Məhkəmə qərarları › İş №2(078)-988/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-988/2022

27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-988/2022 27.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 04 iyul 2010-cu il təvəllüdlü X1 və 07 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit məbləğdə hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 21 yanvar 2010-cu il tarixdə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 09 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından 04 iyul 2010-cu il təvəllüdlü X3 və 07 dekabr 2011-ci il təvəllüdlü X4 adlı övladları vardır. Tərəflər arasındakı nikah qeydi Babək Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli 2(079)-24/2016 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 04 iyul 2010-cu il təvəllüdlü X3 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək 23 noyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 80 (səksən) manat sabit pul mələğində alimentin tutulması qət edilmişdir. 07 dekabr 2011-ci il tarixdə doğulmuş Yusifin doğum akt qeydində soyadı Mirzəyev deyil, Nağıyev kimi qeyd olunduğundan və sözügedən akt qeydinin etibarsız hesab olunması barədə müvafiq orqana müraciət etməli olduğundan qətnamədə Yusifin saxlanılması üçün alimentə münasibət bildirilməmişdir. İddiaçının izahatından aydın olur ki, o övladı Nuray üçün təyin edilən alimentdən icra orqanında imtina etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında Cavabdeh ilə 21 yanvar 2010-cu il tarixdə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, onların nikahlarından 04 iyul 2010-cu il təvəllüdlü X3 və 07 dekabr 2011-ci il təvəllüdlü X4 adlı övladlarının dünyaya gəldiyini, yola gedə bilmədikləri üçün onun tələbi əsasında Babək Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli 2(079)-24/2016 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 04 iyul 2010-cu il təvəllüdlü X3 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək 23 noyabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 80 (səksən) manat sabit pul mələğində alimentin tutulması qət edilmişdir. 07 dekabr 2011-ci il tarixdə doğulmuş Yusifin doğum akt qeydində soyadı Mirzəyev deyil, Nağıyev kimi qeyd olunduğundan və sözügedən akt qeydinin etibarsız hesab olunması barədə müvafiq orqana müraciət etməli olduğundan qətnamədə Yusifin saxlanılması üçün alimentə münasibət bildirilməmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdehin uşaqların təlabatlarının qarşılanmasında ona heç bir formada maddi köməklik göstərmədiyini, məhkəmə qətnaməsində göstərilmiş alimenti də ödəmədiyini, buna görə də icra şöbəsinə ərizə ilə müraciət edərək alimentdən imtina etdiyini və icra sənədi üzrə icraata xitam verildiyini, cavabdehin fərdi işlə məşğul olduğunu, lakin harada işləməsi barədə məlumatının olmadığını, tələb olunan aliment məbləğini ödəməyə cavabdehin imkanı çatacağını zənn etdiyini, özünün kişi saç ustası işlədiyini, uşaqlar böyüdüyü üçün təlabatlarının da artdığını, qazancı ilə günün tələbləri baxımından övladlarının ehtiyaclarını tam şəkildə qarşılaya bilmədiyini bildirib iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək 04 iyul 2010-cu il təvəllüdlü X1 və 07 dekabr 2011-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment tutularaq 04 iyul 2010-cu il təvəllüdlü X1 və 07 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən cavabdehin kifayət qədər qazancı olmasına dair iddiaçının hər hansı sübut təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 01 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment tutularaq 04 iyul 2010-cu il təvəllüdlü X1 və 07 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 21.75 (iyirmi bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar