Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-455/2023 19.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh təşkilatın nümayəndəsi X4 və X7 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı təbii fəlakət nəticəsində dəymiş ziyana görə sığorta ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin aprel ayında göycə ağaclarına şaxtavurma hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin Şərur rayon Sığorta İdarəsi ilə aralarında kənd təsərrüfatı məhsullarının sığortalanması barədə sığorta şəhadətnaməsinə əsasən 2100 (iki min yüz) manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 2022-ci ilin aprel ayının əvvəlində Cavabdeh Şərur rayon Sığorta İdarəsinin əməkdaşlarının Şərur rayonu, Oğlanqala kəndində əhali arasında görüş keçirərək kənd təsərrüfatı bitkilərinin məhsulunun sığortalanması mövzusunda maarifləndirici söhbətlər aparırdıqlarını, Şərur rayonu, Oğlanqala kəndində mülkiyyətində olan fərdi yaşayış sahəsinə aid 0.05 ha torpaq sahəsində 30 ədəd göycə ağacı əkdiyini və həmin göycə ağaclarının məhsulunu sığortalamaq istədiyini bildirdiyini, 2022-ci ilin aprel ayının əvvəlində Şərur rayon Sığorta İdarəsinin müdiri X5 şəxsən gəlib göycə ağaclarına baxış keçirərək şəkillərini çəkdiyini və aprel ayının 11-də Cavabdeh Şərur rayon Sığorta İdarəsində sığortaçı X10 ilə kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortalanmasına dair müqavilə (APİ 002648 nömrəli) bağladıqlarını, həmin sığorta şəhadətnaməsindən çıxarışa əsasən (ikinci abzas) kənd təsərrüfatı məhsullarının yanğın, dolu, sel, daşqın və şaxtavurmadan sığorta olunmuş sayıldığını, bu hadisələr istisna olmaqla, digər hadisələrdən sığorta təminatı verilmədiyini, sığorta müqaviləsi bağladıqdan bir müddət sonra qar yağdığını və göycə ağaclarını şaxta vurduğunu, aprel ayının 20-dən sonra ağacların çiçəklərinin tökülməyə başladığını, bu barədə Şərur rayon Sığorta İdarəsinə bildirdiyini, Sığorta İdarəsinin müdiri X5 özünün şəxsən Sığorta İdarəsinin əməkdaşı X12 ilə birlikdə gəlib göycə ağaclarına baxış keçirərək fotoşəkillərini çəkdiklərini, göycə ağaclarının şaxtavurma hadisəsi nəticəsində çiçəklərinin töküldüyünü bildirərək sığorta şəhadətnaməsinə uyğun olaraq dəymiş zərərə görə müəyyən edilmiş 2100 (iki min yüz) manat sığorta pulunun ödənilməsi üçün ərizə ilə Sığorta İdarəsinə müraciət etməyini bildirdiklərini, bununla əlaqədar olaraq müvafiq sənədləri toplayıb ərizə ilə Cavabdeh Şərur rayon Sığorta İdarəsinə müraciət etdiyini, 24 may 2022-ci il tarixdə Şərur rayon Sığorta İdarəsi tərəfindən verilmiş 01-07/376 saylı məktubda 8-15 aprel 2022-ci il tarixdə əldə olunmuş metroloji məlumatlara əsasən havanın minimum temperaturunun 4°C olduğunun göstərilərək həmin tarixdə Oğlanqala kəndində şaxtavurma hadisəsinin olmadığını əsas gətirərək sığorta haqqının ödənilməsindən imtina edildiyini, baş vermiş şaxtavurma hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin Sığorta İdarəsi tərəfindən ödənilməli olduğunu, Sığorta İdarəsi ilə aralarında bağlanmış APİ 002648 saylı sığorta müqaviləsindən çıxarışa əsasən (ikinci abzas) kənd təsərrüfatı məhsulları yanğın, dolu, sel, daşqın və şaxtavurmadan sığorta olunmuş sayıldığından və Sığorta İdarəsi ona dəymiş zərərin ödənilməsindən imtina etdiyindən bu barədə məhkəməyə müraciət etmək zərurətinin yarandığını, şaxta vurma hadisəsi ilə əlaqədar sığorta idarəsinin rəisinə məlumat verdiyini, onlarında gəlib özlərinin baxdığını, şəkillər çəkdiklərini, özünün də şəkil çəkdiyini, həmin vaxtı sığorta işçilərinin şaxta vurmanın olduğunu bildirdiklərini, həmin vaxtı qonşularının da əkinini pamidorlarını şaxta vurduğunu, sığorta idarəsinin şaxta vurmadan sonra sığorta müqaviləsinin bağlandığı fikirləri ilə razılaşmadığını, həmin günü yağış yağdığını, gecəsi isə qar yağdığını, bu səbəbdən şaxta olduğunu, yaşadığı ərazinin dağın ətrafında olduğundan qar yağdığından şaxtanın olduğunu, buz qatının olmasını çəkdiyi şəkildə görsəndiyini, nümayəndənin tökülən çiçəkləri əlində götürdüyünü, onun da şəkilini çəkdiyini, göycə bağından hər il 5-6 ton məhsul yığdığını, şaxta vurmadan ağacların tamamilə çiçəklərini tökdüyünü, ağacların hər hansı xəstəlikdən çiçəklərini tökmədiyini, yaşadığı evin rayon mərkəzindən 16-18 km aralıda olduğunu, hava məlumatının isə ümumi verildiyini, bu səbəbdən dəqiq olmadığını, bir il əvvəl hadisənin baş verdiyini, lakin sığorta ödənişini ala bilmədiyini, bunları nəzərə alaraq, 2022-ci ilin aprel ayında göycə ağaclarına şaxtavurma hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin Şərur rayon Sığorta İdarəsi ilə aralarında kənd təsərrüfatı məhsullarının sığortalanması barədə sığorta şəhadətnaməsinə əsasən 2100 (iki min yüz) manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X14 izahatında, iddianı qəbul etmədiklərini, Şərur rayonu, Oğlanqala kənd sakini İddiaçı istəyinə uyğun olaraq 11 aprel 2022-ci il tarixdə APİ 002648 nömrəli sığorta şəhadətnaməsi ilə 30 ədəd göycə ağacının sığortalandığını, 25 aprel 2022-ci il tarixli ərizəsinə əsasən onun həyətyanı sahəsində yerləşən göycə bağına baxış keçirildiyini, baxış zamanı göycə ağaclarının çiçəklərinin yerə töküldüyünün məlum olduğunu, vətəndaşın ərizəsində qeyd etdiyi kimi 13 aprel 2022-ci il tarixdə havanın 0°C soyuq və şaxtalı keçməsi ilə əlaqədar həyətyanı sahəsində olan göycə ağaclarını şaxta vurduğunu, kənd təsərrüfatı bitkilərinin məhsulunun sığortası qaydalarına əsasən 5 haldan: yanğın, dolu, sel, daşqın və şaxtavurmadan sığorta olunduğunu, iddiaçının tələbi şaxtavurma ilə əlaqədar olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.3-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinin 20 may 2022-ci il tarixli, 01-07/363 saylı məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş cavab məktubuna əsasən Şərur rayonu üzrə 8-15 aprel 2022-ci il tarixləri aralığında əldə olunmuş metroloji məlumatlara əsasən havanın minimum temperaturunun +2°C, lakin vətəndaşın iddia etdiyi tarixdə isə minimum temperaturun +4°C olduğunu, bunları nəzərə alaraq, həmin dövrdə havanın temperaturu müsbət parametrlərlə müşahidə olunduğu üçün, həmçinin də qeyd olunan sığorta risklərindən hər hansı biri baş vermədiyi üçün sığorta ödənişinin verilmədiyini, meyvə ağaclarının məhsulunun hər hansı səbəbdən yerə tökülməsinin məlum olmadığını, sığorta müqaviləsi bağlanılmamışdan əvvəl şaxta vurduğunun ehtimal olunduğunu, buna görə də, vətəndaşın meyvə ağaclarına dəymiş zərərlə bağlı sığorta ödənişinin verilməsinin qanunauyğun olmadığını, şaxta vurmanın baxışla müəyyən edilməsinin mümkün olmadığını, bu halın aidiyyəti qurumların rəyi ilə müəyyən olunmalı olduğunu, iddiaçı X2 iddiasının əsassız olduğunu nəzərə alaraq, iddiaçının iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X6 izahatında, digər nümayəndənin verdiyi izahata əlavəsinin olmadığını, iddianı qəbul etmədiklərini, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X13, Şərur rayonu, Oğlanqala kənd sakini İddiaçı istəyinə uyğun olaraq 11 aprel 2022-ci il tarixdə APİ 002648 nömrəli sığorta şəhadətnaməsi ilə 30 ədəd göycə ağacının sığortalandığını, telofon məlumatına əsassən işçi X8 hadisə yerinə göndərib baxış keçirməsini, şəkillər çəkilməsini, müqavilənin götürülməsini tapşırdığını, sonra İddiaçı idarədə ərizəsinin alındığını, ərizəsinə əsasən onun həyətyanı sahəsində yerləşən göycə bağına baxış keçirildiyini, baxış zamanı göycə ağaclarının çiçəklərinin yerə töküldüyünün məlum olduğunu, sənədləşməni baş idarəyə göndərdiklərini, sonra baş idarədən məktubun daxil olduğunu, baş idarə tərəfindən sorğu olunub alınan cavaba görə şaxta olmadığından sığorta ödənişinin verilməsindən imtina olunduğunu, hadisənin baş verdiyi tarixi tam xatırlamadığını, İddiaçı sığorta müqaviləsi bağlandıqdan sonra şaxta vurma ilə əlaqədar müraciət etdiyini, təxminən 14-15 aprel tarixlərində olduğunu, əməkdaşın ağacların və tökülən çiçəklərin şəkilini çəkib gətirdiyini, şaxta vurmadan sonra sığorta müqaviləsinin bağlanması halının olub-olmamasını bilmədiyini, şaxta vurmadan bir neçə gün sonra çiçəklərin tökülmə halının olmasını, sığorta müqaviləsi bağlananda ağaclara baxış olduğunu, çiçəkləri olduğu halda müqavilənin bağlandığını, sığorta idarəsində sahələr üzrə ixtisaslı mütəxəssislərin fəaliyyət göstərmədiyini, bu səbəbdən ağacların növü və sağlamlığını müəyyən edəcək mütəxəssisin olmadığını, sığorta fəaliyyəti olaraq işlərinin müraciətə uyğun olaraq hadisə yerinə baxıb sənədləşmə aparıb baş idarəyə göndərmək olduğunu, sığorta hadisəsi ilə əlaqədar şəkilləri çəkib ərizəni və sığorta müqaviləsini alıb baş idarəyə göndərdiklərini, başqa sənədləşmənin olmadığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X12, 04 fevral 2023-cü il tarixinədək Şərur rayon Sığorta idarəsində sığorta agenti işlədiyini, müdirin ona Şərur rayonu, Oğlanqala kənd sakini İddiaçı həyətində ağacların və yerə tökülən çiçəklərin şəkilini çəkib gətirməsini tapşırdığını, ağacların və altına tökülən çiçəklərin şəkillərini şəxsi telofonu vasitəsi ilə çəkib gətirdiyini, hansı tarixdə etdiyini xatırlamadığını, təxminən 20-yə yaxın şəkil çəkdiyini, İddiaçı əvvəlcədən başqa şəkillər də çəkib gətirdiyini, çiçəklərin hamısının tökülmədiyini, ağacların üstündə çiçək qaldığını, sığorta müqaviləsi bağlananda iştirak etmədiyini, əlində tökülən çiçəklərin şəklini çəkdiyini, başqa sənədləşmə olmadığını, hadisənin olması üçün şəkillərin çəkildiyini, sonra şəkilləri müdürün telofonuna göndərdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli, A021043 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətinə əsasən, Şərur rayonu, Oğlanqala kəndində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********03). Cavabdeh tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, APİ 002648 nömrəli kənd təsərrüfatı bitkilərinin məhsulunun sığorta şəhadətnaməsinin surətinə əsasən, Şərur rayonu, Oğlanqala kəndində 30 ədəd göycə ağacı sığorta olunmuşdur (bütün sahənin dəyəri 2100 (iki min yüz) manat, kənd təsərrüfatı məhsulları yanğın, dolu, sel, daşqın və şaxtavurmadan sığorta olunur, bu hadisələr istisna olmaqla, digər hadisələrdən sığorta təminatı verilmir). İş materiallarında olan ərizədən görünür ki, İddiaçı 25 aprel 2022-ci il tarixli ərizə ilə Şərur rayon Sığorta idarəsinə müraciət edərək 13 aprel 2022-ci il tarixdə havanın şaxtalı olması səbəbindən göycə ağaclarını şaxta vurmasını qeyd edərək sığorta ödənişi verilməsini xahiş etmişdir. Şərur rayon Sığorta İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, 01-07/376 nömrəli məktuba əsasən, 8-15 aprel 2022-ci il tarixdə əldə olunmuş metroloji məlumatlara əsasən 13 aprel 2022-ci il tarixdə havanın minimum temperaturu 4°C olmuşdur. Bu da həmin tarixdə Oğlanqala kəndində şaxtavurma halının olmadığının bariz göstəricisidir. Buna görə də, sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubuna əsasən, Şərur rayonu üzrə 8-15 aprel 2022-ci il tarixləri aralığında əldə olunmuş metroloji məlumatlara əsasən havanın minimum temperaturu 2°C, lakin 13 aprel 2022-ci il tarixdə isə minimum temperatur 4°C olmuşdur. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 885.1-ci maddəsinə əsasən, sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 897.1-ci maddəsinə əsasən, icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 935.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı təbii fəlakət nəticəsində dəymiş ziyana görə sığorta ödənilməsi tələbinə dair iddia rədd edilməlidir. Belə ki, Cavabdeh tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, APİ 002648 nömrəli kənd təsərrüfatı bitkilərinin məhsulunun sığorta şəhadətnaməsinin surətinə əsasən, Şərur rayonu, Oğlanqala kəndində 30 ədəd göycə ağacı sığorta olunmuşdur (bütün sahənin dəyəri 2100 (iki min yüz) manat, kənd təsərrüfatı məhsulları yanğın, dolu, sel, daşqın və şaxtavurmadan sığorta olunur, bu hadisələr istisna olmaqla, digər hadisələrdən sığorta təminatı verilmir). Şərur rayon Sığorta İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, 01-07/376 nömrəli məktuba əsasən, 8-15 aprel 2022-ci il tarixdə əldə olunmuş metroloji məlumatlara əsasən 13 aprel 2022-ci il tarixdə havanın minimum temperaturu 4°C olmuşdur. Bu da həmin tarixdə Oğlanqala kəndində şaxtavurma halının olmadığının bariz göstəricisidir. Buna görə də, sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubuna əsasən, Şərur rayonu üzrə 8-15 aprel 2022-ci il tarixləri aralığında əldə olunmuş metroloji məlumatlara əsasən havanın minimum temperaturu 2°C, lakin 13 aprel 2022-ci il tarixdə isə minimum temperatur 4°C olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı təbii fəlakət nəticəsində dəymiş ziyana görə sığorta ödənilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-455/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-455/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver