Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-853/2025 20.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin indeksasiyasını dəyişdirməklə (azaltmaqla), 08 may 2011-ci il təvəllüdlü X9 və 01 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli miqdarında indeksasiyanın 0.50 misli miqdarınadək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahları Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 uşaqları doğulmuşdur. Uşaqları cavabdehlə yaşayır. Naxçıvan Şəhər Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsi ilə nikahları pozularkən o könüllü şəkildə 2018-ci il üçün yüksək məbləğdə, yəni bir uşağa 120 manat olmaqla 2 uşağa ümumilikdə 240 manat alimentin ödənilməsinə razılıq vermişdir. Belə ki, həmin vaxt maddi vəziyyəti buna imkan verirdi. Hansı ki, həmin vaxt əsasən aliment 60-70 manat aralarında təyin olunurdu. Həmin vaxtdan bu günədək də, alimentini qaydasında ödəyir. Cavabdeh ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət uşaqlarına təyin edilmiş cəmi 240 manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə minimum əmək haqqına indeksasiya olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsi də xx.xx.2025-ci il tarixli, 8(078)- 116/2025 nömrəli qərardadı ilə indeksasiya apararaq bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli miqdarında aliment təyin etmişdir. Bu da bir uşaq üçün 368 manat, iki uşağa cəm olaraq isə 736 manat aliment təyini deməkdir. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsində 8(078)-116/2025 nömrəli işə baxarkən verdiyi izahatında göstərir ki, “borclu (yəni mən) uşaqlarla maraqlanıram, onları məktəbə aparıb-gətirirəm, uşaqlara gündəlik pul verirəm, uşaqların əlinə pul verməsin, uşaqları pula öyrətməsin”, həmçinin onu da qeyd edir ki, "özü məktəbdə müəllim işləyir və 1000 manat əmək haqqı alır, heç vaxt borcluya (yəni mənə) deməyib ki, uşaqlara pul versin". Qeyd etmək istəyir ki, onun uşaqlarını məktəbə aparıb gətirməkdə məqsədi sinif yoldaşları qarşısında uşaqlarına atasızlığı hiss etdirməməkdir. Uşaqlarına gündəlik olaraq xərclik kimi verdiyi 1 manat isə onları pula öyrətmək yox, sinif yoldaşları məktəbin bufetində qidalanmaq üçün nəsə aldıqda onlara baxıb kədərlənməməsi, ən əsası isə nikahları pozulmuş olsa da belə hər iki valideynin, həmçinin nənə və babaların qayğısının onların üzərində olduğunu hiss etdirməkdir. Bununla da ailə qayğısı ilə əhatə olunduqlarını onlara bildirməkdir. Təbii ki, həmin gündəlik xərcləri də o, öz təlabatından kəsərək onlara verir. Həmin cüzi məbləğ onu çox da sıxıntıya salmır. Lakin yuxarıda qeyd olunan qərardadla təyin olunacaq 2 uşağa ümumilikdə 736 manat alimenti ödəmək onun imkanı xaricindədir. Belə ki onun gün ərzində işləməklə aylıq qazancı 500 manatdır. Ödəməli olduğu aliment məbləği isə 736 manatdır. O, hazırda valideynləri ilə birlikdə yaşayır və uşaqlarına gündəlik verdiyi xərclikləri əsasən valideyinlərinin pensiyasından ödəyir. Atası Nümayəndə 2-ci qrup müharibə əlili, anası X3 isə 1-ci qrup görmə əlilidir. Onların da öz müalicə xərcləri vardır. 736 manat alimenti onların yardımı ilə də ödəyə bilməyi mümkünsüzdür. Hətta Azərbaycan Respublikasında 2025-cü il üçün "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ölkə üzrə bir uşaq üçün 246 manat təşkil edir. Belə olan halda ona sabit məbləğdə uşaqların yaşayış minimumundan da yuxarı, indeksasiya adı altında bir uşaq üçün 368 manat alimentin müəyyən edilməsi onun bilərəkdən cinayət məsuliyyətinə cəlb edilməyinə səbəb olmaqdır. Belə ki, aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmə halları mövcuddur. Artıq qazanc əldə etməyə məcbur etmək neqativ halların baş verməsinə gətirib çıxara bilər. Onun səhhətində problemlər mövcuddur, İİ dərəcəli varikoz xəstəliyindən əziyyət çəkir və bütün bunlar da ona imkan vermir ki, əlavə işlərdə işləyib daha çox məvacib qazansın. Həmçinin Naxçıvan Şəhər Məhkəməsində 8(078)-116/2025 nömrəli işə baxarkən cavabdehin verdiyi izahatında "uşaqlara gündəlik xərc verməsin" ifadəsi açıq-aydın ifadə edir ki, uşaqlarının xərcliklərini də aliment şəklində alaraq öz şəxsi xərclərinə istifadə etmək niyyətindən xəbər verir. Çünki məktəblinin dərsə gedərkən cüzi miqdarda xərclik aparması bütün dövrlərdə mövcud olub və çox güman ki, bundan sonra da olacaq. Uşaqları da onun, o olmadığı vaxtlarda babalarının verdiyi 1 manat xərclikdən məhrum etməyə çalışmağın bundan başqa mənası ola bilməz. Bunlardan başqa uşaqlarının geyim əşyalarını və müalicə xərclərini də o və ya ailəsi ödəyir. Belə olan halda 1000 manat (ondan 500 manat artıq) məvacib almaqla ondan 736 manat da, aliment istəməsi onu uşaqları ilə üz-üzə qoymaqdır. Çünki 736 manat alimenti ödəyə bilmədiyi təqdirdə inzibati qaydada həbs ediləcək, yaxud da barəsində cinayət işi başlayaraq onu azadlıqdan məhrum edəcəklər. Bu da onunla cavabdeh arasında gərginlik yaradacaq ki, nəticədə də, bundan uşaqlar zərər çəkəcəklər. Bu səbəbdən də, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli miqdarında indeksasiyanın 0.50 misli miqdarınadək azaldılmasını istəyir. İddiaçı 20 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət etdiyini, hal-hazırda iddia tələbini dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin indeksasiyasını dəyişdirməklə (azaltmaqla), xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli miqdarında indeksasiyanın 0.50 misli miqdarınadək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-853/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi, iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixdə, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin indeksasiyasını dəyişdirməklə (azaltmaqla), xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli miqdarında indeksasiyanın 0.50 misli miqdarınadək azaldılması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında işsiz olduğunu, xəstə olduğunu, alimentin miqdarı çox olduğu üçün də gücünün çatmadığını, heç bir yerdən gəliri olmadığını, əlindən gəldiyi qədər uşaqlara baxdığını, başqa uşaqlardan fərqlənmələrini istəmədiyini, hər gün pul istədikləri üçün verdiyini, analarına pis rəftar etdikləri üçün cavablarını verdiyini, cavabdehdən ona köməklik etməsini xahiş etdiyini, indi də xahiş etdiyini, sağlamlıq vəziyyətinin yaxşı olmadığını, işinin də olmadığını, ayda 400 manat aliment ödəyə biləcəyini, özünün çabaladığını, əlindən gələnin artığını etdiyini, gücünün çatdığı qədər ödəniş etməyə çalışdığını, analarına qarşı elə kobud olduqlarını da bilmədiyini, üstlərinə də çox gedə bilmədiyini, elə yaş aralığındadırlar ki, özlərinə nəsə edə biləcəklərini, uşağı usta yanında sənət öyrənməsi üçün qoyduğunu, oxumadığını, oxumaq istəmədiyini, məcbur edə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında indeksasiya qərardadından şikayət vermədiklərini, ödənilən aliment məbləğinin nəvələri üçün xərcləndiyini, başqa yerə getmədiyini, özünün də çox pul ödəmək istədiyini, ancaq imkan olmadığını, həm oğlunun, həm yoldaşının, həm də özünün xəstə olduğunu, özünün əsəbdən əllərinin əsdiyini, yeridiyi yerdə yıxıldığını, indiyə kimi alimenti özünün ödədiyini, bundan sonra da özünün ödəyəcəyini, sadəcə 736 manatın çox olduğunu, 400 manat ödəniş edə biləcəklərini, evi olduğunu, onu satıb nəvələrinə ev alacağını, uşaqlara belə də əllərindən gəldiyi qədər baxdıqlarını, uşaqların hər gün onlarda qaldıqlarını, keçən günlərdən birində böyük uşağın gecə evdə yemək olmadığı üçün onlara gəldiyini, anasına qarşı davranışın düzəltməsi ilə bağlı məsləhət verdiyini, özünün həmişə cavabdehin tərəfini saxladığını, bir-iki il sonra 100 manat da artırıb 500 manat ödəniş edə biləcəklərini, ancaq hal-hazırda 400 manat ödəniş ancaq edə biləcəklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında özünün 28 yaşında dul qaldığını, evi olmadığını, kirayədə yaşadığını, müəllimə işlədiyini, 1000 manat maaş aldığını, hər gün Ordubad rayonuna gedib-gəldiyini, aldığı maaşın çox hissəsinin yol puluna getdiyini, uşaqların Ordubadda yaşamaq istəmədiklərini, çox nadinc uşaq olduqlarını, tərbiyəsiz olduqlarını, atalarından qorxduqlarını, ancaq onu saymadıqlarını, qarşı tərəfin heç nə etmədiyini, demədiyini, məktəbə özünün aparıb-gətirdiyini, əlavə maraqlandığını, özünün iddiaçıdan narazı olmadığını, iddiaçının haqlı olduğunu, ancaq atasının 3 mağazası, moykası olduğunu, iddiaçının da moykada işlədiyini, onların uşaqlarına vermək üçün pulları olmadığını, digər nəvələrinə çox da yaxşı baxdıqlarını, iddiaçının atasının neçə illərdir ev alacağını dediyini, 550 manat aylıq aliment ödəmələrinə razılaşa biləcəyini, uşaqların ona əl qaldırdığını, tərbiyəsizlik etdiklərini, “yox” sözünü başa düşmədiklərini, ancaq tələb etdiklərini, aldığı alimentin kirayə puluna getdiyini, uşaqların ikisinə də bahalı telefon aldıqlarını, özünün qanunla müəyyənləşdirilmiş qaydada aliment ödənilməsini istədiyini, 500 manat aylıq aliment ödənilməsinə razı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, iş üzrə tərəflərin 08 may 2011-ci il təvəllüdlü X9 və 01 fevral 2015-ci il təvəllüdlü X7 adlı övladlarının olması, nikah pozulduqdan sonra uşaqların ananın yanında saxlanılması, uşaqların saxlanılması üçün Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi əsasında hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə aliment məbləğinin İddiaçı Cavabdeh xeyrinə tutulmasının qət edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə qətnamə ilə uşağın saxlanılması üçün qət edilən aliment məbləğinin hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli həddində indeksasiya edilməsi işin mübahisəsiz hallarıdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli çıxarışdan iş üzrə tərəflərin 08 may 2011-ci il təvəllüdlü X9 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, AZ-İİİ seriyalı, 308501 nömrəli çıxarışdan iş üzrə tərəflərin 01 fevral 2015-ci il təvəllüdlü X7 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, AZ-İ seriyalı, 434613 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasında bağlanmış nikahın pozulması, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 oktyabr 2018-ci il tarixdə 99 nömrə ilə qeyd edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsindən İddiaçı ilə Cavabdeh arasında 12 aprel 2010cu il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 78 nömrəli nikahın pozulmasının, 08 may 2011-ci il təvəllüdlü X6 və 01 fevral 2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, İddiaçı 08 may 2018-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə alimentin tutularaq 08 may 2011-ci il təvəllüdlü X6 və 01 fevral 2015-ci il tavəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə ödənilməsinin qət edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadından Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 08 may 2011-ci il təvəllüdlü X6 və 01 fevral 2015-ci il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.92 misli miqdarında indeksasiya edilməsinin qərara alınması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən verilmiş 23 may 2025-ci il tarixli tibbi arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, Naxçıvan şəhəri, 2-ci məhəllə döngə 1, ev 1 sakini İddiaçı xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Ümumi cərrahiyyə şöbəsində ambulator olaraq cərrahi müayinədən keçmiş və onda “hər iki aşağı ətrafın venalarının varikoz” diaqnozu müəyyən olunmuşdur. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 368 manat olmaqla, iki uşaq üçün 736 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu isə işsizliyi, səhhətində problemlər olması, öz şəxsi tələbatlarını ödəyə bilməməsi kimi dəlillərlə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. İş materiallarından və iddiaçının izahatından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi əsasında aliment təyin olunan vaxt maddi vəziyyəti imkan verdiyi üçün həmin vaxt üçün yüksək olan məbləğdə aliment ödəməyə razılıq vermişdir. Hazırda isə Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan əmək müqaviləsi, pensiya və ya sosial müavinət əsasında gəlirinin olması müəyyən olunmamışdır. Bununla birlikdə Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)- 116/2025 nömrəli qərardadı ilə qət edilən alimentin məbləğinin hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.92 misli həddində indeksasiya edilməsi iddiaçının ayda 736 (yeddi yüz otuz altı) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı gəlirlərinin müəyyən edilməməsini, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın irəli sürülməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.92 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 368 manat olmaqla, iki uşaq üçün 736 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını aliment təyin edilən vaxt iddiaçının məhkəmə tərəfindən nəzərə alınan maddi vəziyyətinin hazırda mövcud olmamasını onun ailə vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh 500 manat aylıq aliment ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə yuxarıda göstərilənləri, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə 08 may 2011-ci il təvəllüdlü X6 və 01 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.58 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə 08 may 2011-ci il təvəllüdlü X6 və 01 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.58 misli həddində müəyyən edilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; -iddia qalan hissədə rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2018-ci tarixli, 2(078)-458/2018 nömrəli qətnaməsi ilə 08 may 2011-ci il təvəllüdlü X6 və 01 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(078)-116/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.58 misli həddində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-853/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-853/2025
20.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver