Məhkəmə qərarları › İş №2(078)-992/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-992/2022

08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-992/2022 08.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin yolverilməzliyə görə qəbul etməkdən imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı cavabdehlər X1 Mərkəzinə və Naxçıvan MR Hərbi Hospitalına (205 nömrəli hərbi hissə) qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 Mərkəzindən və Naxçıvan MR Hərbi Hospitalından (205 nömrəli hərbi hissə) sağlamlığına vurduqları ziyana görə 60000 (altmış min) ABŞ dolları pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqan hesab edilir. İddia ərizəsindən aydın olur ki, iddiaçının sağlamlığının pozulması bilavasitə Hərbi Həkim Komissiyasının qərarında qeyd edilən diaqnoz nəticəsində baş vermişdir və onun müalicə və müayinələri Naxçıvan MR Hərbi Hospitalında aparılmışdır. Naxçıvan MR Diaqnostika Mərkəzinin müayinəsi nəticəsində ona birbaşa müalicə təyin edilməmiş, həmin Mərkəzin həkimləri tərəfindən onun sağlamlığının pozulmasına səbəb hər hansı hərəkət və ya hərəkətsizlik edilməmişdir. İddiaçının müalicə olunduğu müəssisə iddia ərizəsində və ona əlavə edilən sənədlərdə birbaşa göstərildiyi kimi Naxçıvan MR Hərbi Hospitalı olmuşdur. Buna görə də işin halları hazırki tələbin ümumi məhkəmələrdə baxılmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırki tələbi inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilikdə mübahisənin məhkəmə aidiyyətinə görə geri qaytarılması da Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul edilməkdən imtina edilməsi iddiaçıyə həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər X1 Mərkəzinə və Naxçıvan MR Hərbi Hospitalına (205 nömrəli hərbi hissə) qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər rəsmi qaydada iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq qaydada inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar