Məhkəmə qərarları › İş №2(078)-510/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-510/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-510/2024 18.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 avqust 2011-ci il təvəllüdlü X2 və 24 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği olan yaşayış minimumu üçün hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 18 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində iki uşaq üçün ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tələb etdiyini, lakin hazırda könüllü olaraq iddia tələbinin həcmini azaltdığını və ərizənin nəzərə alınaraq qeyd olunan tələb çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə “08 avqust 2011-ci il təvəllüdlü X2 və 24 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası-Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflərin 08 avqust 2011-ci il təvəllüdlü X4 və 24 iyul 2013-cü il təvəllüdlü X3 adlı övladı vardır. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-622/2018 nömrəli qətnaməsi ilə pozulmuş, 08 avqust 2011-ci il təvəllüdlü X4 və 24 iyul 2013-cü il təvəllüdlü X3 anasının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 80 manat olmaqla iki uşaq üçün ümumilikdə 160 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdehlə aralarındakı razılaşmaya əsasən İddiaçı aliment tələbindən imtina etmiş və ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o cavabdehlə birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladı- 08 avqust 2011-ci il təvəllüdlü X4 və 24 iyul 2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Münasibətləri pozulduğu üçün aralarındakı nikah qətnamə ilə pozulmuş, övladları onun yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 80 manat olmaqla iki uşaq üçün ümumilikdə 160 manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdehin aliment borcu olmuş və icra tərəfindən inzibati həbs ediləcəyi bildirilmişdir. O da demişdir ki, borcunu gətirsin ödəsin, alimentdən imtina edəcək. Həm də ona görə razılaşmışdır ki, o uşaqlarla birlikdə xaricə getmək istəyirdi, lakin atası onna icazə kağızı vermirdi. O alimentdən imtina etdikdən sonra kağız verdi. Həm də özü Naxçıvanbankda işləyirdi və fikirləşmişdir ki, cavabdeh onsuz da alimenti ödəmir. Özü işləyib uşaqlarını saxlayacaq. Cavabdeh bütün aliment borcunu ona ödəmiş, o da tələbindən imtina etmişdir. Hazırda Naxçıvanbankda iş bağlandığı üçün o da işdən azad edilmişdir. Uşaqlarını saxlaya bilmir və yenidən cavabdehdən aliment tələb edir. Hazırda maddi vəziyyəti çox pisdir. Övladlarının maddi cəhətdən ehtiyaclarını təmin edə bilmir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ilə qətiyyən razı deyil. İddiaçı bir il bundan əvvəl öz ərizəsi ilə alimentdən imtina edib. İndi necə ola bilər ki, yenidən xitam olunan işlə bağlı təzədən iddia qaldırsın. O işləmir. Maddi imkanı çox pisdir. Aliment verə bilmər. O zaman icra prosesi müddətində 1550 manat pul ödəmişdir. Hər kəsdən borc tapıb ödəmişdir. İddiaçı özü notarial qaydada ərizə verib ki, gələcəkdə alimentlə bağlı tələb və şikayəti olmayacaq . Bilsəydi ki, iddiaçı sonra aliment tələb edəcək heç ödəməzdi. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən olunmasını, 08 avqust 2011-ci il təvəllüdlü X2 və 24 iyul 2013-cü il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşaqların ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin müəyyən olunmasını məqsədəmüvafiq hesab edir və belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat miqdarında aliment tutularaq 08 avqust 2011-ci il təvəllüdlü X2 və 24 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Cavabdeh iddiaya etiraz edərək iddiaçının alimentdən imtina etdiyini, yenidən aliment tələb etməyəcəyi barədə ərizə verməsinə dair arqumentlərini əsassız hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında qeyd olunmuşdur ki, xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər. Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır. Tərəflər arasında əvvəl mövcud olan aliment tələbindən iddiaçının imtinası onlar arasında aliment öhdəliyini əvəz edən hər hansı saziş olmadığı halda gələcəkdə uşağı yanında saxlayan valideynin yenidən aliment tələb etməsini istisna etmir. İşin hallarından və tərəflərin izahatından aydın olur ki, iddiaçının aliment tələbindən imtinası əsası uşağın yetkinlik yaşına çatanadək ölkədən sərbəst gedişinin təmin olunması üçün cavabdehin razılıq ərizəsi verməsi və qalan aliment borcunu ödəməsi olmuşdur. Cavabdeh bu hərəkətləri həyata keçirməklə uşaqlarının hüquqlarını təmin etmiş, bu hərəkətləri ilə o, yetkinlik yaşına çatanadək uşaqlarının alacaqları alimentin təminatı olaraq hər hansı əvəzləmə aparmamışdır (hər hansı daşınar və ya daşınmaz əmlak verməmişdir). Bu halda isə iddiaçının hər hansı səbəbdən alimentin icrasından imtina etməsi gələcəkdə uşaqların təminatının qarşılanması üçün yenidən aliment tələb etməsinə maneə yaradan hal olmadığından məhkəmə hesab edir ki, iddiaçının notarial qaydada “gələcəkdə aliment tələb etməyəcəyi” barədə qeydinin hüquqi əsası yoxdur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edildiyindən Cavabdeh 44 (qırx dörd) manat (200 manat x12 ay=2400 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 14 manat=44 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 20 fevral 2024-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat miqdarında aliment tutularaq 08 avqust 2011-ci il təvəllüdlü X2 və 24 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar