Məhkəmə qərarları › İş №2(078)-478/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-478/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-478/2025 08.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2012ci il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqıya münasibətdə indeksasiya olunmaqla) hər ay 1 (bir) uşaq görə 246 (iki yüz qırx altı) manat olmaqla, 2 (iki) uşağa cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləği həddində müəyyən edilməklə alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh ilə Naxçıvan şəhər Nikah Evində rəsmi olaraq nikaha daxil olmuşlar. Birgə nikahlarından 28 fevral 2012-ci il təvəllüdlü X4 və 27 aprel 2014-cü il təvəllüdlü X5 doğulmuşlar. Cavabdeh ilə aralarındakı nikaha Naxçıvan Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(078)-250/2024 nömrəli qətnaməsi ilə xitam verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(078)-250/2024 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında Naxçıvan şəhər Nikah Evinin xx.xx.2008-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında qeydlər kitabında 233 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Uşaqlara ayrılmış aliment uşaqların maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onların digər xərclərinə, müalicəsinə də pul lazım olur. Tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu səbəbdən də, övladlarının saxlanılması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Uşağın yaşı artdıqca, xərclərdə artır. Övladları artıq böyüyüb, məsrəfləri yetərincə artmışdır. Ona görə də 28 fevral 2012-ci il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 1 (bir) uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, 2 (iki) uşağa 492 (dörd yüz dosan iki) manat alimentin tutularaq ona ödənilməsini istəyir. xx.xx.2024-cü il tarixində qanunvericiliyin tələbinə uyğun olaraq Naxçıvan şəhər Mediasiya Mərkəzinə müraciət etmişdir. Mediasiya Mərkəzindən verilmiş 10 yanvar 2025-ci il tarixli arayışda da qeyd olunduğu kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Yekun nəticə kimi məhkəməyə müraciət etməli olmuşdur. 2024-cü il üçün Azərbaycan Respublikasında uşaqlar üçün hər birinə yaşayış minimumu 100 (yüz) manat müəyyən edilmişdir. İki uşaq üçün 492 (dörd yüz doxsan iki) manat məbləğində aliment ödənilməsini istəyir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 08 oktyabr 2008-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 28 fevral 2012-ci il təvəllüdlü X4 və 27 aprel 2014cü il təvəllüdlü X5 adlı övladları var. Naxçıvan Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(078)-250/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə iclası zamanı İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ailəsi ilə birlikdə Culfa rayonu Milax kəndində yaşayır. Özü uşaqlara görə işləmir. Bir çox yerə iş üçün müraciət etmişdir. Atası ona və övladlarına baxır. Əvvəl cavabdeh uşaqlara barışıq sazişi ilə 200 manat aliment ödəyirdi. Lakin həmin məbləğ uşaqları saxlamaq üçün kifayət deyil. Ona görə alimentin hazırki dövrə uyğun ödənilməsini xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında bildirmişdir ki, o Təmizlik İdarəsində işləyir, cəmi 380 manat əmək haqqı alır. Alimenti 200 manat ancaq ödəyə bilər. Daha artıq məbləğdə ödənilməsinə etiraz edir. Artıq məbləği ödəməyəcək. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən olunmasını, 28 fevral 2012-ci il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X3 halhazırda anaları İddiaçı himayəsində olmasını, uşaqların xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq, cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 144 (yüz qırx dörd) manat olmaqla, iki uşaq üçün ümumilikdə 288 (iki yüz səksən səkkiz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 144 (yüz qırx dörd) manat olmaqla, iki uşaq üçün ümumilikdə 288 (iki yüz səksən səkkiz) manat miqdarında aliment tutularaq, 28 fevral 2012-ci il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən valideynlərin hər ikisinin uşaqları saxlamaq vəzifəsinin olduğunu, iddiaçının məhkəməyə cavabdehin qazancına dair hər hansı bir sübut təqdim edə bilmədiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2025-ci ildə iki uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti hər uşaq üçün 144 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,36 mislində (400 x 0,36 = 144 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,36 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Beləliklə məhkəmə belə hesab edir ki, müəyyən edilən alimentin miqdarı 2025-ci il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-12 fevral 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 55 (əlli beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 fevral 2025-ci il tarixdən hesablanmağa başlayaraq, 28 fevral 2012-ci il təvəllüdlü X2 və 27 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamə dərhal icra olunsun. Cavabdeh 55 (əlli beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar