Məhkəmə qərarları › İş №2(078)-748/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-748/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-748/2021 08.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh 150 (bir yüz əlli) manat sabit məbləğdə alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 21 oktyabr 2009-cu il tarixdə Babək rayon Məmmədrza Dizə kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 07 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından 10 oktyabr 2010-cu il təvəllüdlü X4 adlı övladları vardır. Tərəflər arasındakı nikah qeydi cavabdehin tələbi əsasında Babək Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(079)-484/2017 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 10 oktyabr 2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında təmsil etdiyi iş üzrə İddiaçı Cavabdeh ilə 21 oktyabr 2009-cu il tarixdə Babək rayon Məmmədrza Dizə kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 10 oktyabr 2010-cu il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmiş, münasibətləri tutmadığı üçün tərəflər arasındakı nikah qeydi cavabdehin tələbi əsasında Babək Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(079)-484/2017 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 10 oktyabr 2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmışdır. Qeyd edilmişdir ki, tərəflər arasındakı nikah qeydi pozulan zaman Məhparənin Ruslandan heç bir aliment tələbi olmamış, lakin hazırda uşaq böyüdüyü üçün təbii olaraq təlabatları da artmışdır ki, təmsil etdiyi şəxs də övladının günü-gündən artan ehtiyaclarının qarşılanmasında maddi cəhətdəç çətinlik çəkir. Uşağın anasının himayəsində olduğunu, iddiaçının dediyi qədəri ilə ayrı yaşadıqları müddət ərzində cavabdehin övladı ilə maraqlanmadığını, uşağın təlabatlarının qarşılanmasında iddiaçıya heç bir formada maddi köməklik göstərmədiyini, cavabdehin Bakı şəhərində taksi fəaliyyət ilə məşğul olduğunu, buna görə də iddiaçının tələb olunana aliment məbləğini cavabdehin kifayət qədər ödəmək imkanında olduğunu bildirib iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X3 nümayəndəsi olduğu oğlu-Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən cavabdehin nümayəndəsi X3 iddianı qismən qəbul edərək verdiyi izahatında tərəflər arasındakı nikah qeydinin oğlunun tələbi əsasında pozulduğunu, bunun da səbəbinin Məhparənin Ruslana xəyanət etməsi olduğunu, buna görə də boşandıqları zaman Məhparənin Ruslandan heç bir aliment tələbinin olmadığını, oğlunun ikinci dəfə ailə qurduğunu hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu, evləndiyini, bir övladı olduğunu, hazırda onun himayəsində yaşadığını, oğlunun özünün dolandırdığını, nəvəsini bildiyi qədəri ilə babası saxladığını, iddiaçının özünün ailə qurduğunu, əlavə iki övladı olduğunu, uşağı tələb edib alacaqlarını, iddiaçı ərizədə bunun tam əksini yazsa da, cavabdehin uşağı ilə maraqlandığını, dəfələrlə ona paltar aldığını, ehtiyacları ilə maraqlandığını, təzəliklə bir telefonu özü alıb verdiyini, 100 manatdan artıq aliment ödənilməsinə ancaq imkanı çatacağını bildirib qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən olunmasını, 10 oktyabr 2010-cu il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-09.06.2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 iyun 2021-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar