Məhkəmə qərarları › İş №2(078)-929/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-929/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-929/2023 09.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X5, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X6 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarındakı 07 iyun 2007-ci il tarixli Naxçıvan Şəhər Nikah Evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X8 onun, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X12 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X7 anasının yanında qalması qət edilmişdir. Həmin qətnamədən o Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsi ilə uşaqların 3-ü də ona verilmişdir. Bu qətnamədən cavabdeh şikayəti üzrə kassasiya qaydasında Ali məhkəmədə baxılmış və 2(102)-2106/2022 saylı X18 Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Beləliklə uşaqların üçü də onun yanında saxlanılmışdır. Hazırda uşaqların təhsil, qidalanma, geyim və repetitor xərclərini, pensiyaçı olaraq qarşılaya bilmədiyi üçün Azərbaycan Respublikasının AM-nin 75-ci maddəsinin tələblərinə əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqları üçün uşaqlara az da olsa aliment təyin olunmuşdur. Bu günə kimi cavabdeh qismən ödəniş etmişdir. Uşaqların əlavə təhsili, sağlamlığı üçün ümumilikdə 2340 manat vəsait sərf etmişdir. Bu xərclərə uşaqların ötən müddətdə sağlamlıqlarının bərpası üçün xəstəxanaya və apteklərə ödədiyi 126.31 manat, talona 50 manat, psixoloqa 230 manat, Manafın repetitor müəlliminə 120 manat (qəbzlə ödədiyi), Fatimə və Aysunun hazırlıq xərcləri, Aysunun musiqi təhsili üçün Qanon aləti 430 manat olmaqla, cəmi 956.31 manatdır. Həmçinin göstərilən müayinə və müalicələr nəticə vermədiyindən 23-25 mart 2023-cü il tarixlərdə Fatimə, Aysu və Manafın Türkiyə Respublikasının Ərzurum şəhəri Atatürk Universiteti Araştırma Xəstəxanasında və Buxara Xəstəxanasında müayinə və müalicə olunmaq üçün çəkilən xərcləri, yəni, şəxsi avtomobillə Naxçıvan şəhərindən İğdır şəhərinə getmək və qayıtmaq üçün avtomobilə benzin yanacağı 30 manat, avtomobilin xarici ölkəyə çıxışı üçün yaşıl sığorta xərci 17 manat, İğdır şəhərindən Ərzurum şəhərinə avtobusa bilet 68 manat (750 tl), ərzurum şəhərindən İğdır şəhərinə avtobusa bilet 50 manat (550 tl), Ərzurum şəhərində 2 günlük otel xərci 264 manat (2920 tl), Atatürk xəstəxanası Manaf və Aysu üçün müayinə xərci 88 manat (964 tl), X11 üçün müayinə xərci 504 manat (5570 tl), yazılan resept üzrə dərmanların xərci 109 manat (1200 tl) olmaqla, cəmi 1130 manatdır. Əlavə xərclər bələdçi 19 manat (200 tl), taksi 19 manat (200 tl), şəhər içi avtobus 11 manat (120 tl), günorta və axşam yeməyi 145 manat (1600 tl) olmaqla, cəmi 194 manatdır. Bunlar cəmi 1324 manat, ümumilikdə çəkilən xərc isə 2340 manatdır. Bu xərclərin yarısının cavabdehdən tutulmalı olduğunu hesab edir. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, cavabdeh X3 qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə tələbinin həcminin artırılmasını istədiyini qeyd edərək xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun cavabdeh X2 alınaraq ona verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-929/2023 saylı qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi, iddia tələbinə iddiaçının cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X5, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X6 və 28 mart 2014-cü ildə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək, onlara sərf olunmuş məbləğin yarısının yəni 1170 (min yüz yetmiş) manat vəsaitin və xx.xx.2023-cü il tarixli mədaxil orderində göstərilən sənədlərin tərcümə olunması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun cavabdeh X2 alınaraq ona verilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş 11 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə İddiaçı tərəfindən ona qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilmə tələbinə dair iddia ərizəsi daxil olduğunu, iddia ərizəsinə etiraz olaraq iddiaçının 2 il yarım, nikah müddətində əldə etdikləri daşınar və daşınmaz əmlakların ona düşən 1/2 payından istifadə edərək kifayət qədər kirayədən pullar əldə etdiyini, uşaqlarının ondan zorla alınmasından sonra hər zaman, hər an bir ana olaraq övladlarının mənafeyini hər şeydən üstün tutduğunu, bununla bağlı heç bir iş yeri, gəlir yeri, yaşayış yeri olmamağına rəğmən mənzillərə həbs qoymaq tələbini irəli kirayədən gələn pulların övladlarının ehtiyaclarına xərclənməsi üçün sürmədiyini, bundan əlavə ona ayrılan aliment miqdarını qismən də olsa ödədiyini, indi iddiaçı ondan benzin pulu istədiyini, halbuki istifadə etdiyi avtomobil üzərinə də həbs qoyulmadığını, neçə dəfə uşaqları tələb etsə də hər etirazında maddi vəziyyətinin buna imkan verməməsini, uşaqların ehtiyaclarını ödəyəcək imkanının olmamasını irəli sürdüyünü, məhkəmədən bir ana, bir qadın kimi yuxarıdakıları və maddi vəziyyətini nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı tərəfindən izahat təqdim olunmuşdur. İzahatda Cavabdeh ilə birgə nikahdan olan övladları Fatimə, Aysu və Manafın saxlanılması üçün Cavabdeh dəstək olmasını dəfələrlə təklif etsə də onun imtina etdiyini, dövlət tərəfindən təyin olunmuş alimenti ödəməkdən boyun qaçırdığını, əlavə xərclərdə iştirakı üçün Dövlət Mediasiya Xidməti vasitəsilə təklif göndərsə də nəticəsinin olmadığını, uşaqlarda nikahın pozulması və yaşadıqlarından hər birində yaranan xəstəliklərin (oğlu Manafın gözündə quruluq səbəbindən yaranan yaranın davamlı müalicəsi, qızı Fatimənin ağciyər nəfəs borusunda allergiya səbəbindən çoxlu asqırma, ayaqlarında revmotizma və Raynaud sindromu xəstəliyindən, qızı Aysuda yastı pəncəlikdən əziyyət çəkməsi) davamlı müayinə və müalicəsi üçün olan xərcləri çatdıra bilmədiyini, üç uşağın qida, təhsil, repetitor, geyim və sağlamlıqları üçün tələb olunan vəsaitin imkanı xaricində olduğunu, məhkəməyə təqdim etdiklərinin xərclərin bir qismi olduğunu, uşaqdan ayrı qalan valideyn Cavabdeh uşaqların sağlamlıq və digər tələb olunan xərclərdə iştirakını ötən müddətdə könüllü olaraq təmin etməsinin mümkün olmadığını, ona görə də məhkəmə tərəfindən həmin xərclərin yarısının cavabdehdən alınması üçün qərar çıxarılmasını xahiş etmişdir. Keçirilmiş məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında uşaqlarının hüquqlarının təmin edilməsini istədiyini, X6 anasının yanında qaldığı 1 il müddətində təhsildən yayındığını, cavabdehin uşağın atasını və bacısını görməsin deyə məktəbə getməyə qoymadığını, bu səbəbdən X6 intellektual səviyyəsinin aşağı düşdüyünü, X12 ona verildikdən sonra heç olmasa bir peşəsinin olması üçün musiqi məktəbinə qoymağa məcbur olduğunu, anasının yanında qaldığı müddət ərzində aldığı psixoloji təzyiqlərə görə uşağın gündəlik dərslərdə yaxşı qiymət aldığını ancaq imtahanlarda nəticə göstərə bilmədiyini, qızı Fatimənin Buxara xəstəxanasında verdiyi qan analizinin nəticəsi üçün oteldə qaldıqlarını, ən ucuz oteldə qaldıqlarını, digər otellərin çox baha olduğunu, ancaq qalmağa başqa yerlərinin olmadığı üçün məcbur oteldə qaldıqlarını, Aysunun burada aldığı müalicə fayda vermədiyi üçün Buxara xəstəxanasına apardıqlarını, müalicənin hələ də davam etdiyini, birdəfəlik proses olmadığını, Fatimənin 5 fəndən hazırlığa getdiyini, hər bir hazırlığa görə 40 manat ödədiyini, yaxşı oxuduğunu, sağlamlıq cəhətdən də problemləri olduğu üçün həm təhsilinə, həm də sağlamlığına maddi vəziyyətinin kifayət etmədiyini, qəbzlərdən gətirə biləcəklərini təqdim etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin arasında nikahın pozulması, onların birgə nikahından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X5, 01 aprel 2010-cu il təvəllüdlü X6 və 28 mart 2014-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında saxlanılmaları və onların saxlanılması üçün Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa görə 80 (səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq İddiaçı ödənilməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən birgə nikahdan doğulmuş 01 aprel 2010-cu il təvəllüdlü X6 və 28 mart 2014-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında saxlanılmalarının qət olunması; -iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızından hər bir uşağa görə 80 (səksən) manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay tutularaq birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X5, 01 aprel 2010-cu il təvəllüdlü X6 və 28 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsinin qət olunması; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 1723 nömrəli fakturadan İddiaçı tərəfindən “X19”ə 550 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X7 İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X5 İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X6 İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan İddiaçı İğdırdan Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərnişin minik talonundan X9 Ərzuruma getməsi üçün 150 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X6 müalicə xərci üçün Atatürk Universiteti Araşdırma Xəstəxanasına 482.30 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X6 müalicəsi üçün elmi işçiyə əlavə ödəniş olaraq Atatürk Universiteti Araşdırma Xəstəxanasına 175 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X7 müalicə xərci üçün Atatürk Universiteti Araşdırma Xəstəxanasına 482.30 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mühasibin əmanət qəbzindən X7 müalicəsi üçün elmi işçiyə əlavə ödəniş olaraq Atatürk Universiteti Araşdırma Xəstəxanasına 175 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli fakturadan X5 qulaq-burunboğaz xəstəlikləri müayinəsi üçün Buxara Xəstəxanasına 870 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli fakturadan X5 müalicəsi üçün Buxara Xəstəxanasına ümumilikdə 4700 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 0005 nömrəli qəbzdən “ATA Otel”ə 1460 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 0011 nömrəli qəbzdən “ATA Otel”ə 1460 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 0025 nömrəli qəbzdən “Atatürk Bulvarı”na 5570 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 28 nömrəli qəbzdən “Küçükbey Əczəxanası”na 1200 tl ödənilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 130493 nömrəli kassa mədaxil orderinin qəbzindən İddiaçı tərəfindən “X13” MMC-yə 120 manat ödənilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, yuxarıda qeyd olunan qətnamələr ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İddiaçının cavabdehlə birgə nikahdan doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X5, 01 aprel 2010-cu il tarixdə anadan olmuş X6 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1, təhsili və sağlamlığı üçün sərf olunan 2340 (iki min üç yüz qırx) manat əlavə xərclərə cəlb edilərək onlara sərf olunmuş məbləğin yarısının, yəni 1170 (min yüz yetmiş) manat vəsaitin cavabdehdən tutulmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi qanunvericiliyə əsasən valideynin uşaq üçün əlavə xərclərin ödənilməsinə cəlb olunması üçün bir sıra tələblər mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı övladlarının xəstəliyi və müalicə xərclərində cavabdehin iştirak etməli olduğunu qeyd etsə də, uşaqların müayinə və müalicə olunmaları ilə bağlı bir sıra sənədlər məhkəməyə təqdim etsə də, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ailə qanunvericiliyində nəzərdə tutulmuş qaydada ağır xəstəliyi ilə bağlı məcburi müalicə təyin edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı uşaqların ağır xəstəliyi ilə bağlı məcburi müalicə olunmaları ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında həmçinin göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Qeyd olunanlardan göründüyü kimi ölkə ərazisində tam orta təhsil pulsuz olduğundan iddiaçı tərəfindən musiqi təhsili alınması ilə bağlı musiqi alətinin alınması həmçinin uşaqların dərsdən əlavə olaraq repetitor yanına hazırlığa getməsi xərcləri cavabdehdən tələb oluna bilməz. Qanunvericiliyin tələbinə əsasən qeyd oluna xərclər uşağından ayrı yaşayan valideyndən tələb olunacaq əlavə xərclərə aid deyildir. İş materiallarına əlavə edilmiş qətnamədən də göründüyü kimi cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdeh X3 qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdeh X3 qarşı uşaqdan ayrı yaşayan valideynin məcburi xərclərə cəlb edilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar