Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-975/2023 04.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 12 yanvar 2018-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub. Tərəflərin birgə nikahından 12 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı övladı var. Babək Rayon Məhkəməsinin 2(079)-31/2020 nömrəli 02 mart 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 12 oktyabr 2018-ci il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat aliment müəyyən olunmuşdur. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 12 yanvar 2018-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların 12 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı övladları var. Babək Rayon Məhkəməsinin 2(079)-31/2020 nömrəli 02 mart 2020-ci il tarixli qətnaməsi ilə qızı X2 100 manat aliment ödənilirdi. Səhhəti ilə bağlı Türkiyə Respublikasına getməli olmuş, buna görə də uşaq üçün atası etibarnamə verməli idi. Cavabdeh ona “Sən aliment tələbindən imtina et mən övladımın Türkiyə Respublikasına getməyinə icazə verim” demiş, o da məcbur qalaraq alimentdən imtina etmişdir. Övladının saxlanılmasında çox çətinlik çəkdiyini, qızı məktəbə gedəcəyindən təlabatlarının da artdığını, özünün heç yerdə işləmədiyini, heç bir yerdən əlavə gəlirinin olmadığını, valideyinlərinin köməyi ilə uşağın ehtiyaclarını təmin etməyə çalışdığını bildirmiş və sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı qəbul etməyib bildirmişdir ki, hazırda işləmir. Səhhətində cidd problem var və işləyə bilmir. 2-ci dəfə ailə qurub və ikinci nikahdan iki övladı var. Atası onlara maddi dəstək olur. İşsiz kimi qeydiyyatdadır. İddiaçı özü alimentdən imtina edib. Bu barədə notarial qaydada ərizəsi var. Ərizədə də göstərib ki, gələcəkdə aliment tələb etməyəcək. Lakin indi aliment tələb edir və bu əsassızdır. İddiaçının maddi imkanı normaldır, özünə yeni avtomobil alıbdır. Aliment müəyyən olunacağı təqdirdə o, ancaq 100 manat aliment ödəyə bilər. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən olunmasını, 12 oktyabr 2018-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində olmasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə 160 (bir yüz altmış) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə 160 (bir yüz altmış) manat miqdarında aliment tutularaq 12 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən cavabdehin kifayət qədər qazancı olmasına dair iddiaçının hər hansı sübut təqdim etmədiyini nəzərə alır. Məhkəmə cavabdehin aliment ödənilməsinə dair etirazından bidirdiyi halları və təqdim etdiyi sənədləri alimentin təyin edilməməsinə və ya az təyin edilməsinə əsas verən hal hesab etmir. Belə ki, iddiaçının aliment tələbindən imtinası gələcəkdə aliment tələbi ilə bağlı məhkəməyə müraciətini istisna etmir. Eləcə də cavabdehin ikinci dəfə ailə qurması və evlilikdən iki övladı olması, işləməməsi, iddiaçının maddi imkanının normal olması onun birinci evlilikdən olan övladını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq Cavabdeh 39.2 (otuz doqquz manat iyirmi qəpik) manat (160 manat x12 ay=1920 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 9.2 manat= 39.2 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 iyun 2023-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə 160 (bir yüz altmış) manat miqdarında aliment tutularaq 12 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 39.2 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-975/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-975/2023
04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver