Məhkəmə qərarları › İş №2(078)-992/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-992/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-992/2020 09.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Bağırova İddiaçı və Cavabdeh iştirakı ilə iddiaçı Bağırova İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : Bağırova İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Bağırov Zöhrab Həsən oğlunun və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər bir uşağa hər ay sabit məbləğ olaraq 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən Bağırova İddiaçı iddianı müdafiə edərək, cavabdehlə nikahlarının məhkəmə qaydasında pozulduğunu, iki uşağın saxlanması üçün hər uşağa 130 manat aliment təyin olunduğunu, sonradan barışdıqları üçün alimet tələbindən imtina etdiyini, yenidən ayrıldıqlarını, anasına məxsus evdə iki uşağı ilə qaldığını, anasının xadimə işlədiyini, övladı Zöhrabın xəstə olduğunu, uşaqlara baxdığı üçün işləyə bilmədiyini, qazancının olmadığını, maddi imkanı olmadığı üçün uşağını həkimə apara bilmədiyini, heç bir müalicəsini vaxtında apara bilmədiyini, cavabdehin bir ata kimin övladlarının heç bir tələbatını ödəmədiyini, onlarla maraqlanmadığını, məcbur qalıb məhkəməyə müraciət etdiyini, iddiasının təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçı ilə boşandıqlarını, alimentin məbləğinin çox olması səbəbindən ödəyə bilməyib yenidən barışdığını, sonradan yaşaya bilmədiklərini, 3 ay olar ki, ayrı yaşadığını, uşaqlarının isə analarının yanında qaldıqlarını, hazırda iki övladına ayda cəmi 200 manat aliment ödəməyə imkanını olduğunu, uşağının səhhətində problemlər olduğunu, ayda 5 manatlıq dərman istifadə olunduğunu, Sement zavodda işləmədiyini, 600 manat əmək haqqı aldığını, banka kredet borcunun olduğunu, ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanının çatmadığını, özünün yalnız yaşadığını, uşağının ciddi xəstəliyinin olmadığını, ayda iki övladı üçün cəmi 200 manat aliment ödəyə biləcəyini, əlavə qazancının olmadığını, maddi vəziyyətini nəzərə alıb ödəyə biləcəyi miqdarda alimentin qət olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: AZ-İİİ seriyalı, 309843 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, iş üzrə tərəflərin xx xxxxxx 2015-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. AZ-İİİ seriyalı, 081342 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, iş üzrə tərəflərin xx xxxxxx 2013-cü il tarixdə Bağırov Zöhrab Həsən oğlu adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmənin qənaətinə görə, bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa MəhkəməsiElsholzun işi üzrə qeyd etmişdir ki, “uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür”... ( Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. (Bronda, 59) ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq, konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə, müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi yuxarıda sadalanan bütün qanunvericilik normaları uşağın üstün maraqlarını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında həmçinin qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşağa 130(yüz otuz) manat olmaqla, iki uşağa görə cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Bağırov Zöhrab Həsən oğlunun və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Bağırova İddiaçı ödənilməsi məqsədə uyğundur. Belə ki, iş üzrə sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Bağırov Zöhrab Həsən oğlunun və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X3 adlı uşaqları doğulmuşdur.İş üzrə tərəflərin yetkinlik yaşına çatmayan uşaqları anaları- iş üzrə iddiaçı ilə birlikdə yaşayırlar. Həmçinin iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyən edilməlidir. İddia qismən təmin edilərkən o da nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 22.94 (iyirmi iki manat doxsan dörd qəpik) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşağa 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa görə cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Bağırov Zöhrab Həsən oğlunun və xx xxxxxx 2015ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları Bağırova İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 22.94 (iyirmi iki manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar