Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-967/2025 01.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh sabit məbləğdə hər ay 246 manat alimentin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 2011-ci ilin noyabrında ailə qurmuş, 15 mart 2012-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçmişlər və bu barədə nikah akt qeydləri kitabında 64 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahından 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X4 adlı 3 övladı var. Tərəflər arasındakı nikah qeydi pozulmamışdır. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 15 mart 2012-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X4 adlı 3 övladı var.Qabil ilə ailə münasibətlərinin əvvəllər normal olduğunu,lakin son 1 il yarım olar ki, ailədə soyuqluq yarandığını bildirmişdir.Qabil bir il yarım müddətdə ona qarşı başqa qadınlarla xəyanət etməyə başlamış, demək olar ki, hər gün spirtli içki qəbul edərək gecə gec saatlarda sərxoş vəziyyətdə evə gəldiyini və övladlarının gözü önündə döyüb-söyüb bir qadın kimi qürurunu alçaltdığını bildirmişdir.Bu kimi səbəblərdən də aralarında tez-tez mübahisələr yarandığını bildirmişdir.Sonuncu dəfə 03 may 2025-ci il tarixdə Qabilin yenə evə sərxoş vəziyyətdə gəlib onu döyüb xəsarət yetirdiyi üçün xəstəxanaya getdiyini,bundan xəbər tutan polis nəfərlərinin də oraya gəldiyini,lakin övladlarına görə şikayətçi olmadığını bildirib.Cavabdehlə elə həmin müddətdən-03 may 2025-ci il tarixdən etibarən ayrı yaşayır, 3 nəfər övladı ilə birlikdə kirayədə yaşayır.Ayrı yaşadıqları bu müddətdə Qabilin bir dəfə də olsun uşaqlara hər hansı maddi köməklik göstərmədiyini, özünün isə hər hansı bir yerdə işləmədiyini, tək qadın olaraq uşaqların zəruri tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin isə evlərini sataraq bir hissəsinə avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olduğunu, digər hissəsini isə faizə verib əlavə qazanc əldə etdiyini bildirərək, uşaqların tələbatını ödəməyə imkanı olduğunu demişdir. Bu səbəblərə görə də övladlarının saxlanılması, inkişafı və gələcəyi üçün iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin, toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən olunmasını, 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində olmasını, uşaqların xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq, cavabdehdən hər ay sabit məbləğdə-bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, üç uşaq üçün ümumilikdə 420 (dörd yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, üç uşaq üçün, ümumilikdə, 420 (dörd yüz iyirmi) manat miqdarında aliment tutularaq, 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən cavabdehin kifayət qədər qazancı olmasına dair iddiaçının hər hansı sübut təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 100 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,25 mislində (400 x 0,25 = 100 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Beləliklə məhkəmə belə hesab edir ki, alimentin tutulmasına dair iddiaçının ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən müəyyən edilən alimentin miqdarı 2025-ci il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X1 anası İddiaçı himayəsində yaşamasını, həyat şərtlərinə uyğun gündəlik tələbatlarının artdığı nəzərə aldıqda, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmasını ağlabatan hesab edir. Qalan hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər qazancı olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə, iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, Cavabdeh 70.4 (yetmiş manat qırx qəpik) manat (420 x12 ay=5040 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30 + qalan məbləğin 1%, yəni 70.4 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyun 2025-ci il tarixdən başlayaraq, 23 avqust 2012-ci il təvəllüdlü X3, 19 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 mart 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, 70.4 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-967/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-967/2025
01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver