Məhkəmə qərarları › İş №2(078)-709/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-709/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-709/2021 29.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 07.07.2004-cü il təvəllüdlü X4, 01.08.2007-ci il təvəllüdlü X3 və 04.01.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün uşaqların hər birinə 100 (bir yüz) manat, ümumilikdə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh il rəsmi nikahları 03 sentyabr 2003-cü il tarixdə bağlanmış və bu barədə Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən nikahın bağlanması barədə İİ-AZ № 035715 nömrəli şəhadətnamə də verilmişdir. Cavabdehlə birgə münasibətlərindən üç uşağı- 07.07.2004-cü il təvəllüdlü X7, 01.08.2007-ci il təvəllüdlü X6 və 04.01.2015-ci il təvəllüdlü X8 doğulmuşlar. Tərəflər rəsmi nikah bağladıqdan sonra iddiaçının valideynlərinə məxsus evdə yaşayırdılar. Cavabdeh fərdi işlərdə, iddiaçı isə Naxçıvan şəhər 12 saylı uşaq bağçasında dayə işləyərək ailəsini saxlayırdı. Cavabdeh 2019-cu ilin sentyabr ayında X11 rayon filialından iddiaçının adına (sabit iş yeri, əməkhaqqısı olduğu üçün) 2300 (iki min üç yüz) manat pul kredit götürdükdən sonra işləyib ailəni saxlamaq və kredit borcunu ödəmək məqsədilə Bakı şəhərinə getmişdir. Lakin cavabdeh bu günədək nə uşaqların saxlanması, nə də özü ilə apardığı kredit pulunu ödəmək üçün bir manat belə göndərməmiş və ailəsi ilə əlaqə yaratmamışdır. 2019-cu ilin oktyabr ayından etibarən hər ay iddiaçının əməkhaqqısından 92 (doxsan iki) manat pul kreditinə tutulur. Cavabdeh iki məktəbli, bir azyaşlı uşaqlarını və kredit borcunu iddiaçının üzərinə atıb getdiyi vaxtdan heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq, onların gündəlik tələbatlarını, təhsilə dair ehtiyaclarını və kredit borcunun ödənməsi üçün iddiaçının əməkhaqqısı yetərli deyil, əlavə gəliri və köməyi yoxdur. Uşaqları saxlamaq iddiaçı üçün maddi cəhətdən çox çətindir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı həyat yoldaşı Cavabdeh ilə 03 sentyabr 2003-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, birgə nikahlarından 3 övladı- 07.07.2004-cü il təvəllüdlü X4, 01.08.2007-ci il təvəllüdlü X3 və 04.01.2015-ci il təvəllüdlü X5 anadan olduğunu, evləndikdən sonra öz valideynlərinə məxsus evdə yaşadıqlarını, Vaqifin fərdi işlərlə məşğul olduğunu, özünün Naxçıvan Şəhər 12 saylı uşaq bağçasında dayə işlədiyini, 2019-cu ilin sentyabr ayında X11 rayon filialından özünün adına 2300 (iki min üç yüz) manat pul kredit götürdüklərini, həmin vaxtdan sonra Vaqifin işləyib ailəsini saxlamaq və kredit borcunu ödəmək üçün Bakı şəhərinə getdiyini, lakin bu günədək cavabdehin nə krediti ödəmədiyini, nə də uşaqlarının maddi ehtiyaclarının ödənilməsində iştirak etmədiyini, 2019-cu ilin oktyabr ayından əməkhaqqısından 92 (doxsan iki) manat kreditə pul tutulduğunu, gəlirinin kreditin ödənilməsi və uşaqlarının saxlanılması üçün yetərli olmadığını, əlavə gəliri və köməyi olmadığını, bu səbəbdən övladları 07.07.2004-cü il təvəllüdlü X4, 01.08.2007-ci il təvəllüdlü X3 və 04.01.2015-ci il təvəllüdlü X1 üçün hər birinə 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment ödəməsini istədiyini bildirərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh həyat yoldaşı Aygün ilə evləndiyi vaxtdan problemlərinin olduğunu, hazırda ayrı yaşadıqlarını, uşaqları üçün aliment ödəməyə razı olduğunu, hazırda Cahan ticarət Mərkəzində satıcı işlədiyini, aylıq əməkhaqqısının 450 (dörd yüz əlli) manat olduğunu, başqa gəlir olmadığını, həmçinin kredit ödədiyini, 1 uşaq üçün 100 (bir yüz) manat olmaqla 3 uşağa 300 (üç yüz) manat aliment ödəməyə razı olduğunu, lakin alimenti ödəyəcəyi halda kredit borcunu ödməyə maddi imkanının qalmayacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını və tərəflərin məhkəmədə verdiyi izahatları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 03 sentyabr 2003-cü ildə nikaha daxil olduqları, tərəflərin həmin nikahdan 07.07.2004-cü il təvəllüdlü X7, 01.08.2007-ci il təvəllüdlü X6 və 04.01.2015-ci il təvəllüdlü X8 adlı övladlarının doğulması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2003-cü il tarixli, İİ-AZ seriyalı, 035715 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən Cavabdeh ilə İddiaçı arasında 03 sentyabr 2003-cü il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 185 nömrə ilə qeyd edilməsi; - iş materiallarına əlavə olunmuş AA2968503 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, AZ-İV seriyalı, 627579 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 iyul 2004-cü ildə X7 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 12113161 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 20 avqust 2007-ci il tarixli, AZ-İ seriyalı, 799916 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 01 avqust 2007ci ildə X6 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 12055393 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 11 fevral 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 305452 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 04 yanvar 2015-ci ildə X8 adlı övladlarının doğulması; -iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X4, X3 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, uşaq üçün cəmi 300 (üç yüz) manat alimentin sabit pul məbləğində tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hər ay 1 uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların iddiaçının yanında qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun – yəni 100 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “02” iyun 2021-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddia tam təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -“02” iyun 2021-ci il tarixdən hesablanmaqla, 07 iyul 2004-cü il tarixdə anadan olan X4, 01 avqust 2007-ci il tarixdə anadan olan X3 və 04 yanvar 2015-ci il tarixdə anadan olan X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. “02” iyun 2021-ci il tarixdən hesablanmaqla, 07 iyul 2004-cü il tarixdə anadan olan X4, 01 avqust 2007-ci il tarixdə anadan olan X3 və 04 yanvar 2015-ci il tarixdə anadan olan X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar