Məhkəmə qərarları › İş №2(078)-902/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-902/2023

04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-902/2023 04.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 11 iyul 2017-ci il təvəllüdlü X1 və 17 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o Cavabdeh ilə 2016-cı ildə evlənib 23 iyun 2017-ci ildə rəsmi nikah qeydiyyatından keçmişdirlər. Birgə nikahdan 11 iyul 2017-ci il təvəllüdlü X3 və 17 fevral 2021-ci il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Cavabdeh ilə yola getmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 19 sentyabr 2022-ci ildə aliment tələbi ilə X4 müraciət etmişdir. Orada Cavabdeh iki uşağa ümumilikdə 250 manat aliment ödəyəcəyi barədə söz verdiyindən onunla razılığa gəlmişdir. Mediasiya təşkilatında tərəflər arasında barışıq sazişi bağlanmışdır. Həmin tarixdən sonra cavabdeh bir dəfə 250, bir dəfə də 240 manat aliment ödəmişdir. Daha sonra bir manat da olsun aliment ödəməmişdir. Dəfələrlə telefon vasitəsilə alimenti tələb etsə də qəti olaraq verməyəcəyini bildirmiş və bir dəfə olsun övladlarının maddi durumu ilə maraqlanmamışdır. O, özü işləmir. Uşaqlarının geyimi, qidası və digər xərclərini valideynləri çəkir. Onların saxlanılmasında çox çətinlik çəkir. Bu səbəbdən də onların saxlanması üçün hər ay hər bir uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit məbləğdə aliment alınıb verilməsini istəyir. Belə ki, Allahverdi türkiyədə işləyərək yaxşı qazanc əldə edir. Hesab edir ki, bu alimentin məbləği onun üçün çətinlik yaratmayacaqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında artıq cavabdehlə medaisiyada bağlanmış barışıq sazişində nəzərdə tutulan məbləğdə alimentlə razı olmadığını, ona görə də yenidən mediasiyaya müraciət edərək yeni məbləğdə aliment tələb etdiyini, ancaq həmin mediasiya prosesində cavabdehin iştirak etmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında 23 iyun 2017-ci ildə iddiaçı ilə rəsmi nikaha daxil olaraq evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə 11 iyul 2017ci il təvəllüdlü X3 və 17 fevral 2021-ci il təvəllüdlü X6 olmaqla 2 uşaqlarının doğulduğunu, iddiaçı ilə yola gedə bilmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, uşaqların da iddiaçının yanında qalmasının müəyyən edildiyini, uşaqların saxlanılması üçün aliment ödəməyə razı olduğunu, lakin iddiaçının tələb etdiyi məbləğin hamısını ödəyə bilməyəciyini, qanunvericiliyin tələbinə uyğun məbləğdə aliment kəsilməsini istədiyini, onun da maddi vəziyyətinin nəzərə alınmalı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin arasında 23 iyun 2017-ci il tarixdə nikahın bağlanması, onların birgə nikahından 11 iyul 2017-ci il təvəllüdlü X3 və 17 fevral 2021-ci il təvəllüdlü X6 adlı övladlarının doğulması, tərəflərin arsasındakı nikahın pozulması və onların birgə nikahdan doğulan uşaqların iddiaçının yanında saxlanılması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-71/2023 nömrəli qətnaməsindən iş üzrə tərəflərin arasında Naxçıvan Şəhər Nikah Evində 23 iyun 2017-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 193 nömrə ilə qeyd edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 27 noyabr 2018-ci il tarixli, AZ-İlİ seriyalı, 965956 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 11 iyul 2017-ci il təvəllüdlü X3 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, AZ-İV seriyalı, 627415 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 17 fevral 2021-ci il təvəllüdlü X6 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-71/2023 nömrəli qətnaməsindən iş üzrə tərəflərin arasında 23 iyun 2017-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış 193 nömrəli nikahın pozulması və nikah pozulduqdan sonra 11 iyul 2017-ci il təvəllüdlü X3 və 17 fevral 2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmasının qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-71/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən sabit məbləğdə hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa birlikdə cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların iddiaçının yanında qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi bir uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin qeyd olunan məbləğdə təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 06 iyun 2023-cü il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60.40 (altmış manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -06 iyun 2023-cü il tarixdən hesablanmaqla, 11 iyul 2017-ci il təvəllüdlü X1 və 17 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -Cavabdeh 60.40 (altmış manat qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 06 iyun 2023-cü il tarixdən hesablanmaqla, 11 iyul 2017-ci il təvəllüdlü X1 və 17 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 60.40 (altmış manat qırx qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar