Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-884/2020 12.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1054/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflərin birgə nikahlarından xx xxxx 2010cu il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(078)-127/2012 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin qətnamə ilə uşağın ananın yanında saxlanılması və iddiaçıdan aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1054/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında alimentin iddiaçıdan alınaraq onun xeyrinə tutulması müəyyən edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(078)-127/2012 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin qətnamə ilə uşağın ananın yanında saxlanılması və iddiaçıdan aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Həmin vaxt gömrük orqanlarında xidmət etdiyind\n əmək haqqı yaxşı olmuş, cavabdeh bəzən 400 manata qədər aliment almışdır. Daha sonra işdən çıxarılmışdır və bundan sonra cavabdeh iddia qaldıraraq alimentin sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir. cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(078)-1054/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında alimentin iddiaçıdan alınaraq onun xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda Naxçıvan MR “xxxxxxxxxxx” Servis MMC-də çilingər vəzifəsində işləyir, əmək haqqısı 408 manatdır. İkinci dəfə ailə həyatı qurmuş, ikinci nikahından da bir övladı vardır. 408 manat əməkhaqqı ilə həm aliment ödəyir, həm də ikinci ailəsini saxlamaq məcburiyyətindədir. Hər ay cavabdehin xeyrinə 130 manat aliment ödəyir ki, bu da onu maddi cəhətdən çətinliyə salır və məhz buna görə də birinci nikahdan olan övladının saxlanılması üçün alimentin aylıq qazancına münasibətdə tutulmasını istəyir, belə ki, qazancının ¼ hissəsi 102 manat təşkil edir. Hazırki işi müvəqqəti işdir, daha çox əmək haqqı alacağı işə keçiriləcəkdir və həmin vaxt cavabdeh əmək haqqının ¼ hissəsini tələb etsə də həmin məbləği ödəməyəcəkdir. Lakin hazırda əmək haqqının ¼ hissəsini aliment keçirilərsə gələcəkdə iş yerini dəyişdirdiyi vaxt zözü yeni işi ilə bağlı arayışı ira məmuruna təqdim edərək həmin məbləğdən alimentin tutulmasını xahiş edəcəkdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh hər ay onun xeyrinə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən savayı övladının heç bir problemi ilə maraqlanmır, halbuki cavabdeh ikinci evliliyindən olan övladının qayğısına qaldığı kimi Emilyanı da ehtiyaclarını düşünməlidir. O iddiaçının ödədiyi alimentlə onların tələbatlarını qarşılaya bilmir. Uşağı saxlamaq onun olduğu qədər atasının da borcudur. Övladı xəstədir, onun bədənində şiş-vəz vardır və ildə iki dəfə xaricə müalicəyə aparır. İddiaçı bir dəfə də olsun övladının xəstəliyi ilə maraqlanmır, hətta bəzi dövlət orqanarına gedərək bildirir ki, necə uşaqdan imtina edə bilər ki, aliment ödəməsin. Əvvəl iddiaçı gömrük orqanında işlədiyi vaxt alimentlə bağlı mübahisə olmayıbdır. Lakin sonra alimenti ödəməkdə gecikdirmələri olubdur və sabit pul şəklində hər ay 130 manat aliment təyin edilibdir. Hazıda da iddiaçı oktyabr ayı üçün alimenti ödəməyibdir. Özü məktəbdə müəllim işləyir və 300 manata yaxın əmək haqqı alır. Həmin pul özünün və uşağının ehtiyacını qarşılamır. Alimentin azaldılaraq əmək haqqının ¼ hissəsi miqdarında təyin edilməsinə razı deyildir. Cavabdeh iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Naxçıvan MR “xxxxxxxxxxx” Servis MMC tərəfindən verilmiş 20 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxx” Servis MMC-də çilingər vəzifəsində işləyir və orta aylıq əmək haqqı 408 (dörd yüz səkkiz) manat təşkil edir. Belə ki, həmin əmək haqqının ¼ hissəsi 102 manat təşkil edir ki, bu da uşağın ehtiyaclarının qarşılanmasında yetərli deyil. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Ailə qanunvericiliyi həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Qanunun mənasına görə ailə vəziyyətinin dəyişilməsi dedikdə aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinin mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulmaqla bu hal aliment ödəyən yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. İddia tələbi mülki işin materialları ilə və tərəflərin izahataları ilə əlaqəli şəkildə araşdırılakən müəyyən edilmişdir ki, iddiaçının ailə vəziyyətinin dəyişilməsi və ya maddi vəziyyətinin dəyişilməsi halını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi işləməməsi, xəstə olması, digər ailəsindən olan uşağın alimentini də ödəməsi və buna görə də 250 manat məbləğində müəyyən edilmiş alimenti ödəməyə imkanının çatmaması və pulu ödəmək iqtidarında olmaması ilə bağlı dəlillərini əsassız sayır. Belə ki, bu halların sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilərkən mövcud olmuş, hazırki halda isə həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin azaldılmasına səbəb olan hər hansı hal iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə onu qeyd edir ki, iddiaçının hər ay 102 manat ödəmək istəməsi uşağın maddi təminatının ödənilməsi üçün qeyd edilən normaların tələblərinə ziddir. Alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması nə iddiaçı tərəfindən, nə də iş materiallarına əsasən sübut olunmur. Belə olan halda məhkəmə alimentin azaldılması üçün heç bir əsas görmür. Həmçinin məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğindən əmək haqqının hissəsi miqdarına keçirilməsi ilə bağlı dəyişdirilmənin olması uşağın hüquq və mənafeyi baxımından məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-884/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-884/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver