Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-745/2021 29.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh sabit pul məbləğində 30.01.2013-cü il tarixində doğulmuş X3 və 27.02.2018-ci il tarixində doğulmuş X1 üçün bir uşağa 170 (bir yüz yetmiş) manat aliment olmaqla iki uşağın saxlanılmasına 340 (üç yüz qırx) manat aliment tutulub uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə 25 iyun 2012-ci il tarixində nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladı-30.01.2013-cü il təvəllüdlü X6 və 27.02.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişlər. Ailə həyatı qurandan münasibətləri normal olmuşdur. İddiaçı hal-hazırda altı aydan artıqdır ki, atasının evində yaşayır. Cavabdeh nə iddiaçı ilə, nə də uşaqlarla maraqlanmır ki, altı ayda ailəsi, uşağı nə yeyir, nə içir. İddiaçı uşaqlarını valideynlərinin sayəsində dolandırır. İddiaçı özü heç bir yerdə işləmir. Bu səbəbdən də uşaqların saxlanılması üçün cavabdehdən aliment ödənilməsini istəyir. Qanunvericiliyin tələbinə əsasən nikah pozulmadan da uşaqların saxlanılması üçün aliment tələb oluna bilər. Afiq hal-hazırda usta olaraq işləyir və yaxşı qazanc əldə edir. İddiaçı hesab edir ki, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 170 ((bir yüz yetmiş) manat olmaqla iki uşağın saxlanılmasına 340 (üç yüz qırx ) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında Cavabdeh ilə 25 iyun 2012-ci il tarixində nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından iki övladları - 30.01.2013-cü il təvəllüdlü X6 və 27.02.2018-ci il təvəllüdlü X4 doğulduğunu, cavabdehlə 6 aydır ayı yaşadıqlarını, yola gedə bilmədikləri üçün ayrıldıqlarını, cavabdehin uşaqlarla maraqlanmadığını, uşaqları ailəsinin maddi dəstəyi ilə saxladığını, özünün heç bir yerdə işləmədiyini, uşaqların ehtiyaclarının qarşılanmasında çətinlik çəkdiyini, bu səbəbdən də uşaqların saxlanılması üçün cavabdehdən aliment ödənilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında iddiaçı ilə 25 iyun 2012-ci il tarixində nikah qeydiyyatından keçməklə evləndiklərini, birgə nikahlarından iki övladları - 30.01.2013-cü il təvəllüdlü X6 və 27.02.2018-ci il təvəllüdlü X4 doğulduğunu, iddiaçı ona xəyanət etdiyi üçün ayrıldıqlarını, hazırda başqa bir qadınla ailə qurduğunu, uşaqlarının iddiaçının yanında qaldığını, iddiaçıdan boşanmaq üçün məhkəməyə müraciət etdiyini, hazırda heç bir yerdə işləmədiyini, iş olanda fəhlə kimi işlədiyini, aylıq qazancının 100-200 manat arasında olduğunu, övladlarının maddi ehtiyaclarını qarşılamaq istədiyini, lakin onlara iddiaçının istədiyi məbləğdə aliment verməyə maddi imkanının çatmadığını, uşaqlar üçün hər birinə 75 manat olmaqla ümumilikdə 150 manat aliment ödəyə biləcəyini, bundan artıq məbləğə gücünün çatmadığını, iddiaçıya ödəyəcəyi alimentin iddiaçı tərəfindən uşaqlara xərclənməyəcəyini, özünün kirayədə yaşadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını və tərəflərin məhkəmədə verdiyi izahatları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 25 iyun 2012-ci ildə nikaha daxil olması, onların birgə nikahından 30.01.2013-cü il təvəllüdlü X3 və 27.02.2018-ci il təvəllüdlü X4 anadan olması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2012-ci il tarixli, AZ-İ seriyalı, 604845 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X5 arasında 25 iyun 2012-ci il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Babayeva” soyadını seçməsi; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 mart 2013-cü il tarixli, AZ-İİ seriyalı, 852684 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 30 yanvar 2013-cü ildə X6 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 aprel 2018-ci il tarixli, AZ-İİİ seriyalı, 962282 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 27 fevral 2018-ci ildə X7 adlı övladlarının doğulması; -iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anaları, yəni iş üzrə iddiaçının yanında qalmaları aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşaq üçün cəmi 340 (üç yüz qırx) manat alimentin sabit pul məbləğində tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 1 uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 230 (iki yüz otuz) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların iddiaçının yanında qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun – yəni 115 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment tələbi hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla iki uşaq üçün 340 (üç yüz qırx) manat olsa da, məhkəmə alimentin hər uşaq üçün 170 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “08” iyun 2021-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20.29 (iyirmi manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; “08” iyun 2021-ci il tarixdən hesablanmaqla, 30 yanvar 2013-cü il tarixdə anadan olan X3 və 27 fevral 2018-ci il tarixdə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 230 (iki yüz otuz) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd olunmalı; -Cavabdeh 20.29 (iyirmi manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. “08” iyun 2021-ci il tarixdən hesablanmaqla, 30 yanvar 2013-cü il tarixdə anadan olan X3 və 27 fevral 2018-ci il tarixdə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 230 (iki yüz otuz) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 20.29 (iyirmi manat, iyirmi doqquz qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-745/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-745/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver