Məhkəmə qərarları › İş №2(078)-523/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-523/2021

27.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-523/2021 27.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiacı İddiaçı cavabdehlər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Culfa rayon Notariat Ofisinə, Cavabdeh3 Sərvər qızına və Cavabdeh4 qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması, qeydiyyat yazılarının ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan, mərhum atası X2 adına olan qeydiyyatın ləğv edilməsi, Tarqulu X1 arasında xx xxxxxxx 2004-cü il tarixdə Culfa rayon X4 qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, xx xxx 2020-ci il tarixdə 4-ə-91 nömrəli reyestrlə qeydiyyata alınan, Culfa rayon X4 Fərəc Fərəcovla Cavabdeh4 arasında mənzil barədə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın-qeydiyyat yazısının ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Lakin İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində məhkəmə qarşısında qoyulmuş tələb konkret olaraq ifadə edilməmişdir. Belə ki, iddia tələbinin əvvəli ilə məhkəmədən xahiş edildiyi tələb bir-birindən açıq-aşkar fərqlənir. Tələbin əvvəlində bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat yazılarının ləğvi qoyulsa da son olaraq məhkəmədən xahiş edildiyi tələbdə qeydiyyat vəsiqəsinin də etibarsızlığı göstərilmişdir. Eyni zamanda iddia tələbi özəlləşdirmə nəticəsində yaranmış pozuntularla öz tələbini əsaslandırmış, halbuki hazırki tələbdə iddia ərizəsində əlavə edilən qərardaddan aydın olur ki, özəlləşdirməyə münasibətdə iş üzrə qərardad qəbul edilərək icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddiasını düzgün olaraq əsaslandırmadan məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunan sənədlərin lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Bu Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazimı sübutların əslini və yaxud lazımi qaydada təsdiq edilmiş surətini təqdim edilməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsində müəyyən edilmişdir ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Sənədlərin surətləri dedikdə notarial qaydada təsdiq edilmiş surətlər nəzərdə tutulur. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 3702 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Culfa rayon Notariat Ofisinə, Cavabdeh3 Sərvər qızına və Cavabdeh4 qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması, qeydiyyat yazılarının ləğvi, alqısatqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 3702 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar