Məhkəmə qərarları › İş №2(078)-688/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-688/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-688/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 03 aprel 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, övladları 17 yanvar 2008-ci il təvəllüdlü X5, 11 avqust 2011-ci il təvəllüdlü X3 və 30 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün işlədiyi təqdirdə hər ay qazancının və başqa gəlirinin 1/2 hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla üç uşaq üçün cəmi 705 (yeddi yüz beş) manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o 01 sentyabr 2006-cı il tarixdə Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Nikahları Naxçıvan şəhər Nikah evində 18 nömrə ilə rəsmi qeydə alınmışdır. Birgə nikahlarından 17 yanvar 2008-ci il təvəllüdlü X9, 11 avqust 2011-ci il təvəllüdlü X7 və 30 noyabr 2021-ci il təvəllüdlü X6 adlı 3 övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlarda ailə münasibətləri normal olmuş, sonradan xasiyyətləri uyğun gəlməməyə, aralarında davamlı olaraq tez-tez mübahisələr olmağa başlamışdır. Ailələri faktiki olaraq dağılıb, 1 ildir ki, cavabdehlə ayrı yaşayır. Cavabdeh hazırda valideynləri ilə birlikdə yaşayır. 2023-cü ilin noyabr ayından isə nə maddi nə də ki mənəvi olaraq onlarla maraqlanmır. O heç bir yerdə işləmir. Heç bir yerdən də əlavə gəliri yoxdur. Uşaq böyüdükcə onun tələbatı da artır. Valideynlərinin köməyi ilə bir təhər uşağın ehtiyaclarını təmin etməyə çalışır. Onların da maddi imkanları çox-çox zəifdir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, heç bir maddi köməklik göstərmir. Ona görə də cavabdehin işlədiyi təqdirdə hər ay qazancının və başqa gəlirinin 1/2 hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla üç uşaq üçün cəmi 705 (yeddi yüz beş) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsini istəyir. Cavabdeh Naxçıvanda “N” saylı Hərbi Hissədə gizir vəzifəsində işləyir. Aylıq 1000 manata yaxın əmək haqqı alır. 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Cavabdeh qarşı aliment tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddia tələbini dəqiqləşdirərək cavabdehin hər ay qazancının və başqa gəlirinin 1/2 hissəsi miqdarında alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının ərizəsinin təmin edilməsi və iddia tələbinin cavabdehin hər ay qazancının və başqa gəlirinin 1/2 hissəsi miqdarında alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı cavabdehin uşaqlarına aliment verməsini istədiyini, 2023-cü ilin noyabr ayından cavabdehin uşaqların saxlanılmasında heç bir köməklik göstərmədiyini, sadəcə bu ay uşaqlara 1-2 şey aldığını, onu da ərizəsini geri götürməsi üçün etdiyini, 3 uşağı olduğunu, məktəbə, hazırlığa getdiklərini, çatdıra bilmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən təkrar verilmiş 16 noyabr 2011-ci il tarixli, AZ-İ seriyalı, 603508 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında 01 sentyabr 2006-cı il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Əliyeva” soyadını seçməsi aydın olur. İş materiallarına əlavə olunmuş Babək rayonu Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 mart 2008-ci il tarixli, AZ-İİ seriyalı, 164104 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 17 yanvar 2008-ci il təvəllüdlü X9 adlı övladlarının doğulması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 661847 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 11 avqust 2011-ci il təvəllüdlü X7 adlı övladlarının doğulması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, AZ-İV seriyalı, 634255 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 30 noyabr 2021-ci il təvəllüdlü X6 adlı övladlarının doğulması aydın olur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış 17 yanvar 2008-ci il təvəllüdlü X9, 11 avqust 2011-ci il təvəllüdlü X7 və 30 noyabr 2021-ci il təvəllüdlü X6 hazırda iddiaçının yanında qaldıqlarından və cavabdeh uşaqlarının saxlanmasında iştirak etmədiyindən uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.3-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan 03 aprel 2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddia təmin edildiyindən 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -03 aprel 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq 17 yanvar 2008-ci il təvəllüdlü X5, 11 avqust 2011-ci il təvəllüdlü X3 və 30 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilməli; - Cavabdeh 74 (yetmiş dörd) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 03 aprel 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq 17 yanvar 2008-ci il təvəllüdlü X5, 11 avqust 2011-ci il təvəllüdlü X3 və 30 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 74 (yetmiş dörd) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar