Məhkəmə qərarları › İş №2(078)-509/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-509/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-509/2021 21.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçmədən faktiki olaraq nikah münasibətlərində olmuş və tərəflərin birgə yaşadığı dövürdə 27 avqust 2009-cu il təvəllüdlü X2 adlı övladları vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında təmsil etdiyi iş üzrə İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən faktiki olaraq nikah münasibətlərində olduğunu, onların birlikdə yaşadıqları dövrdə 27 avqust 2009-cu il təvəllüdlü X2 adlı övladlarının dünyaya gəldiyini, münasibətləri tutmadığı üçün 2009-cu ildən bəri ayrı yaşadıqlarını, uşağın anasının himayəsində olduğunu, iddiaçının dediyi qədəri ilə ayrı yaşadıqları müddət ərzində cavabdehin övladı ilə maraqlanmadığını, uşağın təlabatlarının qarşılanmasında iddiaçıya heç bir formada maddi köməklik göstərmədiyini, iddiaçının günün tələbləri baxımından övladının ehtiyaclarını tam şəkildə qarşılaya bilmədiyini bildirib iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında iddiaçı ilə nikah qeydiyyatından keçmədən qeyri-rəsmi birlikdə yaşadığını, birlikdə yaşadıqları dövrdə bir qızının dünyaya gəldiyini, yola gedə bilmədikləri üçün birlikdə yaşayışın qısa sürdüyünü, iddiaçı əvvəlcə uşağı onun yanında qoyub getsə də, bir ay sonra gəlib ondan aldığını, Türkiyəyə getdiyini, orada ailə qurduğunu, qızı ilə maraqlansa da telefonuna zəng çatmadığını, rəsmi qaydada aliment ödəməsə də öhdəliklərindən boyun qaçırmadığını, özünün rəsmi olaraq ailə qurduğunu və iki övladının doğulduğunu, üçüncü övladının tezliklə doğulacağını, çoban işləyərək aylıq 400 manat əməkhaqqısı ilə ailəsinin təlabatlarını güclə qarşıladığını, iddiaçı ərizədə bunun tam əksini yazsa da, uşağı ilə maraqlandığını, dəfələrlə ona paltar aldığını, ehtiyacları ilə maraqlandığını, lakin qeyd etdiyi kimi maddi imkanı aşağı səviyyədə olduğu üçün iddiaçının tələb etdiyi alimenti ödəmək onun imkanı xarıcində olduğunu, aldığı əmək haqqını beş yerə bölünərək aliment ödəməsinə etiraz etmədiyini bildirib qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən olunmasını, 27 avqust 2009-cu il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq 27 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən uşaqların qayğısına qalmaq və onları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə qoyulduğunu, iddiaçının iddia tələbinin tam təmin edilməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-16.04.2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16 aprel 2021-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq 27 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 22.28 (iyirmi iki manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar