Məhkəmə qərarları › İş №2(078)-828/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-828/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-828/2022 20.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən ona vurduğu 68513.54 manat məbləğində maddi və 100000 manat dəyərində mənəvi ziyanın, ümumilikdə 168513.54 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı iddianın əsasısı kimi istinad etdiyi yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması, bu səbəbdən maddi ziyan çəkməsini göstərsə də, iddia ərizəsinə yolnəqliyyat hadisəsinin baş verməsi ilə bağlı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Ona görə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar