Məhkəmə qərarları › İş №2(078)-586/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-586/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-586/2021 27.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavadbdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 04 noyabr 2014-cü il tarixdə doğulmuş X2 və 04 may 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay sabit məbləğdə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 29 oktyabr 2013-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişlər. Birgə nikahlarından birgə yaşadıqları müddətdə 04 noyabr 2014-cü il tarixdə X4 və 04 may 2019-cu il tarixdə X5 adında övladları doğulmuşdur. Əvvəllər mehriban yaşasalar da sonralar cavbadehlə yola gedə bilməmişlər. Haliyədə cavabdehlə ayrı yaşayırlar. Ayrı yaşadıqları 2 ay müddətində Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmamış, övladlarını maddi cəhətdən təmin etməmiş, bu səbəbdən də onlar maddi cəhətdən sıxıntı içərisində yaşayırlar. Cavabdeh taksi şoferidir, aliment ödəmək üçün imkanı vardır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq Cavabdeh uşaqlarına aliment ödənilməsini istəyir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddiasını müdafiə etdiyini, 29 oktyabr 2013-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evləndiklərini, birgə nikahlarından birgə yaşadıqları müddətdə 04 noyabr 2014-cü il tarixdə X4 və 04 may 2019-cu il tarixdə X5 adında övladlarının doğulduğunu, əvvəllər mehriban yaşasalar da sonralar cavbadehlə yola gedə bilmədiklərini, haliyədə cavabdehlə ayrı yaşadıqlarını, ayrı yaşadıqları 2 ay müddətində Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmadığını, cavabdehin övladlarını maddi cəhətdən təmin etmədiyini, özünün övladları ilə hazırda kirayədə yaşadığını, heç bir yerdə işləmədiyini, ata-anasının maddi dəstəyi ilə uşaqlarının ehtiyaclarını qarşılamağa çalışdığını, balaca oğlanları Ümidin gözündə problem olduğunu, tez-tez müalicəyə aparılmalı olduğunu, özünün onu həkim müayinələrinə apardığını, ancaq cavabdehin bu müddətdə bir dəfə olsun oğlanlarının xəstəliyi ilə əlaqədar müalicəsi üçün ona maddi köməklik etdmədiyini, cavabdehin maddi dəstəyi olmadığı üçün uşaqların maddi cəhətdən sıxıntı içərisində yaşadıqlarını, cavabdehin taksi şoferi işlədiyini, aliment ödəmək üçün imkanı olduğunu, cavabdeh uşaqlarının təminatı ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etdiyini bildirərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, 29 oktyabr 2013-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə iddiaçı ilə evləndiklərini, birgə nikahlarından birgə yaşadıqları müddətdə 04 noyabr 2014-cü il tarixdə X4 və 04 may 2019-cu il tarixdə X5 adında övladlarının doğulduğunu, əvvəllər mehriban yaşadıqlarını, lakin son dövrlərdə iddiaçı ilə yola gedə bilmədiklərini, davamlı olaraq aralarında münaqişə yarandığını, onlar arasında münaqişələr olan zaman yaranan səs-küydən uşaqların da narahat olduqlarını, buna görə də iddiaçı ilə ayrılmaq qərarına gəldiklərini, haliyədə iddiaçı ilə 2 aya yaxındır ki, ayrı yaşadıqlarını, birgə nikahlarından olan iki övladlarının da iddiaçının yanında qaldıqlarını, iddiaçının heç bir yerdə işləmədiyini, özünün taksi şoferi işlədiyini, iddiaçı ilə ayrı yaşadıqları 2 ay müddətində uşaqlarının maddi ehtiyaclarının qarşılanması üçün iddiaçıya maddi köməklik göstərmədiyini, taksi şoferi işləsə də onun da maddi imkanının yaxşı olmadığını, uşaqlarına aliment ödəməyə etiraz etmədiyini, lakin cavabdehin istədiyi məbləğdə alimenti ödəməyə imkanının çatmayacağını, onun maddi ikmanının nəzərə alınmaqla uşaqlar üçün aliment təyin edilməsini xahiş etdiyini, bir uşaq üçün 130-135 manat məbləğində aliment ödəyə biləcəyini, faktiki olaraq bundan artıq məbləği ödəmə imkanının olmadığını, yeni bir işə başlamaq istədiyini, əgər maddi vəziyyəti yaxşılaşarsa məhkəmənin təyin edəcəyi alimentdən artıq məbləğdə aliment ödəyəcəyini bildirərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını və tərəflərin məhkəmədə verdiyi izahatları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 29 oktyabr 2013-cü ildə nikaha daxil olması, onların birgə nikahından 04 noyabr 2014-cü il təvəllüdlü X2 və 04 may 2019-cu il təvəllüdlü X3 anadan olması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 690547 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında 29 oktyabr 2013-cü il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilməsi; - iş materiallarına əlavə olunmuş Şahbuz rayon Polis şöbəsi tərəfindən verilmiş 19 may 2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən və Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 535476 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 04 noyabr 2014-cü ildə X4 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 299853 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 04 may 2019-cu ildə X5 adlı övladlarının doğulması; -iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün cəmi 350 (üç yüz əlli) manat alimentin sabit pul məbləğində tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 1 uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların iddiaçının yanında qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun – yəni 135 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi yaşayış minimumu həddində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin yaşayış minimumu həddində yəni hər uşaq üçün 175 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “05” may 2021-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 23.14 (iyirmi üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -“05” may 2021-ci il tarixdən hesablanmaqla, 04 noyabr 2014-cü il tarixdə anadan olan X2 və 04 may 2019-cu il tarixdə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd olunmalı; -Cavabdeh 23.14 (iyirmi üç manat on dörd qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. “05” may 2021-ci il tarixdən hesablanmaqla, 04 noyabr 2014-cü il tarixdə anadan olan X2 və 04 may 2019-cu il tarixdə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 270 (iki yüz yetmiş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 23.14 (iyirmi üç manat on dörd qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar