Məhkəmə qərarları › İş №2(078)-653/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-653/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-653/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X1 işə baxılması üçün tərəfindən ödənilən dövlət rüsumu da daxil olmaqla 8100 (səkkiz min yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə Babək rayonunun Hacıvar kəndində torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar tanış olmuşdur. Bu xidmətin həyata keçirilməsi məqsədilə Cavabdeh onunla fərdi sahibkar olaraq (VÖEN: **********) avans müqaviləsi bağlayaraq qanunsuz dələduzluq əməllərinə hüquqi don geyindirmişdir. Müqavilə tərəfləri kimi həm vasitəçi, həm də alıcı olaraq çıxış etmişdir. Müqavilənin predmetinə əsasən yuxarıda adı çəkilən ərazidə torpaq sahəsinin 15800 manata alqı-satqısı üçün tərəfindən 3000 manat pul vəsaiti satıcı Cavabdeh avans olaraq ödənilmişdir. Həmin məbləğin alqı-satqı gününədək vasitəçi Cavabdeh saxlanılması razılaşdırılmışdır. Lakin bu qədər müddət keçməsinə baxmayaraq, sözü gedən əmlakın satışı barədə heç bir addım atılmamış və ilk gün kimi saxlanılmışdır. Müqavilənin icra edilmədiyini görüb uzun müddət keçməsinə baxmayaraq o, avans müqaviləsi üzrə ona ödəməli olduğu cərimə də daxil olmaqla, pul vəsaitini qaytarmamışdır. İlk başlarda müxtəlif bəhanələrlə bundan imtina etsə də, daha sonra açıq-aşkar şəkildə pul vəsaitini ödəməyəcəyini qeyd etmişdir. Cavabdehlə aralarında bağlanmış avans müqaviləsinin şərtlərinə əsasən satış prosesi həyata keçməzsə, cavabdeh olan satıcının avans müqaviləsi üzrə məbləğin 2 qatını vasitəçiyə ödəyir. Verilmiş avansın ½ hissəsi vasitəçidə qalmaqla, qalan hissəsi alıcıya, yəni ona ödənilməlidir. Qeyd edilən müqavilənin şərtlərinə diqqət yetirdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492-ci maddəsinə açıq-aşkar zidd olduğu görünür. Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Avans müqaviləsində Cavabdeh həm satıcı, həm də vasitəçi kimi çıxış etməsinə baxmayaraq, burada Mülki Məcəllənin tələbinə əsasən beh almış tərəf Cavabdeh olduğundan Avans müqaviləsində qeyd edilən "satıcının vasitəçiyə məbləğin 2 qatını ödəməsi" müddəası əsassızdır və həmin cərimə məbləği ona ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Avans müqaviləsi hazırlanarkən, vicdanlılıq prinsipləri nəzərə alınmamışdır. Beləliklə, ona cərimə məbləği də hesablanmaqla ümumilikdə 6000 manat məbləğində ziyanla bərabər, eyni zamanda qeyd olunan torpaq sahəsinin alınmaması səbəbindən də əldən çıxmış fayda üzrə də müəyyən zərərlərlə üzləşmişdir. Belə ki, bildiyi kimi hər keçən gün tikinti materialları və torpaq sahələri infilasiyaya uyğun olaraq müəyyən bahalaşmalara məruz qalır. Onun həmin ərazidə aparmağı nəzərdə tutduğu təmirtikinti materialları və torpaq sahəsi üzrə 2000 manat məbləğində də ziyanı mövcuddur. İddiaçı 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini və həmin işin hazırda Naxçıvan Şəhər Məhkəməsinin icraatında olduğunu, sözügedən tələbə dair iddia ərizəsində Cavabdeh işə baxılması üçün tərəfindən ödənilən dövlət rüsumu da daxil olmaqla 8100 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğunu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərini nəzərə alaraq iddia tələbini dəqiqləşdirərək Cavabdeh Babək rayonu, Hacıvar kəndi ərazisində olan torpaq sahəsinin alqı-satqısı üçün avans müqaviləsi üzrə ödədiyi 3000 (üç min) manat pul məbləğinin, həmin avans müqaviləsinə əsasən ona ödənilməli olan əlavə 3000 (üç min) manat pul məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu olmaqla ümumilikdə 6100 (altı min yüz) manat pul məbləğinin Cavabdeh alınıb ona verilməsinə dair yekun məhkəmə aktı (qətnamə) qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(078)-653/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh Babək rayonu, Hacıvar kəndi ərazisində olan torpaq sahəsinin alqısatqısı üçün avans müqaviləsi üzrə ödədiyi 3000 (üç min) manat pul məbləğinin, həmin avans müqaviləsinə əsasən ona ödənilməli olan əlavə 3000 (üç min) manat pul məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu olmaqla ümumilikdə 6100 (altı min yüz) manat pul məbləğinin Cavabdeh alınıb İddiaçı verilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd edilən məsələnin noyabr ayında olduğunu, Cavabdeh onunla bərabər bir neçə şəxsi də aldadaraq avans olaraq pul aldığını, ancaq qaytarmadığını, alqı-satqı üçün 3000 manat avans olaraq cavabdehə pul ödədiyini, aralarında olan avans müqaviləsinə əsasən 3000 manat avansı və 3000 manat cəriməni cavabdehdən tələb etdiyini, 15800 manata torpaq sahəsini alacağını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında ayın tarixini tam olaraq xatırlamadığını, qonşusu Fəxrəddinin gəlib bacanağının 28 sot torpağı olduğunu, onu sata bilib-bilməyəcəyini soruşduğunu, özünün də problem olmadığını, sata biləcəyini dediyini, məbləği soruşduğunu, 110000-120000 manatı onlara torpaq sahibinə verməyini, qalan nə qədərə də satsa özünün olacağını bildirdiyini, ancaq qalan bütün işləri özünün həll edəcəyini, həmçinin torpaq sahəsində tikili də olduğunu, ev sahibinin onu da sökməyini, kubikləri də götürməyini dediyini, özünün də müştərilərlə razılaşmağa başladığını, onlardan avans aldığını, 3000 bir, 4000 bir, 3000 də bir müştəridən avans aldığını, 3000 manat da Raildən aldığını, aralarında avans müqaviləsi bağlandığını, özünün rəsmi olaraq makler olduğunu, VÖEN-i də olduğunu, hər şeyi torpaq sahibi özünə əmanət etdiyi üçün müqavilədə satıcı kimi özünü göstərdiyini, daha sonra alqı-satqı müqaviləsinin həyata keçirilməsi üçün torpaq sahibinin bura gəlməli olduğunu dediyini, onun da təyyarədən qorxduğu üçün gələ bilməyəcəyini bildirdiyini, daha sonra başqa şəxsə etibarnamə verdiyini, onun adından alqısatqı müqaviləsi bağlayacağını bildirdiyini, lakin heç bir xəbər çıxmadığını, avans aldığı müştərilərin də məsələnin nə olduğunu soruşduqlarını, özünün də özləri ilə əlaqə saxlamalarını istədiyini, torpaq sahibinin də birdən-birə torpağı satmaqdan imtina etdiyini, ona görə də özünün borcu yaranmış olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olduğunu, digərlərinin pulunu qaytardığını, Railə də qaytaracağını dediyini, ancaq onun polisə müraciət etdiyini, borcunu danmadığını, pulu Railə qaytaracağını, avtomobilini satışa qoyduğunu, o satılan kimi borcunu ödəyəcəyini, cərimə kimi olan 3000 manatı qəul etdiyini, o məbləği isə hissə-hissə ödəyə biləcəyini, 2000 manat hissə də isə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında 25 noyabr 2024-cü il tarixli Avans müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə Babək rayon, Hacıvar kəndində yerləşən mənzilin alqı-satqısı üçün 3000 manat pul vəsaitini cavabdehə avans kimi verməsi işin mübahisəsiz halıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 25 noyabr 2024-cü il tarixli Avans müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış müqavilə üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Nuriyev X3 şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 63A ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında avans müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 25 noyabr 2024-cü il tarixdə Avans müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Babək rayonu, Hacıvar kəndində yerləşən mənzilin 15800 manata alqı-satqısı üçün alıcı tərəfindən 3000 manat pul vəsaiti satıcıya avans verilir. Verilmiş avans məbləğinin 3000 manatı tərəflərin qarşılıqlı razılığına əsasən alqı-satqı gününədək vasitəçidə saxlanılır. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında avans müqaviləsi bağlanılıb. Avans anlayışı mülki qanunvericilikdə tənzimlənməsə də mülki hüquq ədəbiyyatında avans haqqında anlayış və onun behdən fərqli cəhətləri öz əksini tapmışdır. Avans və behin oxşar və fərqli cəhətlərini qarşılıqlı şəkildə əlaqələndirdikdə və bu fərqli cəhətləri ümumiləşdirdikdə belə aydın olur ki, avans əmlakın verilməsinə, xidmətlərin göstərilməsinə, yaxud iş görülməsinə yönələn müqavilə üzrə borclunun kreditora gələcəkdə həyata keçirəcəyi ödəniş hesabına verdiyi pul məbləği və ya maddi nemətdir, həmin müqavilə lazımınca icra edildikdə avans son ödəniş hesabına daxil edilir, müqavilə icra edilmədiyi halda isə geri qaytarılır. Belə ki, beh və avans hər ikisi ödəmə funksiyası yerinə yetirir. Beh yalnız öhdəlik icra edildikdə ödəmə funskiyasına malik olur, öhdəlik icra edilmədikdə isə cərimə funksiyası yerinə yetirir, yəni əsas öhdəliyin icra edilməməsi hər hansı tərəfin təqsirindən asılı olaraq bu halda beh haqqında müqavilə üzrə cərimənin qaytarılması, qarşı tərəfdə qalması və ya ikiqat hesablanması ilə bağlı normalar qüvvəyə minir. Bundan fərqli olaraq əsas öhdəlik icra olunmadıqda avans cərimə funksiyası yerinə yetirmir, yəni geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən alıcı qismində çıxış edən iddiaçı müqavilənin predmeti qismində 3000 manat pul məbləğini satıcıya, yəni cavabdehə verməyi, cavabdeh isə Babək rayon, Hacıvar kəndində yerləşən mənzili 15800 manat məbləğində iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Sonra satıcı, yəni cavabdeh əmlakı satmaqdan imtina etmiş, lakin iddiaçı tərəfindən ödənilmiş 3000 manat avans məbləğini İddiaçı qaytarmamışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan Avans müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı Avans müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin cavabdeh məhkəmədə iştirak edərək, iddia tələbini qəbul etmiş, avans müqaviləsi üzrə İddiaçı 3000 manat məbləğində pul aldığını, ancaq qaytarmadığını, həmçinin müqavilənin şərtlərinə əsasən əlavə 3000 manat pul ödəməli olduğunu bildirmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehdən avans müqaviləsinə əsasən ona ödənilməli olan əlavə 3000 (üç min) manat pul məbləğini tələb etməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, alqı-satqı gününədək satıcı əmlakı satmaqdan imtina edərsə və ya əmlakın satılmasına maneçilik törədən amillər yaranarsa, satıcı alıcı tərəfindən verilmiş avansın 2 qatını vasitəçiyə ödəyir. Verilmiş avansın ½ hissəsi vasitəçi təşkilatda qalır, qalan hissəsi isə alıcıya ödənilir. Həmin müqavilə üzrə satıcı və vasitəçi eyni şəxs, yəni hazırki iş üzrə Cavabdeh olduğundan, alqı-satqı müqaviləsinin bağlanmaması onun təqsirinə görə olduğundan, müqavilənin şərtində olan satıcının alıcı tərəfindən verilmiş avansın 2 qatını vasitəçiyə ödəməsi və verilmiş avansın ½ hissəsinin vasitəçi təşkilatda qalması müddəası iddiaçının xeyirinə nəzərə alınmaqla həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə əlavə ödənilməli olan 3000 (üç min) manat məbləğində pulun iddiaçıya ödənilməsi nəticəsinə gələrkən cavabdehin həmin məbləği ödəməyə razı olmasını, ödəməli olmasını qeyd etməsini də nəzərə alır. Yuxarıda qeyd edilənlərdən iddiaçının iddia tələbinin cavabdehdən avans müqaviləsinə əsasən ona ödənilməli olan əlavə 3000 (üç min) manat pul məbləğini tələb etməsinə dair hissədə də əsaslı olması müəyyən edilir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -25 noyabr 2024-cü il tarixli Avans müqaviləsi üzrə 6000 (altı min) manat məbləğində pul iş üzrə Cavabdeh alınaraq iş üzrə İddiaçı verilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 25 noyabr 2024-cü il tarixli Avans müqaviləsi üzrə 6000 (altı min) manat məbləğində pul iş üzrə Cavabdeh alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar