Məhkəmə qərarları › İş №2(078)-529/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-529/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-529/2024 23.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 23 fevral 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 20 iyun 2018-ci il təvəllüdlü X4 və 07 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması ün hər ay qazancının və başqa gəlirlərinin 2/3 hissəsi miqdarında alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o Cavabdeh ilə 2017-ci ildə faktiki ailə həyatı quraraq birgə yaşayışa başlamışdır. 08 sentyabr 2018-ci il tarixdə isə 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində 3157 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə birgə ailə həyatı yaşamalarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 iyun 2018-ci il təvəllüdlü X4 və 07 noyabr 2019-cu il təvəllüdlü X6 adlı iki övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da, lakin sonradan baş verən keçimsizlik və ailədaxili münaqişələr səbəbindən münasibətləri pisləşməyə başlamışdır. Onlar artıq altı aydan çox olar ki, cavabdehlə ayrı yaşayırlar. O hazırda övladları ilə birlikdə kirayədə yaşayır. Özünün heç bir yerdən də əlavə gəliri yoxdur. Uşaq böyüdükcə onun tələbatı da artır. Uşaqları öz hesabına saxlayır. Uşaqların normal yaşamalarını təmin edəcək elə bir maddi imkanı yoxdur. Maddi imkanları heç də yüksək olmayan valideynlərinin dəstəyi ilə övladlarının yaşamını təmin etməyə çalışır, lakin nail ola bilmir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, heç bir maddi köməklik göstərmir. Həmçinin alimentin tələbi ilə bağlı məhkəmədən kənar həlli məqsədilə "Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya xidmətinə müraciət olunmuş, lakin Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən könüllü saziş əldə edilməmişdir. Bu səbəbdən alimentin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında iddiaçı ilə cavabdehin 6-7 aydır ayrı yaşadıqlarını, keçimsizlik səbəbindən ayrı yaşadıqlarını, cavabdehin valideynlərinin və 5 bacısının ailəyə müdaxilə etdiklərini, qızının hazırlıq keçdiyini, buna şərait yaratmadıqlarını, hal-hazırda Bakı şəhərində uşaqları ilə birlikdə kirayə yaşadığını, özəl kursda dərs keçdiyini, cavabdehin bəzən uşaqlarına paltar və s. aldığını, ancaq uşaqların saxlanılmasında daimi olaraq iştirak etmədiyini, cavabdehin iddiaçıya aliment ödəməyə razı olduğunu dediyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 20 iyun 2018-ci il təvəllüdlü X4 və 07 noyabr 2019-cu il təvəllüdlü X6 adlı övladlarının doğulması və birgə nikahdan doğulan uşaqlarının iddiaçının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2018-ci il tarixli, AZ-İİ seriyalı, 294479 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X3 arasında 08 sentyabr 2018-ci il tarixdə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 3157 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni “Quliyeva” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2018-ci il tarixli, AZ-İV seriyalı, 162110 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 20 iyun 2018-ci il təvəllüdlü X4 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli, AZ-İV seriyalı, 398483 nömrəli doğum haqqında şəhadətnamədən iş üzrə tərəflərin 07 noyabr 2019-cu il təvəllüdlü X6 adlı övladlarının olması; -iddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından iş üzrə tərəflərin ayrı yaşaması, onların övladları 20 iyun 2018-ci il təvəllüdlü X4 və 07 noyabr 2019-cu il təvəllüdlü X5 iddiaçının yanında yaşamaları aydın olur. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh 784 manat məbləğində əmək haqqı alır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış 20 iyun 2018-ci il təvəllüdlü X4 və 07 noyabr 2019-cu il təvəllüdlü X6 hazırda iddiaçının yanında qaldıqlarından və cavabdeh uşaqlarının saxlanmasında iştirak etmədiyindən uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. İddiaçının tələbi 20 iyun 2018-ci il təvəllüdlü X4 və 07 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 2/3 hissəsi miqdarında alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin qeyd olunan miqdarda təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddələrinin tələblərindən də görünür ki, qanunvericilik 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment müəyyən edilməsini nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 23 fevral 2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 51 (əlli bir) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -23 fevral 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 20 iyun 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilməli; -Cavabdeh 51 (əlli bir) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 23 fevral 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 20 iyun 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 51 (əlli bir) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar