Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-63/2023 15.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona vurulmuş 2000 (iki min) manat məbləğində maddi və 1940 (bir min doqquz yüz qırx) manat məbləğində mənəvi zərərin, həmçinin 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4000 (dörd min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə onun öd kisəsində kəskin ağrılar baş verib. Valideynləri onu Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə mərkəzinə aparıblar. X1 həkimi Cavabdeh (bundan sonra H.Abasət) onu müayinə edərək təcili cərrahiyyə əməliyyat aparılmalı olduğunu bildirmişdir. Atası əməliyyatın riskli olduğunu bildirərək həkim H.Abasətlə qarantiya verə biləcəyini soruşmuşdur. O da cavabında bu bizim əlimizdə su içmək kimi birşeydir, deyə atasını inandırmışdır. Bundan sonra H.Abasət onun üzərində öd kisəsinin çıxarılması əməliyyatı aparmışdır. Əməliyyatdan sonra səhhətində ağırlaşma baş vermişdir. Vəziyyətinin son dərəcə ağır olduğunu görüb Bakı şəhərindən tanınmış cərrah professor Çərkəz Cəfərov dəvət olunmuşdur. Həmin həkimin bütün yol xərcini atası çəkmişdir. Çərkəz Cəfərov təkrar əməliyyatın vacib olduğunu bildirmişdir, çünki onun da dediyinə görə birinci əməliyyat düzgün aparılmamışdır. Çərkəz həkim onu təkrar əməliyyata alaraq həyatını xilas etmişdir. Onun əməliyyatı üçün H.Abasətə 450 manat pul veriblər. Əməliyyatdan sonra H.Abasətdən ona verdikləri pulu tələb etmişlər. O isə az bir hissəsini qaytararaq qalan xərci ödəməkdən imtina etmişdir. Hamıya məlumdur ki, belə ağır xəstənin xəstəxana məsrəfləri, əməliyyat xərci və dərmana, nəqliyyata sərf olunan xərclər kifayət qədər yüksək məbləğ təşkil edir. Həkim H.Abasətin səhv əməliyyat keçirməsi hətta rəsmi sənədlərdə də öz təsdiqini tapmışdır. Belə ki, uğursuz əməliyyatdan sonra valideyinləri tərəfindən müvafiq orqanlara, o cümlədən Naxçıvan MR Səhiyyə Nazirliyinə şikayət edilmiş, Səhiyyə Nazirliyi tərəfindən isə Cavabdeh nöqsanı təsdiq edilərək işində yol verdiyi səhlənkarlığa görə layiqli cəza tədbiri (hətta işdən çıxarılması belə) görüləcəyi bildirilmiş, onlara dəyən maddi ziyanın ödənilməsi ilə bağlı isə aidiyyəti orqanlara müraciət olunması tövsiyə olunmuşdur. Ancaq onlarda olan məlumata görə onun haqqında heç bir tədbir görülməmiş, hətta Bakı şəhərində hansısa poliklinikada daha yaxşı işlə təmin olunmuşdur. Onun özü isə uğursuz əməliyyatdan sonra həyatı xilas olsa da, müntəzəm olaraq ağrıları keçmir, əhval-ruhiyyəsi həmişə pis olur, mütəmadi olaraq dərman qəbul edir, hətta depressiyaya düşdüyü vaxtlar da olur. Həkimlərin dediyinə görə, bütün bunların səbəbi əməliyyat sonrası keçirdiyi sarsıntılardır. H.Abasətin səhlənkarlığına görə nəinki o, valideyinləri və ailəsi də ciddi sarsıntı keçirmişdir. Əgər ona bir şey olsaydı, iki körpə uşağının taleyi necə olacaqdı? Bütün bunları düşündükcə əhvalı daha da pisləşir. İnsan taleyinə biganə yanaşan həkim isə heç nə olmayıbmış kimi öz fəaliyyətini davam etdirir. Əslində H.Abasətin təqsiri sübut edildiyindən o bu əmələ görə cinayyət məsuliyyəti daşımalıdır. O hələlik rəsmi olaraq cinayət işi açılması üçün müraciət etmir. Ancaq ona dəyən maddi-mənəvi ziyan onun tərəfindən ödənilməzsə, məcbur qalıb müvafiq orqanlara müraciət edəcəkdir. Cavabdeh tərəfindən ona vurulan maddi ziyanı 2000 (iki min) manat, həmçinin mənəvi ziyanı 2000 (iki min) manat məbləğində qiymətləndirir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 04 may 2023-cü il il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə tərəflər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflər iştirak etmədiyindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 15 may 2023-cü il tarixə təyin edilmişdir. 15 may 2023-cü il il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə tərəflər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-ci maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 06 oktyabr 2022-ci il tarixli, 26931 nömrəli qəbzlə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 06 oktyabr 2022-ci il tarixli, 26931 nömrəli qəbzlə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə tərəflərə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-63/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-63/2023
15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver