə Bankdan götürülən 5600 manat kredit borcuna münasibətdə xx.xx.2024-cü il tarixdə 185 manat, xx.xx.2024-cü il tarixdə 160 manat kredit ödənilmiş həmin gün 5524.24 manat ödənilməklə kredit bağlanmışdır. xx.xx.2024-cü il tarixdə yenidən kredit verilməklə 6.050 manat məbləğində iddiaçı üçün kredit ayrılmışdır. Həmin kredit üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü ildə 160 manat, xx.xx.2024-cü ildə 160 manat, xx.xx.2024-cü ildə 163 manat, xx.xx.2024-cü ildə 135 manat, xx.xx.2024-cü il tarixdə 1.50 manat, xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 0.75 manat, xx.xx.2024-cü il tarixdə 3.15 manat, xx.xx.2024-cü il tarixdə 66.81 manat, xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 0.48 manat, xx.xx.2024cü il tarixdə 3.42 manat, xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 0.77 manat, xx.xx.2024-cü il tarixdə 3.13 manat. xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2025ci il tarixdə 3.90 manat kredit ödənişləri həyata keçirmişdir. Cavabdeh ilə İddiaçı arasında olan nikah Babək Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə ilə müəyyən edilir ki, iddia tələbi 06 iyun 2024-cü il tarixdə məhkəməyə verilmiş, iddiaçı tələbini əsaslandıran zaman 25 gün olar ki, ayrı yaşadığını bildirmişdir. Buradan belə aydın olur ki, 2024-cü ilin may ayından tərəflər ayrı yaşayırlar və kredit üzrə ödənişlər birgə təsərrüfat aparılmadığı həmin müddətdən başlayaraq iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənə qədər olan müddət ərzində ödənilən məbləğin yarısı cavabdeh-iddiaçıdan tutulub iddiaçı-cavabdehə verilməlidir. İddia qaldırılandan sonra iddiaçı tərəfindən ödənilmiş, hazırda ödənilməkdə olan kredit borcunun həmin hissəsində tərəflərin bərabər pay hüquqları müəyyən edilməlidir. İddiaçı tələbində ümumi olaraq ödədiyi 1760 manat kredit borcunun yarısının 880 manat pulun cavabdehdən alınıb ona verilməsini tələb edir. Lakin bank çıxarışlarından görünür ki, ödənilən həmin borcun 1341.91 (bir min üç yüz qırx bir manat doxsan bir qəpik) manat hissəsini iddiaçıcavabdeh faktiki ayrıldıqdan sonra tək ödəmişdir, qalan ödənişləri həyata keçirən zaman isə tərəflər ailə olmaqla təsərrüfatın ümumi idarəçiliyini aparmışdır. Bu halda isə ailənin ümumi təsərrüfatının birgə idarəçiliyi həyata keçirilən zaman aparılmış ödəmələrin iddiaçının öz əmək haqqı ilə aparmasının onun yarı hissəsinin cavabdehdən tələb etməsinə dair hər hansı hüquqi əsası olmamışdır. Belə ki, nikah dövründə iddiaçının əmək haqqı-qazancı da ailə qanunvericiliyinə görə birgə mülkiyyət hesab edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd olunmalıdır. Cavabdeh “birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi tələbi barədə” iddiasının əsassız olduğundan rədd olunmasını və 4000 manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq iddiaçıcavabdeh İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin o, qarşılıqlı iddia tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, sözügedən pul məbləğinin yəni 4000 manat cavabdeh-iddiaçının öz mülkiyyəti hesab edilən birgə nikah dövründə qazanılan əmlak siyahısına daxil edilməyən kompensasya məbləğinin Moskvaya gedərkən İddiaçı verməsi qalan hissənin isə özü tərəfindən xərclənməsi mübahisəsiz haldır. Bu hal iddiaçı-cavabdeh tərəfindən də təsdiq edilir. Lakin həmin vaxtdan sonra keçən bir müddət ərzində tərəflər ailə münasibətlərini davam etdirmişlər və bu halda həmin pulun məhz iddiaçı-cavabdeh tərəfindən faizə verilməsini, qazanc əldə edilməsini və tərəflər ayrılarkən pulun cavabdehdə qalmasını cavabdeh-iddiaçı sübuta yetirə bilmir. Cavabdeh-iddiaçının nikahın pozulmasına dair qətnamədə əks olunmuş izahatında 5000 manat pulun iddiaçı tərəfindən götürüldüyünü bildirmişdir, lakin həmin qətnamədə də bu halın iddiaçı tərəfindən təsdiq edilməsi izahatında qeyd edilməmişdir. Təqdim edilən səs yazılarında da mübahisəli halı sübut edən hər hansı ifadə təsdiqini tapmır. Bu halda sübutetmə yükü cavabdeh-iddiaçının üzərindədir və o, həmin pul məbləğinin nikah münasibətlərinə xitam verilən zaman iddiaçı-cavabdehdə olmasını, iddiaçının həmin pul vəsaitindən istifadə edərək gəlir götürməsini sübuta yetirməlidir. Həmçinin cavabdeh-iddiaçı izahatında iddiaçının 5 il müddətində lotareya oynamaqla pul toplamasını bildirmiş və həmin pulun yarısını tələb etmişdir. Lakin bu qarşılıqlı iddia tələbində tələb olaraq bildirməmişdir. Məhkəmə qeyd edir ki, yenə də bu halda sübutetmə yükünü cavabdeh-iddiaçı daşımaqdadır. Belə ki, lotareya oynamaqla bağlı hissəsini iddiaçı təkzib etmir, lakin həmin vəsaitin nikah dövründə xərcləndiyini bildirir. Bu halda isə lotareya oynanılması ilə bağlı pul vəsaitinin toplanması, xərclənməməsi və tərəflər ayrılarkən həmin toplu vəsaitin iddiaçı-cavabdehdə olmasını cavabdeh-iddiaçı sübuta yetirməlidir və bu barədə iddia tələbi olmalıdır. Məhkəmə qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçıcavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 23 yanvar 2025-ci il tarixdə 23557 nömrəli qəbzlə ödənilmiş 56.13 (əlli altı manat on üç qəpik) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı qaytarılmalıdır. Həmçinin qarşılıqlı iddia tələbi rədd olunduğundan, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 fevral 2025-ci il tarixdə 13339 nömrəli qəbzlə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri kredit borcu üzərində tərəflərin bərabər borc hüququ müəyyən edilsin. Tərəflər arasında faktiki ailə münasibətlərinin bitməsi vaxtı nəzərə alınmaqla iddia ərizəsi verilən qədər ödənilmiş kreditin 1341.91 (bir min üç yüz qırx bir manat doxsan bir qəpik) manat pulun yarısı olan 671 (altı yüz yetmiş bir) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi verildikdən sonra aylıq ödənilən və ödəniləcək qalan kredit pulununborcunun ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödəməsi öhdəliyi müəyyən edilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 23 yanvar 2025-ci il tarixdə 23557 nömrəli qəbzlə ödənilmiş 56.13 (əlli altı manat on üç qəpik) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçıcavabdeh İddiaçı qaytarılsın. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 fevral 2025-ci il tarixdə 13339 nömrəli qəbzlə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar